Bakı Təşəbbüs Qrupu “Asiyanın ürəyi”ndə köləliyə nifrət oyatdı

post-img

Heç kəsin yadından çıxmayıb. Bir neçə il əvvəl Türkiyə Cümhuriyyəti rəhbərliyinin təşəbbü­sü ilə keçirilən “İstanbul – Asiyanın ürəyi” adlı beynəlxalq konfrans sonralar eynilə “Bakı prosesi” kimi Avrasiyanın müxtəlif paytaxtlarına yol açmışdı. Həmin tədbirlərdə Əfqanıstan prob­lemi, Fələstin münaqişəsi və Şərq ölkələrinin han­sınısa narahat edən, daha doğrusu, həllini göz­ləyən müşküllər müzakirə olunmuş və müvafiq qərarlar qəbul edilmişdi. 

Sonra bu şəhərdə təşkil olunan “Qüds: Vəhyin müqəddəsləşdirdiyi şəhər” mövzusunda beynəlxalq konfrans İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin hamısının böyük marağına səbəb olmuşdu. Biz məmnunuq ki, Azərbaycan həm “Asiyanın ürəyi” konfransında, həm də Qüdslə bağlı beynəlxalq müza­kirələrdə kifayət qədər fəal iştirak etmişdir. 

Son günlər isə qardaş ölkənin bu qaynar ictimai-si­yasi proseslərlə zəngin olan şəhərində Bakı təşəb­büs qrupunun fəaliyyətinin beynəlmiləlləşdirilməsi istiqamətində möhtəşəm addım atılmışdır. Xatırladaq ki, Bakı Təşəbbüs Qrupu Fransa müstəmləkəsi altın­da yaşayan xalqlarla həmrəyliyini ifadə edir, onların azadlığı və müstəqilliyi uğrunda mübarizəsinə hər za­man dəstək verəcəyini bildirir. Bu mübarizəyə dəstək məqsədi daşıyan qrup ötən il iyulun 6-da Bakıda Qo­şulmama Hərəkatının Əlaqələndirmə Ofisinin nazirlər toplantısı çərçivəsində yaradılıb. Kütləvi informasiya vasitələrinin yazdığı kimi, üç gün əvvəl İstanbulda bi­lavasitə adı çəkilən qrupun təşkilatçılığı ilə “Dekolo­nizasiya: İntibah dövrünün başlanğıcı” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Bu, həmin qrupun yeddinci tədbiri idi.

Ekspertlərin fikrincə, bu tədbirin adındakı “İn­tibah dövrünün başlanğıcı” ifadəsi, əslində, siya­si proseslərin bumeranq effekti verməsinə işarə­dir. Çünki əsrlər boyu özünü “intibahın mərkəzi” adlandırmağa çalışan Fransa, əslində, xalqların və dövlətlərin intibahına hədsiz dərəcədə ağır zərbələr vurmuşdur. XXI əsrin üçüncü onilliyi­nin də yarı olması ərəfəsində hansısa dövləti müstəmləkə kimi saxlayaraq, ölkənin təbii sər­vətlərinin talanması, xalqların insan hüquqları­nın bütün təməl prinsiplərindən məhrum edil­məsi, azadlıq mücadiləsinə qalxmaq istəyənlərin dünyanın gözü qabağında qırılıb məhv edilməsi məhz Fransanın müasir reallıqlarıdır. 

Hələ bu harasıdır? Rəsmi Parisin Afrika və Asiyanın bir növ gözdən iraq ölkələrində törə­dilən vəhşilikləri bir yana, son otuz ildə bütün Avrasiyanın diqqət mərkəzində olan Cənubi Qafqazda da haqsızlıq və ədalətsizliklər seriya­sına imza atmışdır. Özünü ATƏT-in keçmiş Dağ­lıq Qarabağ münaqişəsinin həlli üçün yaratdığı Minsk qrupuna soxmağı bacaran Parisin oradakı fəaliyyəti, sözün həqiqi mənasında, Azərbayca­na qarşı olmuş, birmənalı olaraq münaqişənin həllinin qarşısını almağa çalışmışdır. Azərbay­can dövləti adı çəkilən münaqişəni beynəlxalq hüququn norma və prinsipləri əsasında həll et­məsindən sonra isə Fransa rəhbərliyi sülh üçün atılan bütün addımlara badalaq gəlir. Üstəlik, Er­mənistanı silahlandıraraq, yeni müharibə riskləri yaradır. Bəs Azərbaycanın bu haqsızlığa müna­sibəti necə olmalı idi? Necə olmalı idisə, elə də oldu. Yəni, bumeranq effekti növbəti dəfə rəsmi Parisə qarşı yönəldi. 

Xatırladaq ki, İstanbulda keçirilən, ümumiy­yətlə, dekolonizasiya mövzulu konfransların əsas məqsədi müstəmləkəçilikdən zərər görən bölgələrin səslərinin dünya ictimaiyyətinə çatdı­rılmasından ibarətdir. “Türkiyənin “Haber Qlobal” televiziya kanalı bildirir ki, Bakı təşəbbüs qrupu bu tədbirlər silsiləsi ilə öz məqsədinə nail olur. Yəni müstəmləkəçilik siyasətindən əziyyət çəkən insanlar yaradılan platformalar vasitəsilə səslə­rini dünyaya çatdıra bilirlər. İstanbulda keçirilən konfransdan sonra isə dünya bu regionlarda baş verən hadisələri, Fransanın müstəmləkəçilik si­yasətinin ağır nəticələrini daha yaxşı öyrəndi.

Bu arqumentimizi əsaslandırmaq üçün Fran­sız Polineziyasının BMT-dəki nümayəndəsi Carlyle Korbinin İstanbul konfransında səslən­dirdiyi bir fikri xatırlatmaq kifayətdir: “Hazırda dünya üzrə BMT prinsiplərindən uzaq idarə edilən 17 müstəmləkə ada var və Azərbaycan tərəfindən təşkil olunan belə tədbirlər buralarda yaşayan insanlar üçün çox vacibdir”.

Xüsusilə vurğulanmalı məqamlardan biri də konfrans iştirakçıları adından Fransa prezidenti Emmanuel Makrona ünvanlanan açıq məktub­dakı cümlələrdir. Xatırladılır ki, Paris 60 ildən çoxdur BMT Baş Assambleyasının dekoloni­zasiya ilə bağlı qətnamələrinə əməl etmir. Yəni Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupunda yaşayan xalqların bu gün də Fransanın müstəmləkəçiliyindən və neokolonia­lizmindən əziyyət çəkdiyi vurğulanır.

Ekspertlər yazırlar ki, iştirakçılar Emmanu­el Makrondan Fransa hökumətinin qanunsuz hərəkətlərini dayandırması tələbini irəli sürərək, bu ərazilərdə mədəni və dini irsin vəziyyətinə dair məruzənin hazırlanması üçün UNESCO missiyasının həmin bölgələrə göndərilməsinin əhəmiyyətini vurğulayıblar. Eləcə də, ATƏT-in ətraf mühit, iqtisadiyyat, insan hüquqları və yerli əhalilərin hüquqlarına dair vəziyyətinin öyrənil­məsi missiyasının müstəmləkə ölkələrinə gön­dərilməsi üçün quruma müraciət ünvanlamasına çağırış edilib.

Sonda qeyd edək ki, daim haqqın, ədalətin, beynəlxalq hüququn yanında olan Azərbaycan da, Türkiyə də təkcə öz xalqlarının deyil, təz­yiqlərə məruz qalan istənilən toplumun hüquqla­rının qorunması üçün kəsərli addımlar atırlar. Biz bu addımları Azərbaycanın Qoşulmama Hərə­katına sədrliyi dövründə dönə-dönə gördük. Elə təzyiq görən xalqlar da bizim mütərəqqi addımla­rımızın şahidinə çevrildilər. Həm təzyiq edənlər, həm də təzyiqə məruz qalanlar Azərbaycanın belə addımlarını hələ çox görəcəklər. 

İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist



Siyasət