“Yadlar” gəlir, doğma olur...

post-img

Söhbət övladlığa götürmənin ümummilli önəmindən gedir

Valideyn olmaq – övlad dünyaya gətirmək, onun qayğısını çəkib böyütmək, cəmiyyətə layiq yetişdirmək həyat tələbatı olmaqla yanaşı, həm də cəmiyyət qarşısında müqəddəs bir borcdur. Bu xoşbəxtlik heç də hamıya nəsib olmur. İllərlə ana olmaq istəyilə müalicə, məsləhət alanlar, “qismət Allahdan”– deyib taleyilə barışan atalar da olur, ata-ana qayğısına möhtac “atılmış” uşaqları doğma övladı kimi qəbul edib böyüdənlər də. Yaşlandıqları vaxt onlara “1 stəkan su verən” axtaranlar bax beləcə uşaq evlərinə “atılmış” körpələri ailə tərbiyəsi, sevgi və mərhəmətlə böyüdür, ata-ana xoşbəxtliyinə qoşulurlar. Təəssüf ki, bu şərəfli zəhməti çəkməyib “yurdu boş qalanlar” da olur.

Səməd Vurğun uşaqlarla bağlı yazırdı: “Dünya bir evdirsə, övlad işıqdır, Oğul arxadırsa, qız yaraşıqdır”. Rus yazıçısı Fyodor Dostoyevski isə deyib ki, uşaqlar istənilən insanın ruhunu sağalda bilər. Bu mənada, ruhu sağlam olmaq üçün hər kəsin, ən azı, bir uşağa ehtiyacı var. Yəqin ki, imkanı olan hər kəs övladlığa bir uşaq götürüb ətrafı və özünü ruhən sağaltsa, cəmiyyət də sağlam olar. Azərbaycan dövləti bu məsələyə ümummilli önəm verərək övladlığa götürmənin sivil hüquqi bazasını formalaşdırıb.

Prezident İlham Əliyevin müvafiq fərmanı əsasında ölkəmizdə 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Bundan sonra “Valideyn-himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi – bu sahədə yeni idarəetmə mexanizmi yaradılıb. Övladlığa uşaq götürmək istəyən valideyn–namizəddən onunla birgə yaşayan 18 yaşdan yuxarı şəxslərlə birlikdə notariat orqanında övladlığagötürmə ilə bağlı ərizə alınır. Təsdiq edilən ərizə Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə altsistemə ötürülür, övladlığagötürmə ilə bağlı müraciət üçün “e-sosial.az” internet portalında qeydiyyatdan keçməklə şəxsi kabinet yaradılır. Xəstəliklərə dair (psixiatrın rəyi də daxil olmaqla) valideyn-namizədin əyani tibbi müayinəsi əsasında əldə edilən sənədləri altsistemə daxil edilir.

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov “Hansı ailələr övladlıga uşaq götürə bilər, kimlərin bu hüququ yoxdur?”– sualımızı belə cavablandırdı: 

– Hər iki cinsdən olan və qanunvericiliklə müəyyən edilən tələblərə cavab verən şəxs (şəxslər) övladlığa uşaq götürə bilər. Bir şərtlə ki, o, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsin. Bundan əlavə, valideynlik hüquqlarından məhrum olunmasın və ya bu hüquqları məhdudlaşdırılmasın. Qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış şəxslərə, əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilənlərə, səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyənlərə də övladlığa uşaq verilmir.

Bundan başqa, məhkumluğun götürülməsi və ödənilməsi nəzərə alınmadan, sülh və insanlıq, ictimai təhlükəsizlik və mənəviyyat əleyhinə; həyat və sağlamlıq, şəxsiyyətin azadlığı və ləyaqəti, cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə; yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə qəsdən törədilən ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkum olunmuşlar və bu cinayətləri törətdiyinə görə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər barəsində cinayət təqibi üzrə icraat aparılan şəxslər həmin müddətdə uşaq götürə bilməzlər. 

Adambaşına düşən orta aylıq gəliri ailə üzvlərinin hər biri üçün (övladlığa götürüləcək uşaq da nəzərə alınmaqla) ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən (Azərbaycan vətəndaşı olan uşaqları övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün yaşadıqları ölkə üzrə orta aylıq əməkhaqqının 2 (iki) mislindən) az olan şəxslərə (ögey ata-ana və qohumları – bacı-qardaş, nənə-baba, valideynlərinin bacı - qardaşları, onların övladları istisna olmaqla) övladlığa uşaq verilməsi qadağandır. 

Qeyd edək ki, aralarında nikah olmayan şəxslər də övladlığa uşaq götürə bilməzlər. Nikahda olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin də (qohumları – bacı-qardaş, nənə-baba, valideynlərinin bacı-qardaşları, onların övladları tərəfindən uşağın övladlığa götürülməsi istisna olmaqla) övladlığa uşaq götürməsinə yol verilmir. Azərbaycan Respublikası vətəndaşı olan uşağı övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin mülkiyyətində, orada yaşayan hər bir şəxs nəzərə alınmaqla yerləşdiyi ölkənin müvafiq qanunvericiliyinə əsasən, minimum normadan az olmayan yaşayış sahəsi olmalıdır. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan övladlığagötürməyə, himayədar ailə olmağa, qəyyumluğa və himayəyə qəbul etməyə imkan verməyən xəstəlikləri olan şəxslər övladlığa uşaq götürə bilməzlər. 

– Uşaqlar hansı yaşdan övladlığa verilir? 

– Qanunvericiliyə əsasən, yalnız yetkinlik yaşına çatmayan uşaqlar övladlığa verilə bilər. Övladlığa verilən uşaqlar üçün minimum yaş həddi müəyyən olunmayıb. Bununla yanaşı, ögey ata və ana, habelə qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacı-qardaşları, onların övladları) istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olmayan şəxslə (şəxslərlə) övladlığa götürülən uşağın yaş fərqi 18-dən az olmamalıdır. 

– Ötən illərdə uşaq götürəndən sonra peşman olub geri qaytaran olubmu? Nazirlik övladlığa uşaq götürən ailələrə necə nəzarət edir? 

– Səlahiyyət nazirliyə veriləndən – 2019-cu il noyabrın 1-dən etibarən övladlığa verilmiş uşaqlarla bağlı “övladlığa götürmənin ləğvi” üçün müraciət edən olmayıb. Agentlik tərəfindən övladlığa götürülən uşaq 18 yaşına çatanadək ailədəki vəziyyəti, əqli, fiziki və psixi sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə birinci ildə rübdə bir dəfə, növbəti illərdə, ən azı, ildə bir dəfə monitorinq aparılır. 

– İl ərzində, təxminən, neçə ailə övladlığa uşaq götürür? 

– Övladlığagötürmə zamanı uşaqların sayına məhdudiyyət qoyulmur. Ötən dövrdə 242 nəfəri oğlan, 236 nəfəri qız olmaqla 478, 2023-cü ildə isə 115 uşaq övladlığa verilib. İndiyədək övladlığa götürülən uşaqların 50,6 faizi qız, 49,4 faizi isə oğlan olub. 

 – Uşaq götürən ailələrin məqsədi nədir? Düşünürlər ki, uşaq onların həyatına yeni bir məna gətirəcək, yoxsa biz yaşlananda qulluq edənimiz olsun? 

– Övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi məqsədilə müsahibə vasitəsilə valideyn – namizədlərin qiymətləndirilməsi həyata keçirilir. Bu zaman əsas tələblərdən biri onların maraqlarının müəyyənləşdirilməsidir. Həyata keçirilmiş müsahibələrə əsasən deyə bilərik ki, ailələrin aparıcı motivasiyaları uşaqsız ailənin natamam olmasını düşünmələri, gələcəkdə uşağın onlara dayaq və dəstək olması, qayğı göstərməsi, uşağın gəlməsi ilə ailə üzvlərinin ümumi emosional vəziyyətinin daha da yaxşılaşması, eyni zamanda valideyn himayəsindən məhrum olmuş bir uşağın ailədə böyüməsini təmin etməkdir. 

– Qəyyum ailələrə hər uşağa görə dövlət tərəfindən vəsait ödənilirmi? 

– Belə bir müavinət 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaqlar üçün təyin edilib. Vəsait yalnız uşağın övladlığa götürülməsi haqqında 2021-ci il yanvarın 1-dən sonra məhkəmənin qətnaməsi təqdim edildikdə verilir. Övladlığa götürülən 3–18 yaş arası uşağa görə dövlət tərəfindən 200 manat, sağlamlıq imkanları məhdud 0–18 yaş arası uşağa görə isə 600 manat məbləğində müavinət müəyyən edilib.

Vüqar Behbudovun fikirlərinə onu da əlavə edək ki, Azərbaycanda sonsuzluqla bağlı problemlərin çoxalması səbəbindən övladlığa uşaq götürmək istəyən gənc ailələrin sayı artır. Təəssüf ki, əksər hallarda ailələr bu addıma “özgə uşağından övlad olmaz” düşüncəsi ilə yanaşır, daha çox dogma– yaxınlarının uşaqlarına üstünlük verirlər. Bundan əlavə, ailələr uşaq evlərində azyaşlıları götürməyə çalışırlar. Onlar uşağın yaddaşında keçmişi ilə bağlı heç bir xatirənin qalmamasını istəyirlər. Düşünmürlər ki, bəzən normal ailələrdə böyüyən uşaqlar belə, narkoman, cinayətkar ola bilir. Ona görə də onun neçə yaşda götürülməsinin, ya da qohum övladı olmasının uşağın gələcək həyatına o qədər də təsiri olmur. 

Hər şey evə gələn “yad” uşağa veriləcək tərbiyədən, ona düzgün yanaşmadan, sevgi göstərib, ürəyini ələ almaqdan asılıdır. Uşağın evə bağlanması, ya da özünü “özgə” kimi hiss etməsi məhz bu münasibətə bağlıdır.

Dövlətin bütün uşaqlara eyni dərəcədə diqqət göstərməsi bəzən mümkün olmur. İsti yuvada, ata-ana qayğısı görmək isə dövlətin bütün qayğılarından daha önəmlidir. Uşağa isti münasibət göstərən, mərhəmətlə yanaşan, təbii ki, zaman-zaman bunun qarşılığını alır. Bunun üçün böyük auditoriyalarda maarifləndirmə həyata keçirilməlidir. Xüsusilə televiziya, radio, internet, sosial şəbəkələrdə bu mövzu müzakirə olunmalıdır. Psixoloq, sosioloq, hüquqşünas və pedaqoqlar övladlığa uşaq götürmək istəyən valideynlər üçün faydalı, asan yollar göstərməlidirlər.

Redaksiyadan: XQ bu ümummilli önəm daşıyan mövzunu müxtəlif səpkili yazılarla davam etdirəcək. 
Ayrı-ayrı peşə sahiblərini, ictimai fəalları məsələnin daha dərindən araşdırılması üçün mülahizə və təkliflərini bildirməyə dəvət edirik.

Zərifə BƏŞİRQIZI 
XQ

 



Müsahibə