Bayrağım – kimliyim, məsləkim, qürurum!

post-img

Azərbaycan Respublikasının suverenliyinin tam bərpa edildiyi,  Dövlət bayrağının ölkənin bütün ərazisində dalğalandığı bir vaxtda “Təhsil” nəşriyyatı yazıçı, publisist, Əməkdar mədəniyyət işçisi Mustafa Çəmənlinin tərtib etdiyi “Bir daha yüksələn bayraq” adlı albom-kitabı nəfis şəkildə çap edib. Fundamental nəşrin layihə rəhbəri və naşiri Tural Axundovdur.

Milli istiqlalımıza gedən yolda məfkurəvi məşələ çevrilmiş bu azadlıq və müstəqillik rəmzinin xalqımız üçün daşıdığı mənəvi önəmə, onun tarixinə, yeni nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsində roluna həsr olunan bu albom-kitab soydaşlarımızın bayraq bilgisini genişləndirməklə yanaşı, onların suverenlik anlayışını da zənginləşdirməkdə dəyərli mənbədir. Məfkurəvi nəşrin girişində tərtibçi-müəllif bildirir: 

– Dövlət bayrağımız milli kimliyimizi, amal-məsləkimizi, qələbələrimizdən duyduğumuz ümumi qürurumuzu təcəssüm etdirir. Bütün bunlardan çıxış edərək bu albom-kitaba həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də çağdaş müstəqilliyimiz dövründə vətənimizi və üçrəngli bayrağımızı vəsf edən poeziya nümunələri toplanıb. Müasir oxucularımıza bayrağın tarixən necə müqəddəs bir dəyər olduğunu aşılamaq üçün kitaba Albaniya, Şirvanşahlar, Eldənizlər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər dövlətləri, Qarabağ, Şəki, Gəncə, İrəvan, Naxçıvan, Bakı, Təbriz və Xoy xanlıqları haqqında ensiklopedik bilgi verməklə yanaşı, bu dövlətlərin günümüzə gəlib çıxan bayraqlarının fotoları da təqdim olunub. Bununla yanaşı, bayraqların da əks olunduğu miniatürlərdən də istifadə edilib.

Kitabı ərsəyə gətirənlərin bir məqsədi də 44 günlük Vətən müharibəsi zamanı milli bayrağımıza, Ali Baş Komandana, müzəffər Ordumuza, qəhrəman şəhidlərimizə xalqımızın sonsuz sevgi göstərdiyini tarixiləşdirmək, milli rəmzlərə diqqət, hörmət və ehtiram duyğularının vətəndaşlıq borcunun gerçəkləşdirilməsinə təsirini yüksəltməkdir.

T.RÜSTƏMLİ
XQ

 

Sosial həyat