Ötən əsrin yetmişinci illəri idi. Bakıda, indiki Bülbül prospekti ilə Xaqani küçəsinin kəsişməsində Xəzər dənizçilərinin Mədəniyyət evinin tədbirlərində mən də iştirak edirdim. Gah bəzi tədbirlərə ssenari yazır, gah da aparıcılıq edirdim. Əsas məqsəd dənizçilərin asudə vaxtının səmərəli keçirilməsinə imkan yaratmaq idi.
Bakı – Krasnovodsk (indiki Türkmənbaşı) marşrutu ilə yük daşıyan “Sovet Özbəkistanı” gəmi-bərəsi ilə Türkmənistanın bu şəhərinə gedib-gələndən, daha doğrusu, həm gedəndə, həm də gələndə dənizçilər üçün yüksək səviyyəli mədəni tədbir təşkil edəndən sonra bizdən razılıq edənlərin sayı çoxalmışdı. Mədəniyyət evinin bədii rəhbəri Azər Şahgəldiyev bu münasibətlə keçirilən tədbirdə dedi ki, indi sizin çıxış etdiyiniz səhnədə vaxtilə tanınmış aktyorlar Əliağa Ağayev də çıxış edib, Süleyman Ələsgərov da. Məşqlərə məsuliyyətlə yanaşsanız, gələcəkdə siz də tanınmış sənət adamlarına çevrilə bilərsiniz.
Bu, o vaxtlar idi ki, milyonlarla televiziya tamaşaçısı “Bizim Cəbiş müəllim” filmini məhz Süleyman Ələsgərovun misilsiz ifasına görə sevirdi. İş elə gətirdi ki, çox keçmədən orada Süleyman Ələsgərovla görüş keçirildi. O, həmin tədbirdə uzun illər ifa etdiyi “poçtalyon əmi”dən tamamilə uzaqlaşmış kimi görünsə də, Cəbiş müəllimin ab-havasından çıxa bilməmişdi. İlk dəfə idi ki, mədəniyyət evində o qədər tamaşaçı görürdüm.
Doxsanıncı illərin əvvəllərində – mən radioda işləyəndə televiziyanın Uşaq Verilişləri Redaksiyasında çalışan şair-publisist Kamran Mehdi ilə tez-tez görüşür, söhbətləşirdik. Bir gün Kamran dedi ki, bəstəkar Şəfiqə Axundova səni görmək istəyir. O vaxtlar Şəfiqə xanıma maaş vermək üçün onu həmin redaksiyaya işə götürmüşdülər. Xatırladım ki, Şəfiqə Axundova mənim “Anama məktub” şeirimə musiqi yazmışdı.
Şəfiqə xanımın oturduğu otağa gedəndə gördüm ki, Süleyman Ələsgərov da oradadır. Süleyman müəllim o redaksiyada uzun illər çalışmışdı. Bəstəkar məni aktyora təqdim edərək dedi ki, İttifaq operativ işləməyi bacaran jurnalist olsa da, arada yaxşı şeirlər də yazır: “Amma bu yaxınlarda eşitmişəm ki, onun aktyorluğu da var”. Mən etiraz etdim ki, aktyorluq yox, aparıcılıq etmişəm. Süleyman müəllim gülümsündü: “Burada ayıblı nə var ki, etiraz etmə, boynuna götür”. Onun filmdə dediyi bir ifadəni eynilə həmin şəkildə təkrar elədim: “Mən saabun ( o, sabun sözünü iki a hərfi ilə deyirdi) bişirməyəcəm!” Gülüşdülər və sənətkarın “yol çəkən” gözlərində bir məmnunluq ifadəsi yarandı: “Çox sağ ol! Deməli, mən kimlərinsə yaddaşında yaşayıram”.
Soruşdu ki, harada məşğul olmusan? Dedim Süleyman Ələsgərovu Azərbaycan teatr sənətinə bəxş etmiş Mədəniyyət evində. “Orada indi vəziyyət necədir, fəaliyyət göstərirlərmi?” – deyə soruşdu. Onda da mənim gözlərim yol çəkdi.
1994, ya da 95-ci il idi. Müşfiqabad qəsəbəsində yaşayırdım. Yaxın qohumlarımızdan biri rayondan qonaq gəlmişdi. Xeyli söhbətdən sonra qohum məni məzəmmət eləməyə başladı: “ Sənin səsin bütün dünyanı başına götürüb (radiodakı verilişlərimi nəzərdə tuturdu), hər gün televiziyada dövlət rəsmilərinin tədbirlərində görünürsən, bu qədər dostun-tanışın var. Axı, sən iş yerindən 35 kilometr uzaqda yaşamamalısan, evin bu qədər kasıbyana, uşaqlarının əyin-başı bu gündə olmamalıdır. Sənin soyuducun niyə belə qalmalıdır? Niyə bu barədə fikirləşmirsən? Nə vaxta qədər belə olacaq?”
Qohumun sualları çoxalanda eynilə Süleyman Ələsgərovun səsiylə dedim: “Mən saabun bişirməyəcəm!”
... Sonralar eşitdim ki, kənddə mənim haqqımda danışanda gah gizli, gah da açıq səslə bizim Cəbiş müəllim deyirlərmiş.
İttifaq MİRZƏBƏYLİ
XQ