“The Man Booker”in mükafatçısı Nizami Muzeyində

post-img

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində ölkəmizdə səfərdə olan “The Man Booker” beynəlxalq mükafatının 2019-cu il laureatı, Oman əsilli yazıçı, Edinburq Universitetində klassik ərəb şeiri üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan və hazırda Omanın Sultan Qabus Universitetinin dosenti olan Cuxa əl-Harsi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib.

Muzeyin elmi işçisi Rəhilə Sadıqova dünya şöhrətli yazıçıya klassik və müasir dövr Azərbaycan ədəbiyyatı, mədəniyyəti haqqında ərəb dilində geniş məlumat verib, qonağı muzeyin zəngin ekspozisiyası ilə tanış edib.  

Qeyd edək ki, Cuxa əl-Harsiyə nüfuzlu “The Man Booker” mükafatını qazandıran “Ayın qızları” romanını Azərbaycan dilinə tərcümə edən Aytəkin Qocayeva, kitabın redaktoru Rəşad Həsənov və gənc yazıçı Ramil Əhmədov da qonağı müşayiət ediblər.

Muzeyin “Rəy kitabı”nda öz dərin təəssüratlarını bölüşən Cuxa əl-Harsi burada keçirdiyi vaxtdan məmnun qaldığını və zəngin Azərbaycan ədəbiyyatı ilə yaxından tanış olmaq imkanı əldə etdiyi üçün şad olduğunu bildirib.

XQ

 



Mədəniyyət