Azərbaycan istedadlar ölkəsidir. Xüsusən də musiqi, muğam ifaçılığı sahəsində nəsilbənəsil yeni ifaçılar bir-birini əvəz edir. Haqqında söhbət açdığım gənc ifaçının redaksiyamızın qonağı olarkən oxuduğu “Bayatı-Şiraz” muğamı və “Dəşti” təsnifi bütün əməkdaşlarımızı valeh etmişdi. Ədilə Əliyeva Azərbaycan Milli Konservatoriyasının nəzdindəki İncəsənət Gimnaziyasının 11-ci sinif şagirdidir. O, Bakının Zirə kəndindədir, cəmi 16 yaşı var. VII Muğam Müsabiqəsinin iştirakçısıdır. Söhbətimiz zamanı gənc ifaçı dedi:
– Rəqsə gedə-gedə dərnəyin tədbirlərində həm oynayır, həm də oxuyurdum. 123 nömrəli məktəbdə təhsil alırdım, atam məni həm də 24 nömrəli musiqi məktəbinə yazdırdı. Müəllimim Arif İsmayılov olub. Tədbirlərdən birində Gimnaziyadan gələn nümayəndələr səsimi bəyənib məni orada oxumağa dəvət etdilər. Hazırda Aytən Məhərrəmovadan dərs alıram. Arzum Milli Konservatoriyaya qəbul olunmaqdır. Azərbaycanın Gürcüstandakı səfirliyinin xətti ilə konsertə getmişdik. Gürcüstan–Azərbaycan dostluğu çərçivəsində Zəfər Günü ilə bağlı tədbir keçirilirdi. Rəhbərimiz gimnaziyanın direktoru Aytən Əhmədova idi. Dəyərli sənətkarımız Firuzə İbadova, müəllimimiz Aytən Məhərrəmova da bizimlə getmişdilər. Çox maraqlı konsertimiz oldu.
– Başqa hansı ölkələrdə çıxış etmisiniz?
– Bu yaxınlarda Türkiyədə – Antalyada olmuşam, Türklərin bizim muğama çox isti münasibətləri var, heyrətlə dinləyirlər. Yaxınlaşıb soruşurlar ki, siz bu boğazları necə edirsiniz? Bizim kimi oxumağa çalışırlar, amma alınmır, çünki onu zamanla, təhsil alaraq öyrənmək olar. Mən də onların mahnılarını oxuya bilmərəm, çünki mənim boğazım artıq xanəndə boğazıdır.
– Sizin ifanızda “Bayatı-Şiraz”ı dinlədik. Fərqli səsiniz var...
– “Bayatı-Şiraz”ı Tacir Şahmalıoğlundan öyrənmişəm. O, həmin muğamın möhürünü vurub. Ümumilikdə, daha çox dinlədiyim sənətkar Mənsum İbrahimovdur. Öyrənmək istədiyim bütün təsnif və muğamları onun ifasında dinləyirəm. Xan Şuşinskinin, Ağaxan Abdullayevin, Şövkət Ələkbərovanın ifalarını da çox dinləyirəm. Mələkxanım Əyyubovanı da çox sevirəm.
– “Bayatı-Şiraz”ı oxuyanda, dinləyəndə hansı hissləri keçirirsiniz?
– Bəmində kövrəlirəm, həzinləşirəm, zilə qalxanda qürurlanıram. Müxtəlif duyğular yaradır. Əvvəldən də bəmi ilə zili fərqli hisslər yaşadırdı, amma Qarabağ zəfərindən sonra zilin yaratdığı duyğular daha çox oldu. “Qarabağ şikəstəsi”nin özündə də qələbədən əvvəl məyusluq vardı, qələbədən sonra qürur daha çoxdur, fəxrlə oxuyursan, kövrəlmirsən, əksinə, sevinirsən.
– Bəs, “Heyratı” nə aşılayır?
– “Heyratı” zərb muğamıdır. Onu oxuyanda savaşa girirsən, səni döyüşə, mübarizəyə, qələbəyə səsləyir.
– Sizcə, Azərbaycan musiqisi dünyada hansı yerdədir?
– Onu bilirəm ki, mənim üçün 1-ci yerdədir, çünki qəlbimdədir.
– Konservatoriyada təhsil alandan sonra operada işləsəniz, hansı obrazı oynamaq istəyərdiniz?
– Mənim arzularımdan biri Prezidentimizin və birinci xanımın iştirak etdiyi tədbirdə, onların qarşısında çıxış etməkdir. Bir də istəyirəm operamızın səhnəsində “Leyli və Məcnun”da Leylini oynayım.
– Uğurlar arzulayırıq!
R.QURBANLI
XQ