Xəbər verdiyimiz kimi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Şirvanşahlar Sarayı Kompleksində “İçərişəhərim” adlı sərgi təşkil olunub.
İncəsənətə olan marağım məni Şirvanşahlar Sarayına gətirdi. Sərgiyə baxmağa gələn yerli sakinlər və əcnəbi qonaqlarla rastlaşdım. Onlar buradakı əşyalar, şəkillər, dəyərli sənət nümunələri ilə maraqlanırdılar.
Sərgiyə baxdıqdan sonra, “İçərişəhər” Muzey Mərkəzinin direktor müavini Fidan Seyidova ilə bu barədə danışdım. O bildirdi ki, sərgidə içərişəhərli olan sakinlərin soykökündən gələn dəyərləri tarixi ictimaiyyətə təqdim olunur. Burada nümayiş edilən 100-dən artıq eksponat arasında yaşı üç əsri ötənlər də var. Sərginin məqsədi əsli-kökü qədim şəhərdən olan və hazırda burada yaşayan yerli sakinlərin nənə-babalarından yadigar qalmış dəyərli mirası İçərişəhəri ziyarət edən yerli və xarici turistlərə layiqincə tanıtmaqdır.
Sərginin bələdçisi Seyid Tağıyev burada nümayiş olunan eksponatlar haqqında gələn qonaqları məlumatlandırırdı. Qonaqlar onu diqqətlə dinləyir, eşitdiklərinə heyran olurdular. S. Tağıyev sərginin - “Din”, “Musiqi dünyası”, “Ticari və mədəni əlaqələr”, “Sənəd və fotolar”, “Tətbiqi sənət”, Hədiyyə” bölmələrindən ibarət olduğunu dedi:
– “Musiqi dünyası” adlı salonda Azərbaycan musiqisinin qədimliyini və zənginliyini özündə ehtiva edən qiymətli əşyalar toplanıb. Sanki onlara əl vurulmasını gözləyirlər ki, muğam üçlüyünün həzin melodiyalarını, xanəndələrin zəngulələrini səsləndirsinlər. Burada, həmçinin İçərişəhərdə yaşamış, tanınmış balaban ustası Məmməd Naib Hacıyevin fotosu, düzəltdiyi balaban və tütək sərgilənir. Ekspozisiyanın bir hissəsində isə miniatür güzgü və qadın geyim dəsti var. Palıd və armud ağacından hazırlanmış güzgü XVIII əsr Qacarlar dövrünə aiddir. Miniatürləri yumurta sarısı ilə işlənmiş bu nəfis əşya Təbriz sənətkarları tərəfindən gümüşü tozla hazırlanıb.
Digər eksponatlar haqqında da dolğun məlumat verən Fidan xanım sərgidəki digər bölmələrdə də maraqlı və qədim dövrlərə aid əşyaların sərgiləndiyini dedi:
– “Tətbiqi sənət” bölməsində XIII-XIV əsrlərdə Şirvan, Qarabağ, Naxçıvan və digər bölgələrdən olan sənətkarların hazırladıqları zinət əşyaları, geyimlər, tikmələr, silahlar və s. görə bilərsiniz.
“Ticari və mədəni əlaqələr” bölməsində mexanizmində 15 rubin daş olan cib saatı da diqqət çəkir. Bu, Azərbaycanın ilk kimyaçı alimi Möhsün bəy Xanlarovun şəxsi əşyasıdır. İpəkdən və məxmərdən hazırlanmış tütün və pul kisələri, dövrünün məktub yazanı – küçə mirzələrinə məxsus çantalar, misqal tərəziləri və s. maraqla baxılır.
“Hədiyyə” zalında türk qardaşlarımızın bizə tarixi hədiyyəsi olan qəmə nümayiş olunur. Əziz yadigar kimi nəsildən-nəslə ötürülmüş bu əşya Qafqaz İslam Ordusunun sərkərdəsi Nuru Paşadan xatirədir. Üzərində Sultan II Əbdülhəmid Sədrəzəmin tuğrası, dövlət nişanı, ay-ulduz və hicri 1312-ci il tarixi həkk edilmişdir.
Sərginin “Sənəd və fotolar” hissəsində keçmiş dövrlərin şəhadətnamələri, Mansurovlar, Ramazanovlar, Kərimovlar, Məlikovlar və digər ailələrə məxsus torpaq alqı-satqı sənədləri və şəxsi fotoları toplanıb. Əksər eksponatlar yüz illər öncə baş vermiş hadisələr haqqında bilmədiklərimizi öyrənmək üçün böyük əhəmiyyət daşıyır.
“Din” zalında isə İslami mövzuya aid eksponatlar sərgilənir. Bu bölmədə Qurani-Kərim, təfsiri kitabları, ibadət zamanı istifadə edilən canamaz, möhür və möhür qabı, təsbeh və tolerantlığın sübutu olan boyunbağı üçün qatlanmış formada ikona nümayiş olunur. Quranlardan biri çox kiçik ölçüdədir və tirmə parçadan olan kiçik quranqabında saxlanılır. Təfsiri kitabları XIX əsrin ikinci yarısında çap edilmişdir. Möhür qabları, canamazlar isə XIX əsrin sonu-XX əsrin əvvəllərində İçərişəhərdə yaşamış xanımların əl işləridir.
Qeyd edək ki, sərgi noyabrın 30-dək muzey ziyarətçiləri üçün açıq olacaq.
Fidan SALMANOVA
XQ