16 Noyabr Beynəlxalq Tolerantlıq Günüdür
Məqsədi dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırış olan bu gün 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilib. Azərbaycanda isə ta qədimdən birgə yaşayan bütün millətlər, xalqlar, dinlərin nümayəndələrinin canına, qanına hopmuş tolerantlıq hamını mehriban bir ailə kimi birləşdirib.
Dini və milli dözümlülüyün yüksək səviyyədə olduğu ölkəmizin dünyaya həm də tolerantlıq örnəyi olması qürur mənbəyimizdir. Ölkəmizin ağır günlərində xalqımızın dostluq və qardaşlığı bizi çətin sınaqlardan üzüağ çıxarıb. Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevrilib, bu birlik və qardaşlığı əbədi edib.
Tarixdə ən böyük Zəfərimizin qazanılmasında xalqımıza məxsus bu ali keyfiyyətlərin misilsiz rolu oldu. Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev ölkəmizdə yaşayan bütün millətlərin, dini konfessiyaların nümayəndələrinin cəsarət göstərib, düşmənə qarşı vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiklərini vurğulayıb. Dövlətimizin başçısı qeyd edib ki, bu, bizim böyük sərvətimizdir, böyük dəyərimizdir.
Bu həmrəylik dəmir yumruq kimi xalqın birlik simvoluna çevrildi. Monoetnik dövlət olan Ermənistanın mürtəce düşmən və işğalçılıq siyasəti nəticəsində ötən on illər xalqımızın olmazın işgəncə və soyqırımına məruz qalmasına baxmayaraq, düşmənə qarşı ləyaqətlə mübarizə aparıldı. Suverenliyimizin tam təmin edilməsi ilə nəticələnən 2023-cü ilin sentyabr ayının lokal antiterror tədbirləri zamanı Qarabağ bölgəsində yaşayan erməni əhali heç bir əziyyət çəkmədi, hətta dinc əhali müdafiə olundu. Bütün dünya niyyətimizin sülh, qarşılıqlı anlaşma və hörmət əsasında birgə həyat qurmaq olduğunu anlayır, təqdir edir. Təbii ki, erməni xalqı da ölkəmizdəki tolerant mühitdən bəhrələnib xoşbəxt həyat sürə bilər. Azərbaycanda bununla bağlı çoxlu nümunələr var.
Raisa Salmanova isti ocağını Azərbaycanda – Bakıda tapanlardandır. Ölkəmizdə həmrəyliyin əsl birliyə çevrilməsinin gözəl nümunəsindən saatlarca bəhs etsə, yorulmaz. Atası rus, anası ukraynalı olan bu xanım özünü əsl azərbaycanlı sayır:
– Körpəliyim İkinci Dünya müharibəsinin baş verdiyi ağır dövrə təsadüf edib. Atam və anam gənc yaşlarında işləməyə Azərbaycana gəlsələr də, burada həmişəlik qalmağa qərar veriblər. Ailədə 11 qardaş və 1 bacı olmuşuq. Yay tətilində 2 yaşda ikən anamla Ukraynaya istirahətə getdiyimiz zaman alman təyyarəsindən atılan bomba ailəmizə böyük faciə yaşadıb. Oradan yalnız mən və böyük qardaşım sağ çıxa bilmişik. Böyük qardaşım isə 17 yaşında könüllü müharibəyə gedib və qara kağızı gəlib. İllər sonra atam məni körpələr evlərinin birindən tapıb. Müharibədən sonra ağır günlərimiz çox olsa da, bütün çətinliklərə birgə sinə gərmişik. Burada həmişə özümə qarşı xüsusi rəğbət hiss etmişəm. Rəfiqələrim məni çox əzizləyiblər. Heç kim xətrimə dəyməyib. Mən bu keyfiyyətlərin hər bir azərbaycanlıya məxsus olduğu qənaətindəyəm.
İllər öncə şəmkirli gənclə ailə quran Raisa xanım 2 oğul, 1 qız, 6 nəvə sahibidir. Vətəni canından çox sevdiyini deyir:
– Xalqımıza xor baxan düşmənin gözünü oymağa hazıram. Azərbaycanda heç bir ayrı-seçkilikdən söhbət gedə bilməz. Ayrı-ayrı millətlərin, dinlərin nümayəndələrinin hər birindən soruşun. Mənim kimi canına, qanına, iliyinə qədər azərbaycanlı olan bir insandan yox, elə yaxın aylarda Vətənimizə gəlmiş digər millətlərin nümayəndələrindən soruşun. Hamı bunu təsdiq edər. 82 yaşım var. Anam da, atam da müqəddəs Azərbaycan torpağında uyuyurlar. Ömür-gün yoldaşımla 62 ildir ki, həyatın acısını da, şirinini də birgə dadırıq. Azərbaycanda yaşadığım üçün xoşbəxtəm.
Dünyanın hər üzünü görmüş daha bir xanımla həmsöhbət olduq. “Novruz” qadın qrupunun rəhbəri, ictimai fəal, Balakənin Qaysa kənd sakini Meysarat Qaysayeva milliyyətcə avardır, ixtisasca rus dili müəllimidir, 73 yaşı var. Övladlarından 2 oğlu rus, qızı Azərbaycan dilində təhsil alıb. Meysarat Qaysayeva deyir:
–Elimizə, obamıza, torpağımıza çox bağlıyıq. 8 nəvəm böyüyür, hər biri Vətənə, yurda böyük sevgi ilə yetişir. Müxtəlif millətlərin, etnosların, fərqli dinlərin nümayəndələrinin həmrəyliyinin Azərbaycan nümunəsi dünya üçün gözəl örnəkdir. Ölkəmizdə bütün xalqlara məxsus olan adət-ənənələrin yaşaması, inkişaf etdirilməsi üçün gözəl mühit var. 2014-cü ildə avar folkloru, rəqsləri və musiqisini yaşadan, onu inkişaf etdirən “Xalq kollektivi” yaratmışıq. Bu kollektiv Şuşada “Xarı bülbül” festivalında və digər tədbirlərdə uğurla təmsil olunub, mədəniyyətimizi yaşadır.
Bəli, dünyanın qan çanağına dönməsinə, saysız-hesabsız müharibə ocaqlarının yaranmasına səbəb məhz milli və dini dözümsüzlük, ayrı-seçkilik hallarıdır. Biz isə, doğrudan da şanslıyıq ki, dünyaya birlik örnəyi olan Azərbaycanda yaşayırıq.
Leyla QURBANOVA
XQ