Əmək müqavilələrinin sayı 1 milyon 791 minə çatıb
Məşğulluq imkanlarının artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşdırılması istiqamətində görülən kompleks tədbirlər bu il də əmək müqavilələrinin sayında artıma imkan verib.
2023-cü ilin yanvar – oktyabr aylarında ölkəmizdə əmək müqavilələrinin sayı ilin əvvəlinə nisbətən 44,5 min müqavilə artaraq 1 milyon 791 minə çatıb.
Əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunda da davamlı artımla nəticələnir. Otən 10 ayda əməkhaqqı fondunda daha 13 faiz artım qeydə alınıb. Ümumilikdə, son 5 ildə əmək müqavilələrinin sayında 35 faiz, əməkhaqqı fondunda isə 2,6 dəfə artım baş verib.
Elektron xidmətlərə 15,5 milyon müraciət
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan e - xidmətlərə bu ilin 10 ayında 15,5 milyon müraciət qeydə alınıb.
Ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 6,7 milyon dəfə istifadə olunub. Sosial ödənişlər üzrə 198 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib, nazirliyin fəaliyyət sahələrinə dair 319 min e-arayış verilib.
Hazırda nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Yanvar – oktyabr aylarında informasiya bazalarına 322,3 milyon e-sorğu və müraciət edilib.
DSMF-nin gəlirləri 472 milyon manat artıb
Dövlət Sosial Müdafiə Fondunun gəlirləri bu ilin 10 ayında proqnozla müqayisədə 9 faiz və ya 472 milyon manat çox olmaqla 5 milyard 577 milyon manat təşkil edib.
Fondun gəlirlərinin tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları yanvar – oktyabr aylarında proqnozla müqayisədə 9 faiz və ya 350 milyon manat artaraq 4 milyard 221 milyon manat olub.
Ötən müddətdə DSMF-nin xərcləri
5 milyard 51 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 16 faiz və ya 688 milyon manat çoxdur.
DOST-dan məmnunluq səviyyəsi 97,7 faizdir
Bu ilin ötən dövründə DOST mərkəzlərində 578 min vətəndaşa xidmət göstərilib.
DOST xidmətlərindən vətəndaşların məmnunluq səviyyəsi 97,7 faiz təşkil edib.
DOST mərkəzləri şəbəkəsinin genişləndirilməsi istiqamətində növbəti addım olaraq avqustda Bərdədə Qarabağ Regional DOST Mərkəzi istifadəyə verilib. Bununla da, ölkədə DOST mərkəzlərinin sayı 7-yə çatıb.
Qeyd edək ki, DOST konsepsiyası əsasında 159 sosial xidmət “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş rahatlığı və məmnunluğuna uyğun təqdim olunur. “Könüllü DOST” proqramına isə bu ilin 10 ayında 22,4 minə yaxın müraciət olub və proqrama daha 1211 nəfər cəlb edilib.
Z.Hüseynova
XQ