Qərbin “öz yaramaz oğlumuz” siyasəti davam edir

post-img

Paşinyan iqtidarının zorakılıqlarına yanaşma Samosa rejiminə münasibətdən heç nə ilə fərqlənmir

Siyasi leksikonda özünə geniş yer tapmış belə bir məşhur ifadə var: “Bəli, Samosa yaramaz oğludur, amma öz yaramaz oğlumuzdur”. Həmin ifadənin kobud səslənən forması daha yayğındır və onun ABŞ-ın 32-ci prezidenti Franklin Ruzveltə məxsus olduğu bildirilir. Ruzvelt Vaşinqtonun 1930-cu illərin sonlarında fəal şəkildə dəstəklədiyi Nikaraqua diktatoru Anastasio Somosanı belə xarakterizə edib. Hər iki lider 1939-cu ildə görüşsələr də,  haqqında söz açdığımız deyim barədə ilk qeyd yalnız 10 il sonra ortaya çıxıb. “Time” jurnalında dərc olunmuş imzasız məqalədə müəllif birbaşa ABŞ Prezidentindən “yaramaz oğlu” barədə sitat gətirib.

Yazımızı belə başlamağımız heç də təsadüfi deyil. Üzərindən az qala bir əsrə yaxın zaman ötsə də, ABŞ-ın, bütövlükdə Qərbin yanaşması, dəst-xətti dəyişməyib. Dünyanın müxtəlif dövlətlərindəki hakimiyyətləri “özlərininkinə və özgələrə” bölmək siyasəti bu gün də tam axarındadır. Lokal maraqları təmin edən, deyilənlərlə oturub-duran, Qərbin timsalında özünə hami axtaran rejimlərə “gözün üstündə qaşın var” deyilmir. Müstəqil siyasət yürüdən, özünün milli maraqlarını hər şeydən üstün tutan, yalnız öz xalqına arxalanan hakimiyyətləri isə necə deyərlər, gözümçıxdıya salmağa çalışırlar. Qərbin məlum siyasəti haqlı olaraq ikili standartlar siyasəti adlanır. Bu siyasətdə marionet rejimlərdə yaşanan və son nəticədə bəlli mənafeləri təmin edən istənilən konfliktə, qalmaqallı hadisəyə göz yummaq, müstəqil dövlətlərdə baş verən ən kiçik insidentləri şişirtmək xətti başlıca yer tutur. Necə deyərlər, qarışqadan fil düzəldilir. Birinci epizoda ən bariz nümunə Ermənistandakı hazırkı Nikol Paşinyan rejimidir.

2018-ci ilin mayında Qərbin hərtərəfli dəstəyi ilə baş verən “rəngli inqilab” nəticəsində hakimiyyətə yiyələnmiş Paşinyan ölkəni sərt üsullarla idarə edir. Avropa paytaxtlarında “demokrat” imici ilə bəh-bəhlə qarşılanan, özü vaxtilə jurnalist olan Paşinyan istənilən əks fikri boğmağa çalışır. Bunu Ermənistanın müstəqil mediasına azacıq nəzər salanda da görmək mümkündür. Amma Qərb ölkələrinin hökumətləri və təzyiq aləti funksiyası daşıyan müxtəlif institutları özlərini görməzliyə vururlar. Nə “Amnesty International”ın, nə “Human Rights Watch”ın, nə də “Freedom House”un səsi-sorağı çıxmır. Halbuki, müxtəlif məlumatlara görə, hazırda Ermənistanda siyasi motivlərlə 50-dən çox şəxs həbsdədir. Paşinyan siyasi rəqibləri olan keçmiş hakimiyyətin bir çox nümayəndələrini dəmir barmaqlıqlar arxasında, necə deyərlər, çürüdür. Qərbdəki təşkilatların səslərinin eşidilməməsinə baxmayaraq, Ermənistan daxilindəki əksər hüquq müdafiəçiləri onları siyasi məhbus adlandırırlar.

Ermənistanda hökumət əleyhinə vaxtaşırı baş qaldıran etiraz aksiyaları müxtəlif zorakı üsullarla dağıdılır. Sonuncu zorakılıq və kütləvi həbslər sentyabrın sonlarında baş verib. Məlumdur ki, Azərbaycan Ordusunun sentyabrın 19–20-də ölkəmizin Qarabağ iqtisadi rayonunun separatçı xunta rejiminin nəzarətində olan ərazilərində keçirdiyi lokal xarakterli antiterror tədbirləri İrəvanda etiraz aksiyalarının keçirilməsi ilə müşayiət olunmuşdu. Həmin etiraz aksiyaları zamanı həbs olunanlar hələ də azadlığa buraxılmayıblar. Söhbət 18–25 yaş arasında olan 44 gəncdən gedir. Bu yaxınlarda “Qolos Armenii” qəzetində dərc olunmuş yazıda qeyd edilirdi ki, onların əksəriyyəti son ay yarım ərzində tədris prosesindən xeyli geri qalan tələbələrdir. Vəkil Ovanes Xudoyan bildirmişdi ki, əgər bu həbslər 5 il əvvəl baş versəydi, “vətəndaş cəmiyyəti” adlanan təbəqənin nümayəndələri bütün dünyada hay-küy salardılar. Bu gün isə erməni cəmiyyəti susur: “Yüzlərlə həmyaşıdları arasında bu 44 fəal sentyabrın 19-da hökumət binası yaxınlığında keçirilən mitinqdə, eləcə də sonrakı günlərdə küçələrin blokadaya alınmasında iştirak etdiklərinə görə saxlanılıblar. Saxlanıldıqdan sonra barələrində həbs-qətimkan tədbiri seçilib və onlar hələ də həbsdədirlər”.

Ermənistanın İrəvan və Gümridən sonra üçüncü böyük şəhəri olan Vanadzorun (əvvəlki adı Qarakilsə – red.) meri seçilmiş Mamikon Aslanyan, generallar Qriqori Xaçaturov və Mikael Arzumanyan, sabiq müdafiə naziri David Tonoyan, sabiq elm və təhsil naziri, Respublika Partiyası sədrinin müavini Armen Aşotyan, “Facebook”da paylaşım etdiyinə görə həbsdə olan 34 yaşlı iki uşaq anası, Qarabağdan getmiş Tatev Virabyan hazırda İrəvanda siyasi motivlərlə həbs olunmuş şəxslərin siyahısına başçılıq edirlər. Ermənistanın ikinci prezidenti, Azərbaycana qarşı etnik təmizləmənin ən fəal iştirakçılarından olan Robert Koçaryanın oğlu da sentyabrın 22-dən həbsdə idi. Həmin gün hökumət əleyhinə keçirilən aksiyada saxlanılan və dörd polis əməkdaşı tərəfindən maşında döyülən və beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilən Levon yalnız noyabrın 14-də müxalifətçi “Hayastan” fraksiyasının siyahısı üzrə parlamentin deputatı olması səbəbindən istintaq təcridxanasından qurtula bilib.

Bəli, Qərbin müxtəlif təsisatları Ermənistanda insan hüquqlarının pozulnmasına göz yumsalar da, sıralarında “qoca qitə”nin 27 ölkəsindən 49 siyasi partiyanı birləşdirən, hazırda Avropa Parlamentində 178 deputat yerinə malik olmaqla, ən böyük və aparıcı partiya olan Avropa Xalq Partiyası (EPP) baş verənlərə səssiz qalmır. EPP noyabrın 14-də Ermənistan hakimiyyətini Respublika Partiyasının sədr müavini Armen Aşotyanı azad etməyə çağırıb. Respublika Partiyasının nümayəndəsi Ayk Mamicanyan “Facebook” səhifəsində yazıb ki, EPP Siyasi Assmbleyası Brüsseldə “Avropada artan avtokratiya kontekstində siyasi məhbuslara dəstək” adlı təcili qətnamə qəbul edib. Qətnamədə deyilir: “Biz kifayət qədər sübut olmadığı halda Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyanın həbsdə saxlanılmasından çox narahatıq. O, iki aydan çoxdur ki, ailəsi ilə ünsiyyət qurmaq imkanından məhrumdur. Bundan əlavə, məhkəmə onun vəkillərinin zaminə, ev dustaqlığına və Beynəlxalq Mərkəzçi Demokratlar İttifaqının (CDI) tanınmış üzvlərinin 
zəmanəti ilə azadlığa buraxılması tələbini rədd edib”.

EPP həmin qətnamədə Ermənistan hakimiyyətini Armen Aşotyanı azad etməyə, ədalətli və şəffaf məhkəməyə zəmanət verməyə və hakimiyyətin əleyhdarlarına qarşı siyasi təqibləri dayandırmağa çağırıb.

Ermənistanda Paşinyana qarşı çıxan siyasi fəallar və vətəndaş cəmiyyəti nümayəndələri məhkəmə-hüquq sistemindən də narazılıq bildirirlər. General Qriqori Xaçaturovun vəkili Mihran Poqosyanın sosial şəbəkə hesabında “Məhkəmə sisteminin parlaqlığı və dəyərsizliyi...” sərlövhəsi ilə yazdıqları bu baxımdan maraq doğurur. Vəkil yazıb: “İki gün əvvəl Qriqori Xaçaturovun həbsi ilə bağlı 15 may 2023-cü il tarixli qərardan verilən şikayət üzrə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Apellyasiya Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli qərarını aldıq. Bəli, bəli, düz oxudunuz, şikayət may ayında verilib, qərar sentyabrın 20-də çıxarılıb və noyabrda müdafiə tərəfinə verilib. Bu, Xaçaturovun hüquqlarının səmərəli məhkəmə müdafiəsi hüququnu bir daha pozub. Apellyasiya Məhkəməsi qeyd edib ki, Xaçaturov ədalətsiz olaraq “çirkli pulların yuyulmasında” ittiham edilib, lakin o, həbsdə qalmalıdır, çünki “belə də olmalıdır”.

Vəkilin yazdığı bu cümlələr “demokratik” Ermənistanda insan haqlarının gerçək vəziyyətinin necə olduğunu əyani əks etdirir. Ancaq Qərb ölkələri Paşinyan rejiminə “müqəddəs” kimi yanaşmaqdan əl çəkmirlər. Bu isə yazımızın girişində qeyd etdiyimiz kimi, “öz yaramazımız” siyasətindən irəli gəlir.

Yeganə HACIYEVA,
politoloq

– Ermənistan hər il müxtəlif ölkələrdən və beynəlxalq təşkilatlardan demokratik dəyərlərin təbliği üçün külli miqdarda pul alır. Məsələn, hər il ABŞ Konqresi Ermənistana “demokratik tərəqqi yolunda irəliləməsi və demokratik institutların qurulması” məqsədilə çoxmilyonluq yardım ayırır. İrəvanın bu məqsədlə yardım aldığı qurumların siyahısına Avropa İttifaqı da daxildir. Paşınyanın baş nazirliyi dövründə həmin yardımlar astronomik həddə çatıb. Paşinyan və onun komandası haqqında demokrat və ya demokratik dəyərlərə sadiq komanda fikrinin özü gülüncdür. Küçə iğtişaşları ilə hakimiyyətə gəlmiş Paşinyan hüquqi dövlətin idarəetmə prinsipinin nüvəsi olan siyasi plüralizmə zidd olaraq parlament fraksiyalarını seçkidə öz namizədini irəli sürməmək haqqında iltizam verməyə məcbur edib. Hakimiyyətinin ilk günlərindən həbslər və təzyiqlər vasitəsilə siyasi opponentlərini zərərsizləşdirmək siyasəti yürüdüb, onları həbs etməklə seçki marafonundan kənarlaşdırıb. Ölkədə korrupsiyaya qarşı mübarizə, yeni vergi islahatları adı altında rəqib siyasi qrupların iqtisadi dayaqlarını sıradan çıxardıb. Eyni zamanda, islahatlar adı altında ölkədə iqtisadi resursların və mülkiyyətin yeni və qanunsuz bölüşdürülməsi istiqamətində sistemli fəaliyyət qurub. Bütün bunlar keçmiş hakim klanın nüfuzlu iqtisadi və siyasi simalarını zərərsizləşdirməyə hesablanıb. Hər zaman ikili standartlar siyasəti yürüdən Qərbin yalnız onun maraqlarına cavab verdiyi üçün belə bir şəxsi dəstəkləməsi təəssüf doğursa da, təəccüblü deyil.

 

Səxavət HƏMİD 
XQ

 



Siyasət