İctimaiyyətimizin yaxşı tanıdığı amerikalı jurnalist Lindsi Snell Azərbaycandan əl çəkmir. “Ulduz” kinosunda Lütfəli Abdullayev demiş, arxamızca düşüb “qarabaqara” bizi izləyir. Özünün “X” hesabında Azərbaycan və Türkiyə əleyhinə həqiqətdən uzaq, qərəzli və hətta ağlasığmaz hər cür mesajlar paylaşır.
Gah bizim bu və ya digər addımımıza özünəməxsus, qərəzli şərh verir, gah da bu və ya digər Qərb KİV-ində Azərbaycanla bağlı verilmiş yazıları, bəzən hətta reklamları lağa qoyur. Yəqin ki, bu, heç də təkcə yorulmaz-ərinməz xanımın erməni sevgisindən irəli gəlmir. Hesab edirik ki, onu və onun kimi bir çox qərbli media mənsublarını (və təkcə onlarımı) danışdıran erməni diasporunun gizli ianələridir.
Qəzetimizdə bu xanımın bəzi əməlləri haqqında əvvəllər də yazmışıq. Amma görürük ki, o, hələ də Azərbaycana düşmənçilik etməkdən usanmır. Sentyabrın 19-da ölkəmizin Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra bu xanım daha da fəallaşıb. Hər gün bir mesaj ataraq, Azərbaycana qara yaxmağa, ləkə vurmağa çalışır. Xanım Snell hətta ölkəmizin özünəməxsus təbii gözəlliklərini belə lağ obyektinə çevirməkdən çəkinməyərək, daxili aləminin nə qədər dərin çirkaba bulaşdığını büruzə verir. Məsələn, antiterror tədbirlərindən sonrakı günləri təsvir edərkən o, “nağılvari ağacları və aylı gecələri olan Azərbaycan”ın 100 min ermənini “deportasiya etməsindən”, “soyqırıma məruz qoymasından” söz açır.
Amma son 30 illik dünya tarixi şahidlik edir ki, əsl deportasiyanı da, soyqırımı da həmnin illər ərzində məhz azərbaycanlılar yaşayıb. Onlar təkcə Ermənistandakı tarixi vətənlərindən deportasiya olunmayıblar. Həm də keçmiş Dağlıq Qarabağ ərazisindən və ətrafdakı 7 Azərbaycan rayonundan da qovularaq etnik təmizləməyə, Xocalıda, Qaradağlıda, Meşəlidə, Baçlıbeldə və digər ərazilərimizdə böyük soyqırım aktlarına məruz qalıblar. Bundan əlavə, 30 ilə qədər Ermənistanın işğalı altında qalmış aranlı-dağlı Qarabağ ərazilərində 1 milyona qədər azərbaycanlının yaşadığı evlər, kəndlər, şəhərlər daşına qədər sökülüb dağıdılaraq yer üzündən silinib.
Əlbəttə, bütün bunları xanım Snell də, bu gün erməni təəssübü altında çiyinləri əyilən Fransa da, digər qərbli “dostlarımız” da yaxşı bilirlər. Sadəcə, bu barədə danışmağı özlərinə rəva görmürlər. Niyə? İkili standartlara görə! Azərbaycanlıların xristian olmamasına görə. Vandal, vəhşi, qəddar, müsəlman düşməni, türk düşməni erməni isə qurban kimi göstərilir. Ermənistanın törətdiyi vandallıq, vəhşilik xanım Snellin və onun kimi ermənipərəstlərin ürəyindən olub. Çünki dağıdılan müsəlman irsi, evi, kəndi, şəhəri olub. Bu 30 ildə bir dəfə də olsun Ermənistana “dayan”, “dur” deyən olmayıb. Amma aranlı-dağlı Qarabağı viranəyə, Xirosimaya çevirərək Xankəndidən könüllü şəkildə köçən ermənilər “deportasiya, soyqırımı” qurbanı adlandırılır. Halbuki, onlar separatizm yuvasına çevirdikləri Azərbaycandan gül-çiçəklə yola salınıblar.
Xanım Snell “Euronews” və bəzi digər qəzetləri Azərbaycan haqqında yazılarına, hətta reklamlarına görə tənqid edir, lağa qoyur, Böyük Britaniyanın Azərbaycanla əməkdaşlığına kinayə edir. Bununla ürəyini soyuda bilməyən xanım Azərbaycanın xəritəsini qara, Ermənistanın xəritəsini isə qırmızı rəngdə özünün “X” hesabında yerləşdirir. Yəni, ucundan tutub ucuzluğa gedənə qədər Azərbaycanı təqib edir.
Bu xanımın tərcümeyi-halı da ziddiyyətlidir. O, gah Suriyada görünür, gah Türkiyə sərhədini qanunsuz keçərək casus kimi həbsə düşür, gah Azərbaycanda peyda olaraq məxfi hərbi məlumatlar toplamaqda şübhəli bilinir, gah da hicaba bürünərək özünü məsum müsəlman kimi təqdim etməyə çalışır. Əslində isə o, Ermənistanla sıx əməkdaşlıq edərək Azərbaycan və Türkiyə əleyhinə çoxşaxəli fəaliyyət göstərir. Sonuncu paylayımları da bunu sübut edir.
Təbii ki, biz bu cür atmacalara, hətta bundan da ağır təzyiqlərə, hədə-qorxulara rast gəlmişik. Bütün bunlara baxmayaraq, biz XXI əsrin müharibə nümunəsini yaradaraq dünyaya təqdim etmiş millətik. Biz nə 44 günlük müharibədə, nə də antiterror tədbirləri zamanı bir mülki şəxsin burnunun qanamasına yol verməmişik. Biz ədalətli müharibə aparmış, BMT TŞ-nin Azərbaycan ərazilərinin qeyd-şərtsiz boşaldılması ilə bağlı 4 qətnaməsini döyüş meydanında icra etmişik. Amma təəssüf, çox təəssüf ki, Lindse Snell kimi insan haqları, ədalət, həqiqət barədə yanlış təsəvvürə malik diletantların qınağı ilə üzləşmişik. Odur ki, belələrinə fikir veməmək kimi immunitetimiz yaranıb. Biz sabaha ümid və inamla addımlamaq istəyirik. Snell kimilər isə içlərinin çirkabını tökürlər. Qoy olsun!..
Paşa ƏMİRCANOV
XQ