Prezident İlham Əliyevin Çinə ötənilki dövlət səfəri ikitərəfli münasibətlərdə yeni mərhələ açdı
Azərbaycan və Çin arasında diplomatik münasibətlər 1992-ci ildə qurulduqdan sonra tərəflər müxtəlif sahələrdə səmərəli əməkdaşlıq ediblər. Ötən dövr ərzində iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələr üzrə əməkdaşlıq daha da dərinləşib və bu proses rəsmi sənədlərlə təsdiqini tapıb.
3 iyul 2024-cü ildə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bu sənədlə rəsmi Bakı və Pekin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldərək bir-birini prioritet və etibarlı tərəfdaş kimi qəbul ediblər. Beləliklə, tərəflər ikitərəfli münasibətlər üzrə siyasətlərini xarici amillərdən asılı olmayaraq müstəqil şəkildə müəyyənləşdirmək iradəsini ortaya qoyublar.
Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə 2025-ci il aprelin 22–24-də Çinə həyata keçirdiyi dövlət səfəri iki ölkə arasındakı münasibətlərində yeni mərhələnin əsasını qoyub. Səfər strateji tərəfdaşlığın daha yüksək səviyyəyə yüksəlməsi baxımından mühüm əhəmiyyət kəsb edib və aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalanmışdır. Sənəd Azərbaycan və Çin arasında münasibətlərin bütün sahələri əhatə edən, yüksək səviyyəli siyasi etimada əsaslanan, daha institusional, sistemli və dərin xarakter daşıyan tərəfdaşlıq səviyyəsinə yüksəldiyini göstərir.
Bəyanatda tərəflər bir-birinin suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinə qətiyyətli dəstək ifadə edirlər. Azərbaycan “vahid Çin” prinsipini dəstəkləyərək Tayvanı Çin ərazisinin ayrılmaz hissəsi kimi tanıyır, Çin isə Azərbaycanın sülh gündəliyini müdafiə edir və geosiyasi qarşıdurmaları qeyri-məhsuldar sayır. Bundan başqa, sənəddə dövlət başçılarının diplomatiyasının əsas strateji xətt kimi götürüləcəyi, ikitərəfli münasibətlərin uzunmüddətli və dayanıqlı inkişafının təşviq ediləcəyi vurğulanır. Eyni zamanda, Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında dialoqun gücləndirilməsi, hökumətlərarası mexanizmlərin genişləndirilməsi, parlamentlər və xarici işlər nazirlikləri xətti üzrə müntəzəm təmasların davam etdirilməsi nəzərdə tutulur.
Qeyd olunan siyasi istiqamətlərlə yanaşı, əməkdaşlığın iqtisadi komponentləri də sənəddə mühüm yer tutur. Tərəflər müasirləşməni birgə şəkildə irəli aparmaq və daha yüksək səviyyəli, yüksək dayanıqlılıq və uzunmüddətli sabitliyə malik yeni birgə inkişaf məkanı yaratmaq üçün “Bir kəmər, bir yol” təşəbbüsünün Azərbaycanın “İpək Yolunun dirçəldilməsi” dövlət inkişaf strategiyası və 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf Strategiyası ilə uyğunlaşdırılmasını möhkəmləndirmək barədə razılaşıblar.
Bəyanatda bildirilir ki, ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın rolu artırılır, ticarət, investisiya, “yaşıl enerji” və rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlığın genişləndirilməsi, həmçinin investisiya üzrə İşçi qrupun yaradılması nəzərdə tutulur. Azad ticarət sazişi üzrə danışıqlara başlamaq niyyəti də ifadə olunub.
Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığının qurulması bazar çıxışını genişləndirməyi, sərgi və forumlarda fəal iştirakı təşviq etməyi, sənaye sahəsində – xüsusilə neft-kimya, metallurgiya, maşınqayırma və digər istiqamətlərdə əməkdaşlığı dərinləşdirməyi də nəzərdə tutur. Enerji keçidi və bərpaolunan enerji sahəsində əməkdaşlıq, həmçinin nəqliyyat və logistika əlaqələrinin inkişafı prioritet kimi müəyyənləşdirilib. Trans-Xəzər marşrutlarının genişləndirilməsi, multimodal daşımalar və avtomobil nəqliyyatı üzrə sazişlərin sürətləndirilməsi ikitərəfli iqtisadi əlaqələrin gücləndirilməsinə xidmət edəcək.
Qeyd edək ki, iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri nəqliyyat-logistika sahəsidir. Çin Xəzər dənizinə çıxışı təmin edən dəmir yolu layihələrini, həmçinin Qırğızıstan və Özbəkistan üzərindən keçən yeni dəmir yolu xətlərini maliyyələşdirir və bu istiqamətdə böyük həcmdə sərmayə yatırır. Bu, Xəzər hövzəsi və Azərbaycana yük axınının artmasına şərait yaradır. Mərkəzi Asiya ölkələri ilə birlikdə Çindən gələn əlavə yükdaşımalar Şərq–Qərb marşrutunu, xüsusilə Orta Dəhlizi daha işlək hala gətirir.
2025-ci ilin yanvar–noyabr aylarında bu marşrutla 466 qatar reysi həyata keçirilib. Hazırda Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizində hərəkət intensivləşib, daşınma müddəti isə təxminən 23 gündən 11 günə qədər azalıb. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının proqnozlarına əsasən, 2030-cu ilə qədər Orta Dəhliz üzrə yükdaşımalar 11 milyon tona, 2040-cı ilə qədər isə konteyner daşımaları 865 min TEU-ya qədər arta bilər. Bu, Azərbaycanın logistik əhəmiyyətini gücləndirməklə yanaşı, qlobal ticarət üçün də dayanıqlı alternativ yaradır.
Nəqliyyat-logistika sahəsindən başqa, Çin həm də Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. İki ölkə arasında iqtisadi əlaqələr son illərdə ardıcıl şəkildə genişlənib və yüksək səviyyəyə yüksəlib. Azərbaycan–Çin ticarət dövriyyəsi 2015-ci ildə 561 milyon dollar, 2016-cı ildə 975 milyon dollar, 2017-ci ildə 1 milyard 300 milyon dollar, 2018-ci ildə 1 milyard 310 milyon dollar, 2019–2020-ci illərdə isə təxminən 2,1 milyard dollar təşkil edib. 2022-ci ildə bu göstərici 2,2 milyard dollara çatıb. 2023-cü ildə isə 3,1 milyard dollara yüksəldiyi halda, 2024-cü ilin ilk 10 ayının nəticələrinə əsasən, ticarət dövriyyəsi 3 milyard dolları keçib və illik müqayisədə 17,1 faiz artım qeydə alınıb. 2025-ci ilin yanvar–dekabr aylarında Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 4, 21 milyard ABŞ dolları təşkil edib. Bu göstərici ümumi ticarət dövriyyəsinin 9,45 faizinə bərabərdir. Hesabat dövründə idxal üzrə əsas tərəfdaş ölkələr arasında Çin 4,12 milyard ABŞ dolları ilə birinci yerdə qərarlaşıb. 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan ilə Çin arasında ticarət əməliyyatlarının həcmi 779,4 milyon ABŞ dolları təşkil edib. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 34 milyon ABŞ dolları və ya 4,6 faiz artım deməkdir.
Hər ötən gün dünya ticarətində payı artan Çin və Cənubi Qafqazda mühüm tranzit və enerji mərkəzinə çevrilən Azərbaycan arasında əməkdaşlıq daha geniş xarakter alır. Bu yöndə ARDNF-in Çin İnvestisiya Korporasiyası və İndoneziya İnvestisiya Qurumu ilə birgə Çin–ASEAN İnvestisiya Platformasında (CAIP) iştirakı əməkdaşlığın institusional dərinləşməsini ifadə edir. Prezident İlham Əliyevin 2025-ci ilin aprelində Çinə dövlət səfəri zamanı imzalanmış sənəd bu prosesin əsasını qoyub və üçtərəfli platformanın formalaşmasını sürətləndirib. 2026-cı ilin aprelində CAIP-ə qoşulma ilə ARDNF Asiyada yeni investisiya mexanizminin iştirakçısına çevrilib. Platforma sənaye, texnologiya, səhiyyə və xidmət sahələrində investisiya imkanlarını genişləndirir, eyni zamanda, kapital axınlarının diversifikasiyası və bilik mübadiləsinə xidmət edir.
Xatırladaq ki, ARDNF 2015-ci ildən Çin maliyyə bazarında fəaliyyət göstərir. Hazırda Çin aktivləri portfelin təxminən 2,5 faizini təşkil edir ki, bu da təxminən 1,9 milyard dollara bərabərdir. Eyni zamanda, Fondun Çin yuanı ilə investisiyaları 11,5 milyard yuan (təxminən 1,7 milyard dollar) səviyyəsindədir. ARDNF-in Çin Xalq Bankı, Çin İnvestisiya Korporasiyası, “Bank of China”, CICC, “CITIC Securities”, “Agricultural Bank of China” və “Orient Securities” ilə əməkdaşlığı maliyyə əlaqələrini daha da gücləndirir.
Ümumilikdə, CAIP platforması Azərbaycanın Asiya bazarlarında investisiya mövqeyini gücləndirir və Azərbaycan–Çin iqtisadi əməkdaşlığının daha dərin mərhələyə keçidini təmin edir.
Musa BAĞIRLI
XQ

