Parlament sədri Şalva Papuaşvili Brüsselin təhrikçi niyyətini pisləyib
“Brüssel Rusiyaya qarşı sanksiyalar tətbiq etməyimizi tələb edirdi. Dəfələrlə onlardan soruşduq: “Əgər bu, iqtisadi böhrana səbəb olarsa, bizə pul verəcəksinizmi, kömək edəcəksinizmi? Söz verirsinizmi?” Onlar “yox” dedilər, vermədilər. Yenə soruşduq: “Əgər bu, qarşıdurmanın şiddətlənməsinə və Rusiya ilə birbaşa müharibəyə səbəb olarsa, siz – Estoniya, Litva, Almaniya və ya Fransa gəlib bizimlə birlikdə döyüşəcəksinizmi?” Onlar yenə “yox” dedilər”. Bu fikri Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Cənab Papuşavili son dərəcə maraqlı məqama toxunub. Bu məqam iki cəhətdən – həm mənəvi, həm də siyasi baxımdan diqqət çəkməkdədir. Aydındır ki, Qərb Ukrayna müharibəsi fonunda Cənubi Qafqazda yeni anti-Rusiya cəbhəsi formalaşdırmaq istəmiş və çalışmışdı ki, bunu Gürcüstanın əli ilə etsin.
Məlumdur ki, Rusiya Gürcüstanın beynəlxalq hüquqla tanınmış iki bölgəsini işğal edib, həmin bölgələrdə separatçı quruluşlar formalaşdırıb. Söhbət Cənubi Osetiya və Abxaziyadan gedir. Yəni Qərb və Avropa başbilənləri məhz buna görə Tbilisinin Moskvaya qarşı cəbhə açmasını nəzərdən keçirmişdilər. Amma...
“Əmması” odur ki, oxşar durum 2008-ci ildə də yaşanmışdı. Həmin vaxt Qərb Rusiya ilə Gürcüstan arasında müharibəyə rəvac verməyə müvəffəq oldu. Savaşın ikinci üçün necə nəticələndiyini bütün dünya gördü. Rus tankları paytaxt Tbilisinin bir neçə kilometrliyinədən irəlilədilər. Yalnız ozamankı Fransa Prezidenti Nikola Sarkozinin Rusiya Prezidenti Vladimir Putinə, az qala, yalvarışından sonra rus həbçiləri Gürcüstandan çıxdılar. Amma bundan sonra rəsmi Moskva Cənubi Osetiyanın və Abxaziyanın müstəqilliklərini rəsmən tanıdı.
Belə bir deyim var: qaş düzəldirdilər, vurub gözünü çıxardılar. Rusiyanın Cənubi Osetiyanın və Abxaziyanın müstəqilliklərini tanıması fonunda Qərbin hərəkəti eynilə bu deyimi xatırladır. Cənab Papuaşvilinin söylədikləri isə sübut edir ki, o zamandan heç nə dəyişməyib. Hərçənd, dəyişən bir şey var. Söhbət Qərbin Gürcüstan hakimiyyətinə münasibətindən gedir. O hakimiyyət ki, Avropanın müxtəlif dairələri tərəfindən təzyiqə məruz qalmaqdadır. Ona görə ki, ölkə anti-Rusiya cəbhəsində iştirakçılığa razı deyil.
Məsələ ondadır ki, Gürcüstanı Rusiyaya qarşı çıxmağa çağıran Qərb ölkələrinin bir çoxunun Rusiya ilə sərhədi yoxdur. Yəni, onların təmsilçilərinə ağızlarını köpükləndirib danışmaq çox asandır. Digər tərəfdən, Papuaşvilinin bildirdikləri fonunda Qərbin Gürcüstanın əli ilə Cənubi Qafqazda anti-Rusiya cəbhəsi yaratmaq cəhdinin mənəvi baxımdan da yolverilməzlik fazası var.
Aydındır ki, gürcü iqtidarının yuxarıda diqqətə çatdırdığımız sualları ritorik olub. Yəni cavablar məlum idi. Elə isə görəsən, hansı səbəbdən Qərb, obrazlı desək, gözəl qızı əjdahaya yem etmək istəyib? Səbəb sadədir. Avropa siyasətçiləri çalışmışdılar ki, Ukrayna müharibəsi ilə formalaşmış anti-Rusiya dalğasının dramatizm yükü artsın. Ortada tipik Qərb yanaşması var. Gürcüstan Rusiya ilə müharibəyə başlasaydı, savaş Moskvaya hansısa ciddi təsir göstərməyəcəkdi. Eləcə də birincinin ikinciyə sanksiya tətbiqi nəyisə dəyişməyəcəkdi. Əksinə, Gürcüstan Rusiyanın sanksiyalarından zərər görəcəkdi.
Bəli, Qərbin sırf dramatik mənzərə formalaşdırmağa hesablanmış yanaşmasında acınacaqlı duruma düşmüş, evi dağılmış, ailəsi mərmilər altında məhv olmuş sadə gürcü obrazı var idi. Bu obraz Rusiyanı əndazəsizliyi görüntüsünü şiddətləndirməli, belə demək mümkünsə, siyasətə sentimentallıq ovqatı gətirməli idi.
Yeri gəlmişkən, Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə öz torpaqlarını işğaldan azad edən zaman da Qərbin bəzi dairələri Gürcüstan hakimiyyətini qızışdırmaq yolu tutmuşdular. Təzadlı məqam budur ki, həmin dairələr bir yandan Azərbaycanın haqq mübarizəsini, az qala, işğalçılıq kimi qiymətləndirdikləri halda, gürcü iqtidarına təcavüzlə barışmamaq tapşırığını verməyə cəhd göstərmişdilər.
Bir daha deyək ki, Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. Ölkəmiz, habelə, gürcü xalqının haqqının tapdandığı qənaətindədir. Ancaq Cənubi Osetiya və Abxaziya böhranının aradan qalxması rasional yanaşma nəticəsində baş verməlidir. Məsələ, heç bir halda, siyasi avantüra mahiyyəti daşımamalıdır və hazırda rəsmi Tbilsinin yeritdiyi xətt bu baxışa adekvatdır. Cənab Papuaşvili də açıqlaması ilə, əslində, həmin xəttin davamlı olacağını bir daha vurğuladı. Ən əsası isə o, Qərbin bəzi dairələrinin riyakarlığını yenidən, özü də kifayət qədər sadə və anlaşıqlı şəkildə ortaya qoydu.
R.ƏVƏZ
XQ


