22 Aprel Beynəlxalq Yer Günüdür
Ekoloji tarazlığın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə müasir dövrün ən aktual mövzularından biridir. Temperatur artımı, buzlaqların əriməsi və təbii fəlakətlərin tez-tez təkrarlanması ətraf mühitə münasibətimizin köklü şəkildə dəyişməsini zəruri edir. Bu mürəkkəb şəraitdə hər il aprelin 22-də qeyd olunan Beynəlxalq Yer günü bəşəriyyətin planet qarşısındakı kollektiv məsuliyyətini bir daha xatırladır.
Əlamətdar günün tarixi XIX əsrin ikinci yarısına, ABŞ-ın Nebraska ştatında Corc Mortonun təşəbbüsü ilə keçirilən “Ağac günü”nə təsadüf edir. Həmin dövrdə əsas diqqət yaşıllaşdırma işlərinə yönəlsə də, zaman keçdikcə bu hərəkat daha geniş miqyas almışdır. 1970-ci ildən etibarən isə senator Geylord Nelsonun təklifi ilə həmin tarixin adı dəyişdirilərək “Yer günü” adlandırılmışdır.
1990-cı ildən etibarən beynəlxalq xarakter alan bu hərəkatın əsas istiqamətlərindən biri təbii mühiti ilkin formada qoruyan Milli parklara həsr edilib. Burada əsas hədəf xüsusi mühafizə olunan ərazilərdəki mövcud problemlərin həllinə ictimaiyyətin diqqətini cəlb etmək, bu sahədə real praktiki və maliyyə dəstəyi göstərməkdir. Hazırda dünyanın 150-yə yaxın ölkəsində, o cümlədən respublikamızda qeyd olunan bu gün ictimaiyyəti təbiət qarşısında daha məsuliyyətli olmağa çağırır.
Son onilliklərdə müşahidə olunan qlobal istiləşmə təbii fəlakətlərin sayını artırmaqla yanaşı, ekosistemi də ciddi şəkildə zədələyir. Bu proses təkcə canlıların yox olması ilə bitmir, həm də təbiətin insan sağlamlığı üçün vacib olan funksiyalarını – havanın təmizlənməsi və suyun filtrasiyası imkanlarını məhdudlaşdırır. Atmosferin çirklənməsi, plastik tullantıların okeanlardan dağ zirvələrinə qədər yayılması isə ekoloji deqradasiyanı daha da sürətləndirir. Nəticədə, təbiət özünübərpa qabiliyyətini itirir və bəşəriyyət üçün həyati əhəmiyyət kəsb edən təbii resurslar tükənir.
Ölkəmiz bu qlobal mübarizənin ön sıralarında yer alaraq ətraf mühitin mühafizəsini dövlət siyasətinin prioritet istiqaməti müəyyən edib. Ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə yeni meşə massivlərinin salınması və su ehtiyatlarının səmərəli idarə olunması istiqamətində sistemli addımlar atılır. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyaları bu sahədə həyata keçirilən tədbirlərin bariz nümunəsidir. Görülən işlər təkcə təbiətin bərpasına deyil, həm də regionun ekoloji baxımdan dayanıqlı inkişafına xidmət edir.
Beynəlxalq miqyasda qazanılan etimadın nəticəsi olaraq, ölkəmizin ev sahibliyi etdiyi COP29 sammiti qlobal iqlim siyasətində yeni səhifə açdı. Bu mötəbər tədbir dövlətimizin ekoloji məsuliyyətini nümayiş etdirməklə yanaşı, həm də iqlim dəyişikliyi ilə mübarizədə qlobal həllərin mərkəzinə çevrilməsinə zəmin yaratdı. Sammit çərçivəsində qəbul edilən qərarlar və əldə olunan razılaşmalar ölkəmizdə “yaşıl iqtisadiyyat”a keçid prosesini daha da sürətləndirdi, bərpaolunan enerji mənbələrindən istifadə imkanlarını genişləndirdi.
Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən icra olunan layihələr beynəlxalq öhdəliklərin praktiki müstəviyə keçməsini təmin edir. Xüsusilə emissiyaların azaldılması, ekoloji monitorinq sistemlərinin müasirləşdirilməsi və biomüxtəlifliyin qorunması istiqamətində həyata keçirilən tədbirlər ölkəmizin ekoloji xəritəsinin yenidən formalaşmasında mühüm rol oynayır. Bu layihələr təkcə bugünkü ekoloji sabitliyə xidmət etmir, həm də gələcək nəsillər üçün daha sağlam və təmiz bir mühitin qarantı hesab olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın sədri Amin Məmmədov bildirdi ki, ölkədə ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində əsas yük bu qurumun üzərinə düşür və nazirliyin tabeliyindəki xidmətlər tərəfindən sahə üzrə kompleks nəzarət tədbirləri həyata keçirilir:
– Ətraf mühitin mühafizəsi və təbii ehtiyatların qorunması prioritet fəaliyyət istiqamətləri olaraq müəyyən edilib. Nazirliyin müvafiq agentlikləri tərəfindən mütəmadi keçirilən monitorinq və reydlər həm yaşıllıqların mühafizəsinə, həm də ətraf mühitə zərərli tullantıların atılmasının qarşısının alınmasına xidmət edir. Bu tədbirlər ölkənin ekoloji dayanıqlılığının qorunmasında həlledici rol oynayır.
Şura sədri qeyd etdi ki, işğaldan azad edilmiş torpaqlarımızda aparılan ekoloji bərpa işləri artıq ümumi ekosistemdə müsbət dəyişikliklərlə müşahidə olunur:
– 30 ilə yaxın davam edən işğal dövründə çaylarımız, meşə massivlərimiz və təbiətimiz sistemli şəkildə məhvə məruz qalsa da, ərazilər nəzarətimizə keçdikdən sonra burada dərhal ciddi ekoloji monitorinq mexanizmləri işə salınıb. Xüsusilə Ermənistan ərazisində çirkləndirilərək Qarabağa axan transsərhəd çaylar, o cümlədən Oxçuçay üzərində aparılan laboratoriya təhlilləri beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmağa imkan verib və buna səbəb olan müəssisələrin fəaliyyəti dayandırılıb. Eyni zamanda, işğal müddətində məhv edilmiş 60 min hektar yaşıllıq ərazisinin bərpası məqsədilə minalardan təmizlənmiş sahələrdə genişmiqyaslı meşəsalma layihələri icra olunur. Bu proses həm ekoloji tarazlığın bərpasına, həm də əraziyə qayıdan əhalinin sağlam mühitdə yaşamasına xidmət edir.
Müsahibimiz nazirliyin gələcək hədəflərindən danışarkən söylədi ki, Azərbaycanın Səhralaşma ilə Mübarizəyə dair Konvensiyaya üzv olması meşəbərpa istiqamətində üzərimizə böyük öhdəliklər qoyur:
– Ölkədə hər il keçirilən genişmiqyaslı ağacəkmə aksiyaları bu məqsədə xidmət edir. Məsələn, 2019-cu ildə Nəsiminin 650 illiyi münasibətilə bir gündə 650 min ağacın əkilməsi ən böyük təşəbbüslərdən idi. Hazırda bu ənənə davam etdirilir; təkcə 2024-cü ildə “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində ölkə üzrə 3 milyondan çox ağac əkilib.
Su ehtiyatlarının idarə olunmasına gəlincə, bu sahədə əsas səlahiyyətlər Dövlət Su Ehtiyatları Agentliyinə həvalə edilib. 2026-cı ilin yanvarında ölkə başçısının təsdiqlədiyi 2026-2035-ci illəri əhatə edən Dövlət Proqramı Bakı və Abşeron yarımadasında su təchizatı, kanalizasiya və yağış sularının idarə edilməsini köklü şəkildə yaxşılaşdıracaq. Yaxın on il ərzində qoyulacaq investisiyalar sayəsində su ehtiyatlarının daha səmərəli idarə olunması təmin ediləcək.
Ekoloji tarazlığın pozulmasının təbiətə təsirləri məsələsinə də toxunan həmsöhbətimiz dedi ki, qlobal iqlim böhranı ölkəmizdə təkcə biomüxtəlifliyə deyil, bir çox sahələrə də mənfi təsir göstərir:
– Bu təhdidlərin qarşısının alınması üçün ETSN-in Biomüxtəlifliyin Qorunması Xidməti tərəfindən müxtəlif beynəlxalq təşkilatlarla birgə ardıcıl layihələr icra olunur. Bura ceyranların tarixi areallarına qaytarılması (reintroduksiyası) və balıq ehtiyatlarının artırılması kimi mühüm təşəbbüslər daxildir. 2023-cü ildə "Qırmızı kitab"ın üçüncü nəşrinin işıq üzü görməsi nadir flora və fauna növlərinin qeydiyyatı, eləcə də onların mühafizəsi üçün zəruri tədbirlərin görülməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Hazırda bu istiqamətdə nəzarət mexanizmləri daha da gücləndirilr. Xüsusilə nadir növlərin monitorinqi və ekoloji təhlükəsizliyin təmin olunması məqsədilə müasir metodların tətbiqi genişləndirilir.
Sonda Amin Məmmədov ekoloji sağlamlığın qorunmasında vətəndaş məsuliyyətinin həlledici amil olduğunu diqqətə çatdırdı:
– Hər bir fərdin təbiət qarşısında vacib öhdəliyi yaşadığı mühitin qayğısına qalmaq, tullantıları yalnız təyin olunmuş yerlərə atmaq və resurslardan, xüsusən də sudan qənaətlə istifadə etməkdir. Vətəndaşlar ağacların qanunsuz kəsilməsi kimi neqativ hallarla rastlaşdıqda aidiyyəti qurumlara məlumat verməli, şəxsi təşəbbüsləri ilə yaşıllaşdırma işlərinə töhfə verməlidirlər. Ümumilikdə, fərdi ekoloji təfəkkürün inkişaf etdirilməsi və cəmiyyətin maarifləndirilməsi dayanıqlı gələcək üçün başlıca şərtdir.
Elenora HƏSƏNOVA
XQ


