Dövlət büdcəsinə 170 milyon manat ziyanı kim vurub?

post-img

Hesablama Palatasının Milli Məclisə hesabatında bu suala cavab axtarıldı

Ötən gün Milli Məclisin növbəti plenar iclası keçrildi. İclas parlamentin spikeri Sahibə Qafarovanın ənənəvi hesabat nitqi ilə başladı. Sədr rəhbərlik etdiyi nümayəndə heyətinin 14–17 aprel tarixlərində İstanbulda keçirilən Parlamentlərarası İttifaqın 152-ci Assambleyasında və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 5-ci Konfransında uğurlu iştirakından və müxtəlif ölkələrin parlament rəhbərləri ilə keçirdiyi görüşlərdən bəhs etdi.

Daha sonra Milli Məclisin deputatları cari məsələlər ətrafında çıxışlar etdilər. Çıxışçılar Belçika və Niderland parlamentlərinin 2026-cı il aprelin 16-da Azərbaycan–Ermənistan sülh prosesinə, hər iki ölkənin birgə səyləri ilə regionda sülh və əməkdaşlıq mühitinin formalaşmasına yönəlmiş addımlara zərbə vurmaq məqsədi daşıyan qətnamələrini qınadılar və qətiyyətlə rədd etdilər. Deputat Elçin Mirzəbəyli çıxışında bildirdi ki, hər iki ölkənin parlamentlərinin son qətnamələri nə hüquqi əsaslara, nə də regiondakı real vəziyyətə söykənir: “Bu sənədlər siyasi manipulyasiya nümunəsi olmaqla yanaşı, beynəlxalq hüququn prinsiplərinə selektiv və riyakar yanaşmanın, açıq qərəzin, siyasi aqressiyanın növbəti təzahürüdür. Xüsusilə, Avropa Şurası Parlament Assambleyasında Bekçikalı parlamentarilərin ölkəmizə qarşı həyata keçirilən qarayaxma kampaniyalarının ön sıralarında yer alması, ölkə parlamentində Azərbaycanla dostluq qrupunun fəaliyyəti dayandırılması da sübut edir ki, bu, ardıcıl və planlı şəkildə qurulan və siyasi motivlərə əsaslanan prosesdir. Bu səbəbdən təklif edirəm ki, Azərbaycan–Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyəti dayandırılsın”.

Deputat Erkin Qədirli isə Belçika və Niderlandın parlamentarilərini savadsız adlandırdı. Onun sözlərinə görə, sözügedən qətnamələr hüquqi baxımdan, ilk növbədə, qeyri-peşəkar və qanuni əsaslardan uzaqdır: “Hazırda Azərbaycanda barələrində hələ qanuni qüvvəyə minmiş hökm olmasa da, birinci instansiya məhkəməsinin qərarı olan şəxslər var və proses hüquqi qaydada davam edir. Lakin həmin separatçı və terrorçu erməni şəxslər qətnamələrin bəzi yerlərində, “siyasi məhbus”, digər hallarda isə “müharibə əsiri” kimi təqdim olunur. Bu isə onu göstərir ki, Belçika və Niderlandın deputatlarında siyasi savadsızlıq var”.

***

Cari mövzularla bağlı çıxışlar bitdikdən sonra gündəmdə duran məsələlərin müzakirəsinə keçid edildi. İlk olaraq, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov palatanın 2025-ci ildə fəaliyyəti barədə məruzə etdi. O bildirdi ki, qanunçuluq, obyektivlik, şəffaflıq, peşəkarlıq və qanunvericilikdə təsbit edilmiş digər prinsiplərə əsaslanaraq, hesabat ilində həyata keçirilən bütün fəaliyyətlərin hesabatda əhatəli əks olunmasına çalışılıb: “2025-ci ildə audit və analitik fəaliyyət formasında 48 nəzarət tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul olunub, bunlardan birinin nəticələrinin rəsmiləşdirilməsi növbəti ilə keçirilib. Auditlərin əhatə dairəsinin əsas hissəsini icmal büdcənin müxtəlif elementləri təşkil edib. Müxtəlif illər üzrə dövlət büdcəsinin 6,7 milyard manatı, 2023-cü il üzrə Dövlət Neft Fondunun, 2023-2024-cü illər üzrə İcbari Tibbi Sığorta Fondunun büdcələri tam şəkildə, 2023-2025-ci illər üzrə Naxçıvan Muxtar Respublikasının büdcəsinin 101,3 milyon manatı, eləcə də qeyri-büdcə vəsaitlərindən 130,1 milyon manat dövlət auditi ilə əhatə edilib. Ötən ilin İş Planı üzrə 32 auditdə dövlət satınalmalarını tənzimləyən hüquqi aktların tələblərinin pozulması hallarına rast gəlinib”.

Palata sədri bildirdi ki, büdcə qanunvericiliyi üzrə nöqsanlar yenə də ən yüksək paya malikdir. Onun sözlərinə görə, 2025-ci ilin İş Planı çərçivəsində kənar dövlət maliyyə nəzarəti (KDMN) tədbirləri ilə ümumilikdə 1,554 milyon manat məbləğində nöqsan aşkarlanıb. Sədr qeyd etdi ki, bu məbləğin 37,6 faizi və ya 584,8 milyon manatı uyğunsuzluq məbləğidir və qeyd olunan məbləğin 170,4 milyon manatını büdcəyə hesablanmış zərər təşkil edib: “Bunun 101,5 milyon manatı bərpa edilib, 40,2 milyon manatı üzrə materiallar prokurorluğa göndərilib, 28,7 milyon manatlıq sosial ödənişlər isə dayandırılıb. Ümumi nöqsanların 40,3 faizi (626,3 milyon manat) maliyyə təhrifləridir. Bunun 481,3 milyon manatı hesabatlarda məlumatların əks olunmaması, 145 milyon manatı isə digər təhriflərlə bağlıdır. Təhriflərin əsas səbəbi gəlir və xərclərin düzgün və vaxtında tanınmamasıdır. Nöqsanların 22,1 faizi (342,9 milyon manat) səmərəsiz xərclərdir və əsasən aktivlərin istifadəsiz qalması, qənaət imkanlarından yararlanmamaq və zəruri olmayan satınalmalarla əlaqəlidir”.

Palata sədrinin çıxışından sonra deputat Razi Nurullayev büdcə zərərinə görə konkret məsuliyyətin açıqlanmamasını tənqid etdi: “Narahatedici məqam odur ki, 170,4 milyon manat birbaşa büdcəyə zərərdir və konkret məsuliyyət doğuran haldır. Bu rəqəmlərə görə cavabı kim verəcək? Hesabatlarda rəqəmlər var, amma konkret məsul şəxslərin adları və real hüquqi nəticələr cəmiyyətə açıq şəkildə təqdim olunmur. Mən bunu çox gözəl başa düşürəm və bilirəm ki, Bakı da bir günə tikilməyib. Zamanla hər şey düzələcək”.

Edilən digər çıxışlardan sonra Milli Məclis Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatını qəbul etdi.

***

Daha sonra digər qanun layihələri müzakirə edildi. Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, dövlət büdcəsinə aid vəsaitlərdən təyinatı üzrə istifadə edilməməsinə görə cərimələrin tutulması qaydasının dəyişməsi son oxunuşda təsdiqləndi. Dəyişikliklə cərimə sabit məbləğ (9–13 min manat) əvəzinə, pozuntunun məbləğinin 100 faizi həcmində müəyyən ediləcək və əhatə dairəsi dövlətə məxsus hüquqi şəxslərin vəsaitlərini də daxil edəcək. Həmçinin külli miqdarda hallar üçün 3 ilədək azadlığın məhdudlaşdırılması cəzası əlavə olunur. İlk dəfə törədən şəxs ziyanı tam ödəyərsə, məsuliyyətdən azad ediləcək.

Cinayət və Cinayət-Prosessual məcəllələrə, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Media haqqında" qanunlara edilən dəyişikliklərə əsasən, şəxsin razılığı olmadan onun səsi və ya görüntüsü əsasında reallığı əks etdirməyən foto, video və audio materialların hazırlanması və yayılması 3 000–7 000 manat cərimə, 360–480 saat ictimai işlər, 3 ilədək azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Eyni əməllər ağırlaşdırıcı hallarda (qrup şəklində törədildikdə, bir neçə şəxsə qarşı olduqda, nüfuzdan salmaq məqsədi daşıdıqda və s.) 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzası gözləyir. Pornoqrafik və ya seksual məzmunlu materiallar üzrə isə cəza 3 ildən 7 ilədək azadlıqdan məhrumetmədir. Bundan əlavə, süni intellektlə hazırlanmış materiallar kütləvi yayıldıqda onların bu texnologiya ilə hazırlandığını göstərən aydın və görünən nişanlanma tələb olunur. Aparılan müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edildi.

Gündəlikdə olan digər qanun layihələrinə təklif edilən dəyişikliklər də müvafiq oxunuşlardan sonra səsverməyə çıxarılaraq qəbul edildi. Bununla da Milli Məclisin plenar iclası başa çatdı.

Tacir SADIQOV
XQ

Siyasət