Yaxın Şərqdə artan geosiyasi gərginlik fonunda ABŞ–İran qarşıdurması beynəlxalq medianın gündəmdən düşməyən mövzusudur. Hərbi ritorika və iqtisadi təzyiqlərin qarşılıqlı şəkildə davam etməsi vəziyyətin daha da qəlizləşdiyini göstərir. Hörmüz boğazı ətrafında baş verənlər qlobal enerji bazarlarını da ciddi risk altına salır. Tərəflər arasında danışıqlar ehtimalı, bu istiqamətdə atılan addımlar böhranın necə inkişaf edəcəyini müəyyənləşdirən amillər kimi çıxış edir. Xarici media mövcud hərbi-siyasi mənzərəni müxtəlif aspektlərdən işıqlandırmağa və təhlil etməyə üstünlük verir.
“Reuters”: ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ tezliklə İranın heç vaxt nüvə silahı əldə etməyəcəyinə zəmanət verəcək: “Bu, baş verəcək və düşünürəm ki, çox tez baş verəcək. Onların nüvə silahı olmayacaq və biz buna icazə verməyəcəyik”. Bundan öncə Ağ Ev rəhbəri ABŞ və İran nümayəndələrinin zənginləşdirilmiş uranı bu ölkədən çıxarmaq üçün birlikdə çalışacaqlarını və Tehranın Vaşinqtondan heç bir dondurulmuş aktiv almadan nüvə proqramını qeyri-müəyyən müddətə dayandırmağa hazır olduğunu bildirmişdi.
“Al Jazeera”: İran Xarici İşlər Nazirliyi ABŞ-ın “TOUSKA” ticarət gəmisini saxlaması ilə əlaqədar BMT-nin Baş katibi Antonio Quterreşə və Beynəlxalq Dəniz Təşkilatına rəsmi şikayət məktubu göndərib. XİN-in bəyanatında qeyd olunub ki, İran ABŞ-ın bu qanunsuz hərəkətinin çox təhlükəli nəticələri barədə xəbərdarlıq edir, İran gəmisinin, dənizçilərin, ekipajın və onların ailələrinin dərhal azad edilməsinin vacibliyini vurğulayır”.
“Tasnim”: İranın ali lideri Müctəba Xamenei ölkənin nümayəndə heyətinin ABŞ ilə Pakistanın paytaxtı İslamabadda danışıqlarda iştirakına razılıq verib. Mənbənin sözlərinə görə, icazə bazar ertəsi (20 aprel) axşam daxil olub. Bildirilir ki, İran tərəfi İslam İnqilabı Keşikçiləri Korpusunun danışıqçılara təzyiqi səbəbindən məsələni uzadırdı. Görüşün təxirə salınmasında məqsəd “sərt mövqeyə” nail olmaqdır: “ABŞ blokadası dayandırılmadan heç bir danışıq aparılmayacaq”.
“The Washington Post”: Tehran razılığa gələnə qədər ABŞ Hörmüz boğazındakı İran limanlarını blokadada saxlamaqda davam edəcək. Bunu ABŞ Prezidenti Donald Tramp “TruthSocial”da yazıb: “Ən əsası, İranı tamamilə məhv edən blokada razılaşma əldə olunana qədər qaldırılmayacaq. Onlar gündə 500 milyon dollar itirirlər ki, bu da qısa müddətdə belə davamlı olmayan bir rəqəmdir”. Trampın sözlərinə görə, bir çox xarici media nümayəndəsi İranın tərəfini tutaraq Amerika əleyhinə ritorika yayır. Lakin Amerika lideri iddia edir ki, o, hakimiyyətdə qaldığı müddətcə Tehran bu müharibədən qalib çıxmayacaq.
“BBC”: Gəmiləri Hörmüz boğazının qərbində qalan bəzi şirkətlər kriptovalyuta müqabilində boğazdan “təhlükəsiz keçid” təklif edən saxta mesajlar almağa başlayıb. Məlumata görə, özünü İran hökumətinin nümayəndələri kimi təqdim edən naməlum şəxslər bir sıra gəmiçilik şirkətlərinə keçid üçün icazəyə görə “Bitcoin” və ya “Tether” kriptovalyutası ilə ödənişin tələb olunduğu mesajlar göndərib.
“Mizan”: İranda yanvar etirazları zamanı məscidi yandırmaqda və İsrail kəşfiyyatı ilə əlaqəli şəbəkəyə rəhbərlik etməkdə ittiham olunan şəxs barəsində çıxarılmış ölüm hökmü icra edilib. Əmirəli Mircəfərinin ölüm hökmü çərşənbə axşamı səhər saatlarında icra edilib.
“Mehr”: “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının komandanı Əli Abdullahi bildirib ki, İran Silahlı Qüvvələri düşmənlərin hər hansı təcavüzkar hərəkətlərini bərpa edəcəyi təqdirdə, onlara “dərhal və qətiyyətli cavab” verməyə hazırdır. O vurğulayıb ki, Tehran hərbi sahədə, o cümlədən Hörmüz boğazına nəzarət məsələsində üstünlüyünü qoruyur və ABŞ Prezidentinin “yerlərdəki vəziyyətlə bağlı yalan narrativlər yaratmasına” imkan verməyəcək. İranla ABŞ arasında iki həftəlik atəşkəs aprelin 22-də başa çatır.
“France Inter”: Hörmüz boğazında gərginlikdən sonra dünya enerji bazarında sabitliyin bərpası təxminən iki il çəkə bilər. Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol “France Inter” radiostansiyasının efirində bildirib. Birolun sözlərinə görə, Hörmüz boğazı açıldıqdan sonra enerji daşıyıcılarının qiymətlərinin normal səviyyəyə qayıtması “tədricən” baş verəcək, çünki bazar son dərəcə qeyri-sabit qalacaq. O bildirib ki, Yaxın Şərqdəki vəziyyətlə, o cümlədən Hörmüzün blokadasının və neft qiymətlərinin artmasının dünya iqtisadiyyatı üçün ciddi nəticələrə gətirib çıxara biləcəyindən narahatdır.
“CNN”: Almaniyanın xarici işlər naziri Yohann Vadeful Tehranı Ağ Evin təklifini qəbul etməyə və Tehranı öz əhalisinin rifahı naminə bu fürsəti əldən verməməyə çağırıb: “Bildiyimiz kimi, ABŞ Vitse-prezidenti Ceyms Devid Vens İslamabada getməyə hazırdır. İran indi öz xalqı naminə danışıqların aparılması təklifini qəbul etməlidir”. Vadeful bunu Lüksemburqda Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşündən əvvəl deyib.
“Daily Mail”: ABŞ Prezidenti Donald Tramp İranı aprelin 22-də başa çatacaq iki həftəlik atəşkəs rejimini dəfələrlə pozmaqda ittiham edib. Bu barədə o “Truth Social”da yazıb. O, bildirib ki, İran atəşkəs rejimini dəfələrlə pozub.
Hazırladı:
N.BEYDİYEVA
XQ

