Maskalı humanistlər

post-img

BQXK-nın Azərbaycan obrazı məhz belədir

Ermənistan–Azərbaycan münaqişəsi tarixə çevrildi və ümid etmək olar ki, birinci tərəfin təqsiri ucbatından başlamış hərbi-siyasi qarşıdurmaya həmişəlik son qoyuldu. İki qonşu xalq öz seçimlərini sülhün lehinə etdi və keçən ilin avqustunda ölkə rəhbərləri Vaşinqtonda bir-birinin əlini sıxdılar. Qarşıdurma bitdi, amma onunla bağlı xoşagəlməz, ağrılı xatirələr hələ uzun müddət yaddaşlardan silinməyəcək.

Münaqişə dövrünü xatırlayanda qanımızı qaraldan səhifələrindən biri də Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) bölgədə göstərdiyi tərəfli və təxribatçı fəaliyyəti ilə bağlıdır. Bu barədə dəfələrlə yazsaq da, fəqət uzun illər fəaliyyətini müşahidə etdiyimiz və sonradan əsl mahiyyətini tam anladığımız beynəlxalq təşkilat, daha doğrusu, beynəlxalq oyunçu BQXK-nın suallarla yanaşı, narahatlıq doğuran əməlləri hələ axıra kimi açılmayıb. Deməli, onun əməllərinin heç də hamısı lazımi qiymətini almayıb, ifşa olunmayıb.

Oxucuların yadına salaq ki, hələ Birinci Qarabağ müharibəsi illərində, torpaqlarımız erməni işğalı altında olanda rəsmi Bakı dəfələrlə BQXK-nin mərkəzi ofisinə müraciətlər ünvanlayaraq, bu beynəlxalq təşkilatın xidməti funksiyası ilə üst-üstə düşməyən əməllərinə kəskin etirazını bildirib. Söhbət qurumun separatçıların yuvası Xankəndidəki nümayəndəliyinin qeyri-qanuni fəaliyyətindən gedirdi. Amma Azərbaycanın səsini eşitməz oldular.

İlk baxışda elə görünə bilər ki, münaqişə zonasında beynəlxalq humanitar təşkilatın fəaliyyətində pis nə var ki? Problem ondan ibarət idi ki, Xankəndidəki ofis BQXK-nın Bakıdakı nümayəndəliyinin deyil, İrəvandakı qurumun tabeçiliyində çalışırdı. Azərbaycan hakimiyyətinin ölkəmizin ərazi bütövlüyü və suverenliyi prinsipi ilə aşkar daban-dabana zidd bu hüquqi naqisliyin aradan qaldırılması ilə bağlı ədalətli tələbi qulaqardına vuruldu. Həm də bunu saymazcasına etdilər. Bu məsələ 44 günlük müharibədən və Ermənistanla sərhəd xəttində nəzarət-buraxılış məntəqəsi qurulandan sonra daha kəskin şəkildə ortaya çıxdı.

2023-cü ilin mart ayında rəsmi Bakı BQXK-nın Cenevrədəki baş ofisinə göndərdiyi notada Xankəndidəki qurumun Azərbaycana tabeçiliyinin təmin olunmasını, eyni zamanda, bundan sonrakı hərəkət cədvəlinin ortaya qoyulmasını tələb etdi. Yalnız inadlı xatırlatmalardan və üstündən iki ay keçəndən sonra verilən cavabda həyasızcasına bunlar yazılmışdı: “Bir halda ki, Ermənistan və Azərbaycan arasında münaqişə hələ tam başa çatmayıb, BQXK iş apardığı rayonlara birbaşa nəzarəti həyata keçirənlərlə əməkdaşlıq hüququnu özündə saxlayır”.

Bu halda ortaya belə bir məntiqi sual çıxırdı: maraqlıdır, özünü humanitar missiya mövqeyində təqdim edən beynəlxalq təşkilat Azərbaycanın qanuni ərazisində hansı işlərlə məşğul olur? Əlbəttə, bu, ritorik sual olardı. Çünki BQXK-nın bölgədə heç də humanitar və neytral olmayan, tamamilə ermənipərəst, hətta separatçı təmayüllü fəaliyyətlə məşğul olduğu Bakıya çoxdan məlum idi. Daha maraqlı sual isə bu idi: iki ölkə arasında münaqişənin başa çatıb-çatmadığını müəyyənləşdirmək haqqını bu beynəlxalq təşkilata kim vermişdi?

***

2010-ci il noyabrın 10-da Azərbaycan Prezidenti üçtərəfli Bəyanatı imzalayan zaman dəqiq və birmənalı şəkildə bəyan etdi ki, bu gün Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başa çatır. Bu faktı qulaqardına vuran BQXK-nın məlum cavab məktubunda o da qeyd olunurdu ki, 2025-ci ildə bölgədə yaranacaq yeni reallıq (Rusiya sülhməramlı kontingentin Qarabağı tərk edəcəyi müddət nəzərdə tutulurdu – red.) şəraitində Azərbaycan XİN-in müraciətinə yenidən baxıla bilər. Başqa sözlə desək, BQXK-nın baş ofisi nəinki Bakının tələbini yerinə yetirmədi, əksinə, Xankəndidəki separatçı-revanşist tör-töküntüsü ilə əməkdaşlığı davam etdirəcəyini bildirdi. Üstəlik, BQXK-nın cavabından bu məntiq hasil olurdu ki, onun yerlərdəki ofislərinin kimə və hansı əsaslarla tabeçiliyi məsələsi yalnız Cenevrədə həll oluna bilər. Bax belə, qırmızı-qırmızı bəyan etmişdilər.

Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə bağlı insidentin hansı formada həllini tapması siyasi gündəmi izləyənlərin yaxşı yadındadır. 2023-cü ilin sentyabrında rəsmi Bakı on illərlə təkcə Azərbaycanın siyasi atmosferini deyil, bütün regionun havasını zəhərləyən bu maskalı beynəlxalq humanitar missiya problemini birdəfəlik bağladı, həm də “Miatsum”un tabutuna sonuncu mismarı da vurmuş oldu. Amma bundan sonra da BQXK bölgədəki ikiüzlü siyasətini davam etdirmək barədə düşünürdü. Özünü tamamilə diskreditə etmiş bu beynəlxalq təşkilat bölgədə erməni əhalisinin qaldığını bəhanə gətirərək, onlara humanitar yardım göstərmək sevdasına düşmüşdü. Hətta erməni əhali könüllü şəkildə Qarabağı tərk edəndən sonra da BQXK fəaliyyətinə son qoymağa tələsmirdi. Bunu da onunla əsaslandırmağa çalışırdı ki, bölgədən kənarda erməni millətindən olan xeyli insan qalmaqdadır. BQXK-nın bu cür qeyri-müəyyən missiyadan ötrü Xankəndidə bahalı ofis saxlamaq istəyi, təbii olaraq, Bakıda müəyyən şübhələrin yaranmasına rəvac verirdi. Bu missiyanın Azərbaycanda həyata keçirdiyi işlərin humanitar yardımlardan çox irəli getdiyi də heç kəs üçün gizli deyildi. Humanitar fəaliyyət BQXK-dan ötrü, sadəcə, bir “şirma” idi. Ərazilərimiz işğalda olduğu dönəmdə Şuşa türməsində azərbaycanlı hərbi əsir və girovların saxlanıldığı barədə Bakının əlində təkzibolunmaq sübutlar vardı. Onların azad olunması ilə bağlı Azərbaycanın müvafiq dövlət qurumlarının çoxsaylı sorğularına BQXK cavbı hərəkətsizlik və susqunluq olurdu. Eləcə də itkin düşmüş soydaşlarımızın axtarılıb tapılması ilə bağlı təşkilat əlini ağdan qaraya vurmadı. Yəni qurum birbaşa missiyasına daxil olan bu məsələlərdə heç bir iş görmədi. Baxmayaraq ki, bunu etmək üçün hər cür imkana və resurslara malik idi. Sonralar həmin əsirlərin Şuşa həbsxanasında güllələndikləri, asıldıqları faktları üzə çıxdı. Ermənilərin əsir və girovlar üzərində vəhşilik, vandallıq hərəkətləri BQXK nümayəndələrinə yaxşı məlum idi.

***

Azərbaycan Laçında sərhəd-buraxılış məntəqəsini yaratdıqdan sonra situasiya daha mürəkkəb xarakter almağa başladı. Bu dəfə BQXK nümayəndələrinin qaçaqmalçılıqla məşğul olduqları aşkar edildi. Onlar hərəkət etdikləri xidməti “cip”lərdə tibb ləvazimatlarının əvəzinə mobil telefonlar, tütün məmulatları, eləcə də müxtəlif təyinatlı gündəlik tələbat malları daşıyırmışlar. Bu isə beynəlxalq humanitar təşkilatın yerli strukturunun funksiyasından daha çox 90-cı illərin əl bazarlarına mal daşıyan alverçilərin fəaliyyətini xatırladırdı. Bütün bunlar bir tərəfə, xalqımız 44 günlük müharibənin gedişində BQXK-nın xain və satqınlığını heç vaxt unutmayacaq. Yəqin çoxları bilmir ki, 2020-ci ilin oktyabrında ordumuzun Füzuli əməliyyatı zamanı BQXK-dan Azərbaycan hökumətinə təcili sorğu daxil olub. Həmin sorğuda təşkilat Bakıdan mühasirəyə düşmüş erməni hərbi birləşməsinə dərhal humanitar yardımın çatdırılmasına şəraitin yaradılması xahiş olunurdu. Guya mühasirədəkilərin hamısı yaralıdır və onların nə döyüşməyə, nə də arxadan ərzaq yardımı almağa imkanları var. Beynəlxalq konvensiyanın şərtlərinə əməl edən Bakı BQXK-nın bu müraciətinə müsbət cavab verir. Sonra məlum olacaq ki, təşkilatın mühasirədən çıxardığı erməni silahlıların arasında bir nəfər belə yaralı yoxdur. Həmin silahlılar qısa istirahətdən sonra dərhal döyüş zonalarına göndəriliblər. Bunun adı humanitar təşkilatın bir tərəfin xeyrinə hərbi əməliyyatların gedişinə müdaxiləsi deyil, bəs nədir? Niyə? Hansı məqsədlə? Bunlar Azərbaycan xalqının səbir və təmkinini tarıma çəkən suallardır.

2025-ci il sentyabrın 3-də Azərbaycan hökumətinin sərəncamı ilə BQXK-nın Bakıdakı ofisinin fəaliyyətinə xitam verildi. Bu, sadəcə, inzibati akt deyildi. Həmin qərar kənar diktəyə, ikili standartlara, eləcə də “maskalı humanitarların” üzlərinə vurulan tərs şillə oldu. İndi Azərbaycan özünün suveren ərazisində oyun qaydalarını özü müəyyən edir. Torpağını və vətəndaşını özü qoruyur, ədaləti də özü bərqərar edir. Və bunu qətiyyət və ləyaqətlə yerinə yetirir!

İmran BƏDİRXANLI
XQ

Siyasət