Yad torpaqlarda sönən talelər

post-img

Rusiya–Ukrayna müharibəsi təkcə iki ölkə arasında hərbi qarşıdurma deyil. Bu münaqişə çoxdan coğrafi sərhədləri aşaraq ən ciddi geosiyasi böhranlarından birinə çevrilib. Müasir dövrdə yenidən aktuallaşan “muzdlu döyüşçülər” fenomeni müxtəlif ölkələrdən olan insanları müharibənin birbaşa iştirakçısına çevirib. Təəssüf ki, bu proses Azərbaycan vətəndaşlarından və azərbaycanəsilli şəxslərdən də yan keçməyib.

Bu iştirakın nəticələri isə çox vaxt faciəvi olub. Statistik rəqəmlər bunu təsdiqləyir. Təkcə bu ilin fevral–mart aylarında Ukraynanın Zaporojye, Donetsk və Xarkov istiqamətlərində gedən döyüşlərdə Rusiya ordusunun tərkibində həlak olan 10 azərbaycanəsilli şəxsin kimliyi müəyyən edilib. Onlardan ikisi Azərbaycan Respublikasının, səkkizi isə Rusiya Federasiyasının vətəndaşıdır. Ümumilikdə isə müharibə başlayandan yüzlərlə azərbaycanlının həyatını itirdiyi bildirilir. Bu rəqəmlər, sadəcə, statistika deyil, hər biri yarımçıq qalmış bir ömrün, dağılan bir ailənin, sönən ümidin ifadəsidir. Bəs azərbaycanlıların bizə yad müharibədə iştirakına səbəb nədir?

Bunun arxasında duran səbəblər sadə və birmənalı deyil. İlk baxışda ən güclü amil kimi iqtisadi motiv görünür. Müharibəyə cəlb olunanlara yüksək maaş, vətəndaşlıq, sosial təminat və müxtəlif imtiyazların vəd edilməsi məlumdur. Xüsusilə xaricdə yaşayan, qeyri-sabit gəlirə malik və ya miqrant statusunda olan şəxslər üçün bu cür təkliflər bəzən həyatlarını dəyişəcək nadir imkana çevrilir. Azərbaycanlının ailəsini dolandırmaq, borcları ödəmək və ya sosial vəziyyəti yaxşılaşdırmaq ümidi bu qərarın verilməsində mühüm rol oynayır. Amma reallıq çox vaxt bu vədlərlə uzlaşmır. Döyüş bölgələrinə göndərilən şəxslərin böyük qismi vəd edilən maliyyə təminatını tam ala bilmir, ödənişlərin gecikməsi, bəzi hallarda isə ümumiyyətlə verilməməsi halları müşahidə olunur. Daha ağır tərəfi isə yaralanma və ya ölüm halında ailələrə vəd olunan kompensasiyaların ya verilməməsi, ya da uzunmüddətli bürokratik maneələrlə üzləşməsidir. Beləliklə, maddi qazanc ümidi ilə verilən qərar nəticədə ailənin daha ağır sosial problemlərlə üz-üzə qoyur.

Digər mühüm məqam risklərin düzgün qiymətləndirilməməsidir. Müharibənin qaçılmaz reallığı olan ölüm təhlükəsi, ağır xəsarətlər, psixoloji travmalar və hüquqi nəticələr çox vaxt ya kifayət qədər izah edilmir, ya da məqsədli şəkildə arxa plana keçirilir. Hüquqşünas Samir Osmanlının XQ-yə bildirdiyi kimi, iqtisadi motivlər əsas hərəkətverici qüvvələrdən biri olsa da, onların arxasında çox vaxt sosial həssaslıq, informasiya çatışmazlığı və manipulyativ cəlbetmə mexanizmləri dayanır. Bu isə insanın qısamüddətli qazancı önə çəkərək uzunmüddətli nəticələri nəzərdən qaçırmasına səbəb olur: “Azərbaycanlıların müharibəyə cəlb olunmasında hüquqi və sosial status mühüm rol oynayır. Xarici ölkələrdə yaşayan bəzi şəxslər, xüsusilə miqrantlar və qeyri-leqal əmək bazarında çalışanlar daha həssas vəziyyətdədir. Onların seçim imkanları məhdud olur. Deportasiya riski, iş icazəsi problemləri və hüquqi qeyri-müəyyənlik kimi amillər onları müxtəlif təzyiq mexanizmlərinə açıq edir. Bəzi hallarda isə seçim açıq şəkildə təqdim olunur: ya ölkəni tərk etmək, ya da müəyyən şərtlərlə hərbi əməliyyatlara qoşulmaq. Bu, formal olaraq “könüllülük” kimi təqdim edilsə də, mahiyyət etibarilə məcburiyyətə yaxın bir vəziyyətdir”.

Sosial faktorlar da qərar qəbulunda az rol oynamır. İqtisadçı Kamran Abdullayevin fikrincə, Rusiyada və ya Ukraynada yaşayan bəzi azərbaycanlılar stabit iş imkanlarının olmaması, sosial təminatın zəifliyi və ailə qarşısında maddi məsuliyyət kimi problemlərlə üzləşirlər: “Bu şəraitdə yüksək gəlir vədi və “sabit müqavilə” kimi təqdim olunan təkliflər cəlbedici görünür. Lakin bu seçim çox vaxt real risklər nəzərə alınmadan edilir”.

Deyilənlərə əlavə olaraq, informasiya mühiti və sosial şəbəkələr də bu prosesdə mühüm rol oynayır. Müasir dövrdə münaqişə zonalarına cəlbetmə açıq çağırışlardan daha çox gizli və manipulyativ üsullarla həyata keçirilir. “Müqaviləli iş”, “təlim proqramı”, “təhlükəsizlik xidməti” və ya “yüksək gəlirli xarici iş” kimi edilən təkliflər ilkin mərhələdə insanlarda təhlükəsiz və legitim fəaliyyət təəssüratı yaradır. Sonrakı mərhələdə bu şəxslər müharibə zonalarına yönləndirilir.

Döyüşə cəlbedilmədə psixoloji təsir üsullarından da geniş istifadə edilir. İnformasiya mühiti, sadəcə, məlumat ötürən platforma deyil, həm də insan resurslarının yönləndirildiyi alətdir. Ümumi mənzərənin içində isə fərdi talelər daha kəskin görünür.

HAŞİYƏ: Hüseyn İsayevin hekayəsi bu baxımdan ibrətamizdir. O, atasının Rusiyanın Tula vilayətindəki obyektlərinə nəzarət edir, adi həyat yaşayırdı. Lakin bir mübahisə faciə ilə nəticələnir və o, qətl törətdiyinə görə uzunmüddətli həbs cəzasına məhkum edilir. Həbsxanada olduğu müddətdə ona seçim təqdim olunur: müharibədə iştirak müqabilində azadlıq. Bu seçim zahirən çıxış yolu kimi görünsə də, əslində, həyatla ölüm arasında qurulmuş ağır tərəzi idi. Hüseyn bu yolu seçir: azadlığa qovuşmaq ümidi ilə müharibəyə yollanır. O, Rusiya ordusunun tərkibində qısamüddətli təlim keçsə də, taleyi döyüş meydanına çatmadan həll olunur. Luqansk vilayətinin Kremensk rayonunun Novolyubivka kəndində təlim zamanı Ukrayna ordusunun dron hücumu nəticəsində həyatını itirir. Onun ölümü nə mediada böyük başlıqlara çevrildi, nə də geniş müzakirə olundu. Sadəcə, daha bir həyat yad torpaqda sona çatdı.

Bu, yalnız dövlətlər arasında gedən mübarizə deyil, insan talelərinin səssiz şəkildə itirildiyi reallıqdır. Hər bir itki arxasında bir ailənin dağılması, onun gələcəyin yox olması dayanır. Hüseyn İsayevin həyatı kimi: arxada hüzün, kədər, valideynlərin əbədi oğul həsrəti qalır.

***

Bu müharibə təkcə hərbi itkilərlə yadda qalmır, eyni zamanda, gələcək təhlükəsizlik riskləri baxımından da dərin izlər buraxır. Bu səbəbdən Azərbaycan vətəndaşlarının xarici münaqişələrdə iştirakının qarşısını almaq üşün dövlət səviyyəsində tədbirlər görülür. Azərbaycan qanunvericiliyi bu məsələdə kifayət qədər qəti mövqe nümayiş etdirir. 29 dekabr 2025-ci ildə Azərbaycan Respublikasının Baş Prokurorluğu xüsusi bəyanat yayaraq, xarici silahlı münaqişələrdə iştirakın ağır cinayət olduğunu vurğulayıb. Bu yanaşma göstərir ki, dövlətin mövqeyi yalnız baş vermiş hallara reaksiya verməklə məhdudlaşmır. Eyni zamanda, burada preventiv və çəkindirici hüquqi siyasət açıq şəkildə hiss olunur. Məqsəd təkcə cəzalandırmaq deyil, vətəndaşların riskli münaqişə zonalarına cəlb olunmasının qarşısını almaqdır.

Hüquqşünas Samir Osmanlı bildirdi ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində bu sahə üzrə bir sıra mühüm müddəalar yer alır. Xüsusilə 114-cü maddə (muzdluluq) bu istiqamətdə əsas hüquqi mexanizmlərdən biridir. Həmin maddəyə əsasən, muzdluların yığılması, hazırlanması, maliyyələşdirilməsi və münaqişələrdə istifadəsi cinayət hesab edilir. Bu fəaliyyətlərdə birbaşa iştirak edən şəxslər də məsuliyyətə cəlb olunur. Maddənin üçüncü bəndinə görə, muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı beş ildən on bir ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bundan əlavə, Cinayət Məcəlləsinin 283-1-ci maddəsi xarici münaqişələrlə bağlı hüquqi məsuliyyəti daha geniş şəkildə tənzimləyir. Bu maddə xarici dövlətlərin ərazisində silahlı münaqişələrdə iştirak məqsədilə qeyri-qanuni silahlı birləşmələrin yaradılması, onlara qoşulma və bu fəaliyyətlərin təşkili hallarını əhatə edir. Xüsusilə dini, ideoloji və digər motivlər əsasında belə qruplara qoşulma ağır cinayət kimi qiymətləndirilir. Bu məqsədlə döyüş təlimlərinin keçirilməsi, sabit qrupların yaradılması və ya bu qruplara rəhbərlik edilməsi doqquz ildən on iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Əgər bu əməllər yetkinlik yaşına çatmayan şəxslərin cəlb edilməsi ilə törədilərsə, cəza daha da sərtləşdirilərək on iki ildən on beş ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur. Təlimlərdə və ya xarici silahlı münaqişələrdə iştirak edən şəxsləri də məsuliyyətə cəlb edir. Bu halda yeddi ildən on bir ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunur.

Yad torpaqlarda itən həyatların hər biri isə bizə eyni sualı xatırladır: bu müharibədə kim qalib gəlir? Cavab hüznlü sükutun içində itib gedir...

P.ƏFƏNDİYEV
XQ



Siyasət