1918-ci ilin Mart qırğınları zamanı Azərbaycanın məruz qaldığı qətliamın mənzərəsi
Ermənilər 24 aprel tarixini türklər tərəfindən soyqırımına məruz qaldıqları gün kimi qeyd edir və bu məsələni hər il beynəlxalq aləmdə gündəmə gətirməyə çalışırlar. Halbuki Birinci Dünya müharibəsi tarixinin tədqiqi ilə məşğul olan, ciddi və obyektivliyi ilə seçilən tarixçilərin gəldiyi ümumi fikir ondan ibarətdir ki, 1915-ci ildə ermənilərə qarşı onların iddia etdikləri soyqırımı hadisəsi baş verməyib.
Bəs 1915-ci il 24 apreldə nə baş verib? Həmin gün Osmanlı hakimiyyət orqanları türklərə qarşı terror, qırğın və qətl hazırlamaqda şübhəli bilinən yüzlərlə ermənini həbs edib və erməni komitələrinin fəaliyyətinə son veriblər. Bu hadisə ermənilərin türklərə qarşı planladıqları sistemli soyqırımı cinayətlərinin qarşısını almaq və əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Osmanlı hökumətinin atdığı qabaqlayıcı müdafiə tədbiri idi. Burada hansısa bir erməninin öldürülməsindən və ya hansısa erməniyə qarşı hər hansı bir cinayət hadisəsindən söhbət gedə bilməz.
Bunun ardınca 27 may 1915-ci ildə Osmanlı hökuməti tərəfindən Təhcir Qanunu (rəsmi adı ilə “Sevk ve İskân Kanunu”) qəbul edilib və bu qanuna görə, müharibə şəraitində təbəəsi olduğu dövlətə xəyanət edib, rus ordusu ilə əməkdaşlıq edən, üsyan qaldıran, türk əhalisinə qarşı qırğın və qətllər törətməkdə olan erməni əhalisinin Şərqi Anadolu bölgələrindən imperiyanın cənub bölgələrinə (Suriya və İraqa) köçürülməsi nəzərdə tutulurdu. Bəhs edilən dövrün və həyata keçirilən köçürülmə prosesinin bütün sənədləri bu gün Osmanlı arxivində tədqiqatçıların üzünə açıqdır. Həmin sənədlərlə tanış olan hər bir tarixçi-tədqiqatçı belə bir yekun fikrə gəlir ki, bu prosesdə ermənilərə qarşı hansısa bir soyqırımı cinayətindən əsla söhbət gedə bilməz. Köçürülmə prosesi dövlət orqanları tərəfindən erməni əhalisinin əmlakı belə siyahıya alınmaqla və onların təhlükəsizliyi və hüquqları təmin edilməklə həyata keçirilib.
Birinci Dünya müharibəsi dövrü ilə bağlı arxiv sənədlərinin tədqiqi göstərir ki, bəhs edilən dövrdə əslində ermənilər soyqırımına məruz qalan deyil, böyük bir coğrafiyada – Şərqi Anadoluda, Cənubi Qafqazda və Cənubi Azərbaycan ərazilərində türk-müsəlmanlara qarşı sistemli amansız soyqırımı cinayətlərini həyata keçiriblər. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı cinayətləri daha sistemli şəkildə həyata keçirilib və daha uzun müddət davam edib.
XX əsrdə ermənilər tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır sarsıntılara, məhrumiyyətlərə və məşəqqətlərə məruz qalıb. Ermənilərin həyata keçirdiyi və mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasəti nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından – Qərbi Azərbaycandan didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılıb məhv edilib.
Ermənilərin türk-müsəlmanlara qarşı apardığı soyqırımı siyasəti dünyada mövcud olan eyni hallardan, yəni soyqırımı və kütləvi qətliam siyasətlərindən bir sıra cəhətlərinə görə əsaslı şəkildə fərqlənir. Dünya tarixində mövcud olan soyqırımı hadisələrindən heç biri ermənilərin türk-müsəlmanlara qarşı həyata keçirdikləri kütləvi məhvetmə siyasəti qədər uzunmüddətli olmayıb. XIX əsrdən başlayan ermənilərin türk-müsəlmanlara qarşı soyqırımı siyasəti XX əsrin sonlarına qədər davam edib və bu gün də biz bunun ağır nəticələrini yaşamaqdayıq. Bu qədər uzun müddətdə heç bir xalqa, etnik birliyə qarşı soyqırımı siyasəti aparılmayıb.
Son 200 il ərzində öncə çar Rusiyasının, sonra isə Sovet Rusiyasının və SSRİ-nin apardığı ermənipərəst siyasət nəticəsində Cənubi Qafqazda demoqrafik vəziyyət kəskin şəkildə dəyişdirilib, azərbaycanlılar öz tarixi torpaqlarından, doğma yurdlarından sıxışdırılıb çıxarılıblar. Təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə – 1905-1907, 1918-1920, 1948-1953 və 1988-1994-cü illərdə soyqırımı, təqib və deportasiyalara məruz qalıb, öz tarixi torpaqlarından didərgin salınıblar.
1828-ci il Türkmənçay müqaviləsi ilə Rusiyaya ilhaq edilən İrəvan və Naxçıvan xanlıqları dərhal ləğv edildi və Rusiya imperatoru I Nikolayın fərmanı ilə bu xanlıqların ərazisində qondarma “erməni vilayəti” yaradıldı. Qərara alındı ki, İran və Osmanlı ərazilərindən köçürüləcək ermənilər bu ərazidə, eyni zamanda, Qarabağ ərazisində yerləşdirilsin və onların simasında Cənubi Qafqaz bölgəsində Rusiya üçün ictimai dayaq yaratmaq xətti götürülsün.
Rusiya ilə İran arasında 1828-ci il Türkmənçay və Rusiya ilə Osmanlı dövləti arasında 1829-cu il Ədirnə sülh müqavilələrinin imzalanmasından sonra İran ərazisindən 8249 erməni ailəsi (65 min nəfərdən çox), Osmanlı ərazisindən isə 14 min 44 erməni ailəsi (110 min nəfərdən çox) köçürülərək Şimali Azərbaycan ərazisində məskunlaşdırıldı və onlar Rusiya hökuməti tərəfindən himayə edildi. Qeyri-rəsmi erməni köçkünləri ilə birlikdə onların sayı 200 mindən çox idi.
XIX əsr boyu həyata keçirilən köçlər hesabına XX əsrin əvvəllərində Cənubi Qafqazda ermənilərin sayı 1 milyonu keçdi. Tanınmış rus tədqiqatçısı Nikolay Şavrov 1911-ci ildə nəşr etdiyi “Zaqafqaziyada ruslar üçün yeni təhlükə. Muğanın yadlara satılacağı ehtimalı” əsərində haqlı olaraq qeyd edirdi ki, “hazırda Cənubi Qafqazda yaşayan 1,3 milyon erməninin 1 milyondan çoxu yerli əhali deyildir, onları biz bura köçürüb gətirmişik”. Bu köçürmələr hesabına Azərbaycanın İrəvan, Naxçıvan və Qarabağ bölgələrində əhalinin etnik tərkibi süni şəkildə dəyişdirildi və ermənilərin gələcək ərazi iddialarının əsası qoyuldu.
Rusiyanın hərtərəfli dəstəyi və yaratdığı əlverişli şərait ilə ermənilər sonradan İrəvan, Zəngəzur və Qarabağ bölgələrində möhkəmlənə bildilər və Azərbaycan üçün həlli müşkül olan bir problemə çevrildilər. Çar Rusiyasından hərtərəfli dəstək alan ermənilər XIX əsrin sonlarından etibarən sərsəm “böyük Ermənistan” ideyasını reallaşdırmaq uğrunda açıq mübarizəyə başladılar. Bu ideyanın əsas tərkib hissələrindən biri də Qarabağ, İrəvan, Naxçıvan və digər Azərbaycan torpaqlarının yerli – azərbaycanlı əhalisini məhv etmək və onların yaşadıqları torpaqları ələ keçirməkdən ibarət idi.
Ermənilərin 1890-cı illərdən başlayaraq Osmanlı dövlətinə qarşı qaldırdıqları xəyanətkar qiyamlar uğursuzluğa düçar olduqdan sonra bu mübarizənin mərkəzi Azərbaycana keçdi. 1905-1907-ci illərdə ermənilər azərbaycanlılara qarşı azərbaycanlıların yaşadığı bütün məntəqələri əhatə edən irimiqyaslı qanlı əməliyyatlar həyata keçirdilər, yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, minlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetirdilər. Məqsəd bu bölgələrdə yaşayan türk-müsəlmanları qırmaqla gələcəkdə erməni dövləti yaratmaq üçün zəmin hazırlamaq idi. Bu illərdə təkcə İrəvan quberniyasında 200, Gəncə quberniyasında isə 300-dən çox müsəlman kəndi ermənilər tərəfindən yerlə-yeksan edildi, əhalisi soyqırımına məruz qaldı. Lakin 1905-1907-ci illərdə törətdikləri qırğınlar da erməniləri sakitləşdirmədi. Onlar Birinci Dünya müharibəsinin doğurduğu tarixi şəraitdən istifadə edərək yenidən mifik “böyük Ermənistan” dövləti yaratmağa cəhd göstərdilər.
1915-ci ildə Osmanlı dövlətinə qarşı qaldırdıqları yeni qiyamlarda uğursuzluğa düçar olan ermənilər əsas qüvvələrini Cənubi Qafqazda cəmləşdirdilər və çarizmin himayəsinə sığınaraq türklərə qarşı soyqırımları davam etdirməyə başladılar. 1917-ci ilin fevralında Rusiyada çar hökumətinin devrilməsi, sonra da 1917-ci ilin oktyabrında bolşeviklərin hakimiyyəti ələ alması ilə Cənubi Qafqazda yaranan anarxiya şəraitində uzun tarixi dövr ərzində Rusiya ordusunda xidmət edən erməni silahlı dəstələri daşnak-bolşevik güruhu ilə birləşərək azərbaycanlılara qarşı soyqırımların daha dəhşətli dövrünü başlatdılar.
1918-ci ildə daşnak-bolşevik alyansı tərəfindən Azərbaycan xalqına qarşı tarixin ən dəhşətli soyqırımlarından biri həyata keçirildi. 1917-1918-ci illərdə Cənubi Qafqazda milli azadlıq hərəkatının genişləndiyi bir şəraitdə Azərbaycan xalqı da ölkənin muxtariyyəti və müstəqilliyi uğrunda mübarizəyə başlamışdı. 1918-ci ilin martında daşnak-bolşevik birləşmələri tərəfindən Bakıda törədilən soyqırımı aktı da başlıca olaraq Azərbaycanın muxtariyyəti və müstəqilliyi əleyhinə yönəlmişdi. Bu soyqırımının törədilməsində əsas məqsəd xalqımızın Azərbaycanın muxtariyyəti və müstəqilliyi uğrunda apardığı mübarizəyə divan tutmaq və bu prosesin qarşısını almaqdan ibarət idi. Siyasi baxışlarında kəskin fərqlər olmasına baxmayaraq, Bakıda fəaliyyət göstərən bütün rus və erməni siyasi partiya və təşkilatları “Bakını Azərbaycanın paytaxtı elan etmək istəyən” türk-müsəlmanlara qarşı vahid cəbhədə birləşdilər. Məhz rus-erməni əməkdaşlığı ilə 1918-ci ildə, demək olar ki, bütün Azərbaycan boyu həyata keçirilən soyqırımı aktları nəticəsində 130 minə yaxın türk-müsəlman qadın, qoca, uşaq fərq qoyulmadan sırf irqi, milli və dini əlamətlərinə görə qətlə yetirildi, insan cəsədləri üzərində olmazın təhqiramiz hərəkətlər edildi və əhalinin əmlakı talan edildi, yüz minlərlə insan qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum edildi.
Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətlərini araşdırmaq üçün Azərbaycan Cümhuriyyəti hökuməti tərəfindən 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının (FTK) sənədlərindən aydın olur ki, Bakıda törədiləcək soyqırımın planı hələ 1917-ci ildə “Daşnaksütyun” partiyası və Erməni Milli Şurası tərəfindən hazırlanmışdır. FTK tərəfindən şahid kimi dindirilmiş Bakı şəhər sakini A.N.Kvasnikin ifadəsində deyir: “Müsəlman əhalisinin əvvəlcə Bakı şəhərində, sonra isə onun ətraflarında cismən məhv edilməsi, onların əmlakının və bütün var-dövlətlərinin qarət olunması və siyasi üstünlüyün ermənilərin əlinə keçməsi ermənilərin müsəlmanlara qarşı təşkil etdikləri qanlı qəsd idi”. FTK-nın materiallarında tam sübuta yetirilir ki, insanlar sırf dini və milli mənsubiyyətlərinə görə kütləvi şəkildə qətlə yetirilib. Eyni zamanda, insanlar əzab və işgəncə ilə qətlə yetirilib, öldürüldükdən sonra isə onların meyitləri üzərində iyrənc zorakılıq aktları törədilib. Müsəlman meyitlərinin yandırılması və iyrənc formada təhqir edilməsinin erməni ziyalıları və kilsə xadimləri tərəfindən törədildiyini təsdiq edən onlarla sənəd mövcuddur.
1918-ci ildə daşnak-bolşevik alyansı tərəfindən Cənubi Qafqazda azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı aktları əsas etibarilə Bakı, Yelizavetpol (Gəncə) və İrəvan quberniyaları ərazisini əhatə edib. Bu soyqırımları nəticəsində quberniya və qəzalar üzrə Azərbaycanın məruz qaldığı itki və tələfatlar aşağıdakı kimidir:
1918-ci ildə bütün Bakı quberniyası üzrə (Bakı, Cavad, Göyçay, Quba, Lənkəran və Şamaxı qəzalarında) azərbaycanlılara qarşı soyqırımı törədilib.
Bakı soyqırımı
1918-ci ilin Mart soyqırımı zamanı FTK-nın ümumiləşdirdiyi hesabata görə, 3 gün ərzində (18-21 mart (30 mart – 2 aprel) 1918-ci il) təkcə Bakıda 12 min azərbaycanlı öldürülüb, kütləvi formada insan cəsədləri iyrənc və dəhşətli şəkildə təhqir edilib. Ümumi olaraq, Bakıda azərbaycanlı əhaliyə 1918-ci ilin mart qiymətləri ilə 400 milyon rubl, 1918-ci ilin son rübünün qiymətləri ilə isə 1 milyard 200 milyon rubl maddi zərər vurulub. Bütün bunlar FTK-nın təhqiqat materialları əsasında şahid ifadələri, təftiş və ekspertiza protokolları ilə təsdiq edilib və çoxlu sayda yanmış ev və daha çox işgəncələrə məruz qalmış cəsədlərin fotoşəkilləri çəkilərək təhqiqat işinə əlavə edilib. Əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, öldürülən insanların üzərində təhqiramiz hərəkətlərin həyata keçirilməsi kimi faktlar soyqırımın milli-etnik zəmində baş verdiyini sübut edir.
1918-ci ildə Böyük Britaniyanın Bakıdakı konsulluğunun tərtib etdiyi materiallarda Mart soyqırımı zamanı 20 min müsəlmanın qətlə yetirildiyi bildirilir. Həmin dövrdə İranın Bakıda konsulu olan Məhəmməd Saed Əl-Vəzarə Marağayi isə çap etdirdiyi xatirələrində göstərir ki, yalnız İran konsulluğu Mart hadisələri baş verəndə qətlə yetirilən 5 min nəfər müsəlmanı dəfn edib. Əlbəttə ki, rəqəmlərdə uyğunsuzluq insanların kütləvi şəkildə qətlə yetirilməsi və onların dəqiq sayının müəyyən edilməsinin mümkünsüz olduğundan xəbər verir. Şəhərin Məhəmmədli və Zibillidərə məhəllələrində yaşayan müsəlman əhali son nəfərinə qədər məhv edilib. FTK bu məhəllələrdə hadisələrlə bağlı ifadə almaq üçün bir nəfər belə tapa bilməyib. Britaniya konsulu sənədlərdən birində yazırdı ki, “ermənilər bu hərəkətləri ilə tarixlərinin ən böyük səhvini etmiş oldular... Bu siyasətə görə bütün məsuliyyəti “Daşnaksütyun” daşıyır”.
Bakı şəhəri ilə yanaşı, Bakının kənd və qəsəbələri də ermənilər tərəfindən törədilən soyqırımı və talanlara məruz qalıb. 1918-ci ilin mart-sentyabr ayları ərzində Bakı ətrafı Məhəmmədli, Əhmədli, Balaxanı, Hökməli, Binəqədi, Zabrat, Sabunçu, Ramana, Bibiheybət, Xırdalan kəndləri də soyqırımı və talanlara məruz qalıb, bu kəndlərdə müsəlman əhali öldürülüb, qarət olunub, evlər, dükanlar, məscidlər və digər ictimai binalar dağıdılıb və yandırılıb. FTK-nın sədri Ələkbər bəy Xasməmmədovun hökumətə məruzəsində göstərilir ki, 1918-ci ilin Mart hadisələrindən sonra Bakıda ermənilərlə müsəlmanlar arasında sülh haqqında sazişə gəlindiyinə baxmayaraq, həmin il sentyabrın 15-də Bakının Osmanlı və Azərbaycan hərbi qüvvələri tərəfindən azad edilməsinə qədər ermənilər müntəzəm olaraq Bakı küçələrində, şəhərin ətraf kəndlərinə gedən yollarda türk-müsəlmanları tutub qətlə yetirir, meyidlərin bir hissəsini isə quyulara və dənizə atırdılar.
Bakı şəhərində başlanan azərbaycanlıların soyqırımı aktı Bakı quberniyasının digər qəzalarında və bütövlükdə bütün Azərbaycan üzrə davam etdirildi.
Cavad soyqırımı
FTK-nın sənədlərinə görə, Bakı quberniyasının Cavad qəzasında daşnak-bolşevik qüvvələri tərəfindən 31 kənd soyqırıma məruz qoyulub, dağıdılıb və yandırılıb, 157 nəfər (19 kişi, 9 qadın, 8 uşaq, 121 nəfərin isə cinsi və yaşı göstərilməyib) xüsusi amansızlıqla qətlə yetirilib. Canlarını qurtarmaq üçün digər yerlərə qaçanlardan da 192 nəfər aclıq, soyuq və xəstəlikdən ölüb. Ümumilikdə Cavad qəzasının 31 kəndi üzrə müsəlman əhalisinə 155 milyon rubl dəyərində maddi ziyan vurulub. Təbii ki, bu rəqəmlər Cavad qəzasında törədilən soyqırımına miqyasını tam əks etdirmir. Çünki FTK-nın təhqiqat materiallarında və yekun hesabatlarında qəza üzrə bir neçə kənddə törədilən soyqırımı aktları ilə bağlı rəqəmlər verilir, digər kəndlərin isə sadəcə adları sadalanır və bu kəndlərin tamamilə dağıdılması və yandırılması, əhalisinin isə xüsusi işgəncə və qəddarlıqla soyqırımına məruz qaldığı qeyd edilir. FTK-nın sənəd və materiallarına əsaslandığımız üçün biz sadəcə təhqiqat materiallarında olan rəqəmlərə istinad edirik. Bu halda da, soyqırımına məruz qalan kəndlər sırasında adları sadalanan, amma soyqırımın miqyasını əks etdirən rəqəmlər olmadığından təbii ki, adları çəkilən kəndlərdə törədilən soyqırımların nəticələri bizim hesabladığımız yekun rəqəmlərə daxil deyildir.
Göyçay soyqırımı
FTK-nın apardığı təhqiqatın nəticələrinə görə, Bakı quberniyasının Göyçay qəzasının təkcə 8 kəndi üzrə 119 nəfər (98 kişi, 9 qadın, 5 uşaq, 7 nəfərin isə cinsi və yaşı göstərilməyib) vəhşicəsinə öldürülüb, 565 ev və tikili yandırılıb və müsəlman əhalinin əmlakına ən azı 50 milyon rubl maddi ziyan vurulub. Digər yerlərə qaçanlar arasında aclıq və xəstəlikdən ölənlərin sayını dəqiqləşdirmək mümkün olmayıb. Onu qeyd edək ki, FTK Göyçay qəzasında erməni təcavüzünə məruz qalan kəndlərin cəmi bir neçəsində təhqiqat apara bilib, qalanları isə təhqiqatdan kənarda qalıb.
Quba soyqırımı
FTK-nın materiallarından məlum olur ki, 1918-ci il mayın 1-də Bakı quberniyasının Quba qəzasına girən Amazaspın rəhbərlik etdiyi daşnak silahlı birləşmələrinin Quba şəhərində silahsız dinc əhaliyə azğınlıqla divan tutması nəticəsində şəhər tamamilə viran edilib, 2800 türk-müsəlman öldürülüb və əhaliyə 128 milyon 500 min rubl maddi ziyan vurulub.
Bununla yanaşı, Quba qəzasının 168 müsəlman kəndi erməni hücumuna məruz qalıb və dağıdılıb, bu kəndlərdə 1361 nəfər dinc sakin öldürülüb və əhalinin əmlakına 58 milyon 121 min 59 rubl maddi ziyan vurulub. Yaralıların, sonradan ölənlərin, eyni zamanda, qorxudan və sərgərdanlıq vaxtı ölənlərin sayı müəyyən edilməyib. FTK-nın ümumiləşdirdiyi rəqəmlərə görə, bütövlükdə Quba qəzası üzrə 4261 nəfər türk-müsəlman öldürülüb və müsəlman əhalisinə 186 milyon 621min 59 rubl maddi ziyan vurulub.
O da qeyd olunmalıdır ki, FTK-nın əməkdaşları Quba qəzasında cəmi 10 gün təhqiqat apara bilib, nəticədə, ermənilərin törətdiyi soyqırımı qurbanlarının hamısını təhqiqata cəlb edə bilməyib və təhqiqat işi yarımçıq qalıb. Ayrı-ayrı mənbələrdə bu soyqırımı aktları zamanı Quba qəzasında ümumilikdə 16 min türk-müsəlmanın qətlə yetirildiyi qeyd edilir. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələrinin Quba qəzasında dağıtdığı və soyqırımına məruz qoyduğu 168 kəndin 35-i yer üzündən silinib.
2007-ci ildə Qubada aşkar edilən kütləvi insan məzarlığı buna sübutdur. Lakin törədilən soyqırımının sənədlərdən anlaşılan miqyası onu deməyə əsas verir ki, bu kimi məzarlıqlar qəza ərazisində onlarladır.
Lənkəran soyqırımı
1918-ci il soyqırımları zamanı Lənkəran qəzasında 40-dan çox kənd yandırılıb və dağıdılıb, minlərlə günahsız insan qətlə yetirilib. Evlərə girən erməni silahlı birləşmələri qadın, qoca, uşağa fərq qoymadan qarşılarına çıxan hər bir kəsi xüsusi amansızlıqla qətlə yetiriblər. Bir gün ərzində Gərmətük kəndində 70-dək, Mamusta kəndində 30-dək, Kərgəlan kəndində 40-dək, Sütəmurdov kəndində 20-dən çox, Girdəni kəndində 20-dək günahsız insan xüsusi amansızlıqla qətlə yetirilib. Astara erməni-bolşevik əsgərləri tərəfindən topa tutularaq darmadağın edilib, əhalinin əksəriyyəti yaşayış yerlərini tərk etməyə məcbur olub. 1918-ci ilin yanvarından 1919-cu ilin avqustuna – “Molokan qiyamı” yatırılana qədər erməni və rus birləşmələri tərəfindən Lənkəran qəzasında 2 mindən çox insanın həyatına son qoyulub, əhaliyə 100 milyon rubldan artıq maddi ziyan vurulub.
Şamaxı soyqırımı
Bakı quberniyasının Şamaxı şəhərində və Şamaxı qəzasının kəndlərində türk-müsəlman əhalinin soyqırımını törətmək planı daşnak-bolşevik qüvvələri tərəfindən 1918-ci ilin Mart hadisələri zamanı hazırlanıb və Şamaxı şəhəri mart-aprel aylarında iki dəfə, Şamaxı qəzasının 110 kəndi isə mart-iyul ayları ərzində bir neçə dəfə hücum və talanlara məruz qalıb.
Birləşmiş erməni-bolşevik-molokan silahlı qüvvələrinin Şamaxı şəhərində ilk hücumu 1918-ci il martın 29-da sübh çağı, yatmış şəhərin top atəşinə tutulması ilə başlayıb. Şəhərin müsəlman məhəllələrinə hər tərəfdən edilən hücumlar nəticəsində əhali şəhərdən kənara çıxa bilməyib və erməni-bolşevik birləşmələri əhalini kütləvi surətdə qətlə yetiriblər. Stepan Lalayevin və Tatevos Əmirovun başçılıq etdiyi erməni-bolşevik birləşmələri müsəlmanları soyub-talayıb və qadın, qoca, uşağa fərq qoymadan hamısını qırıblar. Şəhərin ən abad hissəsi olan, zəngin müsəlmanların yaşadıqları “Piran-Şirvan” məhəllələri tamamilə talan edilib və yandırılıb. Şamaxı şəhərinin müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulub, şəhərin 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq – 800 illik tarixi olan Cümə məscidi yandırılıb.
(ardı var)
Vasif QAFAROV,
Milli Məclisin deputatı, tarix elmləri doktoru


