Baş nazir qarşıdakı seçkiləri ölkəsi üçün iflasdan xilas imkanı adlandırdı
Ermənistan Baş naziri Nikol Paşinyan rəhbərlik etdiyi “Mülki müqavilə” partiyasının seçkiqabağı proqramının açıqlanmasını davam etdirir. O, dünən səhər yenə “Facebook” sosial şəbəkəsindəki səhifəsində canlı yayım açaraq 1 saat 40 dəqiqəlik videomüraciətində hakim partiyanın seçki proqramının digər hissəsini xalqının diqqətinə çatdırıb.
Paşinyanın dünənki çıxışında ölkəmizlə birbaşa əlaqəli məqamlar var. Onlardan ən başlıcası Ermənistanın yeni Konstitusiyasının qəbulu və yeni əsas qanunda Müstəqillik Bəyannaməsinə istinadın aradan qaldırılması ilə bağlı səsləndirdiyi fikirlərdir. Yada salaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Konstitusiyanın preambulasında istinad edilən Müstəqillik Bəyannaməsində Qarabağın dağlıq hissəsinin Ermənistana birləşdirilməsinin zəruriliyi ilə bağlı bənd var. Ölkəmiz buna etiraz edir, Ermənistanla paraflanmış sülh sazişinə yekun imzaların atılması və onun ratifikasiyası üçün Konstitusiyada dəyişiklik edilməsinin zəruri olduğu fikrini irəli sürür.
***
Beləliklə, Paşinyan əvvəlcə Ermənistanda yeni Konstitusiyanın qəbul edilməsinin nə üçün vacib olduğunu izah edib. O, “Yeni Konstitusiyanın qəbulu bizim üçün niyə vacibdir” sualını qoyaraq bunun səbəbini belə izah edib: “Çünki ölkəmizdə dövlətlə vətəndaş arasındakı münasibətlərdə müəyyən bir gərginlik davam edir. Bu gərginliyin səbəblərindən biri də odur ki, Ermənistan Respublikasının vətəndaşları arasında ölkədə mövcud olan hüquqi sistemin məhz onların iradəsi ilə formalaşdığı barədə heç bir təsəvvürü yoxdur. Nəinki belə bir təsəvvür yoxdur, əslində, belə bir reallıq da mövcud deyil. Çünki Ermənistanda keçirilmiş bütün konstitusiya referendumlarının nəticələri daim şübhə altına alınıb. Mən özüm də jurnalist kimi vaxtilə konstitusiya referendumlarını işıqlandırmışam və siyasi proseslər zamanı bütün bu referendumların şahidi olmuşuq. Həmişə belə bir təsəvvür formalaşıb ki, konstitusiya referendumlarının nəticələri saxtalaşdırılıb. Bu da vətəndaşla hüquqi sistem arasında gərginlik yaradır və qopmaya səbəb olur. Bizim üçün vətəndaşla hüquqi sistem arasında üzvi əlaqənin olması son dərəcə vacibdir. Bu üzvi əlaqənin qurulması isə Konstitusiyanın referendum yolu ilə qəbul edilməsindən keçir”.
Paşinyan daha sonra yeni Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad edilməməli olduğu mövqeyini bir daha təsdiqləyib. Deyib ki, yeni Konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinadın yer alması məqsədəuyğun deyil və o, bu mövqeyini dəfələrlə açıq şəkildə ifadə edib. Onun sözlərinə görə, belə istinadın daxil edilməsi faktiki olaraq Qarabağ hərəkatının davam etdirilməsi anlamına gələrdi: “Əgər biz bu gün yeni Konstitusiya qəbul etsək və onun preambulasında Müstəqillik Bəyannaməsinə istinad olsa, bu o deməkdir ki, biz Qarabağ hərəkatını davam etdiririk. Qarabağ hərəkatını davam etdiririksə, bu, Azərbaycanla münaqişəni yenidən başlatmaq deməkdir. Münaqişəni yenidən başlatmaq isə sülhün mümkünsüz olması deməkdir. Əgər biz Müstəqillik Bəyannaməsinə istinad ediriksə, bu o deməkdir ki, biz “Qərbi Ermənistan” ritorikasını qəbul edirik, dolayısı ilə “dənizdən dənizə Ermənistan” ideyasını da qəbul etmiş oluruq. Burada incə məqam ondan ibarətdir ki, əgər biz bu ritorikanı qəbul ediriksə, faktiki olaraq, Qərbi Azərbaycan və Şərqi Türkiyə kimi ritorikaların dayandırılmasını da mümkünsüz edirik”.
Paşinyan Ermənistanın daxili siyasi həyatında səslənən fikirlərə də toxunub ki, guya Konstitusiyanın preambulasından Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması Azərbaycan və Türkiyənin tələbidir: “İndi Ermənistanın daxili siyasi həyatında tez-tez deyirlər ki, bu, Azərbaycan və Türkiyənin tələbidir. Mən isə deyirəm ki, gəlin özümüzə sual verək, əziz Ermənistan vətəndaşları, biz bunu istəyirik, ya yox? Mən açıq şəkildə bildirmişəm ki, biz Qarabağ hərəkatını davam etdirməməliyik, onu dayandırmalıyıq. Yəni bu gün Ermənistanda Qarabağ hərəkatı ən azı rəsmi və ictimai səviyyədə dayandırılıb”.
Baş nazir qeyd edib ki, bu yanaşma gün keçdikcə daha əsaslı görünür. Onun sözlərinə görə, seçkilərdə müharibə tərəfdarı olan üçbaşlı ittifaqın uğur qazanması Qarabağ hərəkatının davamı və bunun doğuracağı bütün nəticələr demək olacaq. Paşinyan vurğulayıb ki, “Mülki müqavilə” Müstəqillik Bəyannaməsinin ritorikasından imtinanın zəruriliyini açıq şəkildə ifadə edən yeganə siyasi qüvvədir: “Üstəlik, biz açıq deyirik ki, əgər bunu gizli şəkildə, görüntü xatirinə etsək, bu işləməyəcək. Biz səmimi və aydın şəkildə “Real Ermənistan” ideologiyasına fokuslanmalıyıq”.
Paşinyan onu da bildirib ki, qarşıdan gələn seçkilərin nəticəsində Ermənistanda tarixi-siyasi dönüş baş verə bilər. Onun sözlərinə görə, vətəndaşlarla ünsiyyətdə “Real Ermənistan” ideyasının cəmiyyət tərəfindən qəbul edildiyini hiss edir: “Əgər “Real Ermənistan” ideologiyası xalq tərəfindən qəbul edilməsəydi, mən bu gün Baş nazir olmazdım. Səhv etmirəmsə, 2024-cü ildə demişəm ki, mən Ermənistanın Baş naziri olaraq Qarabağ hərəkatını davam etdirməmək qərarı verirəm. Əgər xalq bu qərarla razı deyilsə, onları küçəyə çıxmağa, inqilab etməyə və məni vəzifədən uzaqlaşdırmağa çağırıram. İyunun 7-də keçiriləcək seçkilərdə də vətəndaşların bu imkanı var. Eyni zamanda vətəndaşlar tarixi-siyasi dönüş etmək, dövlətin suveren maraqlarına fokuslanmaq, təhlükəsizlik, rifah və sülh naminə qərar vermək imkanına malikdirlər. Bu, tarixi seçimdir. Çünki son əsrlərdə ilk dəfədir ki, biz öz maraqlarımızı başqalarına həvalə etmədən, öz problemlərimizlə üz-üzə qalaraq, regionda razılaşmalar əldə etmək imkanı qazanmışıq”.
Paşinyanın səsləndirdiyi tezislər Ermənistanın son illərdə üzləşdiyi dilemmanın mahiyyətini açıq şəkildə ortaya qoyur. Daha diqqətçəkən məqam isə Müstəqillik Bəyannaməsinə istinad məsələsi ilə bağlı yanaşmadır. Nikol bu məsələni emosional deyil, praqmatik müstəvidə izah edir. O açıq şəkildə bildirir ki, belə istinad Qarabağ hərəkatının davamı kimi şərh oluna bilər və bu da Ermənistanı yenidən qarşıdurmaya qaytarar. Bu, əslində, regionda yaranmış yeni reallıqları qəbul etməyə çağırışdır. Paşinyan anlayır ki, köhnə ideoloji şüarlar üzərində qurulan siyasət Ermənistanı yalnız təcridə və yeni risklərə sürükləyir. Onun “Real Ermənistan” konsepsiyası da məhz bu reallıqdan doğur. Bu yanaşma genişlənmə və tarixi iddialar üzərində deyil, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində dövlət quruculuğuna, təhlükəsizliyə və rifaha fokuslanmağı nəzərdə tutur. Bu isə regionda davamlı sülh üçün yeganə rasional alternativ kimi görünür.
Paşinyanın mövqeyinə qarşı çıxan qüvvələrin arqumentləri isə daha çox keçmişin stereotiplərinə söykənir. Onların təklif etdiyi kurs faktiki olaraq, Ermənistanı yenidən qarşıdurma mühitinə qaytarmaq, ölkəni geosiyasi risklərin episentrinə sürükləmək deməkdir. “Qarabağ hərəkatının davamı” kimi təqdim olunan xətt real siyasətdə yeni gərginlik, iqtisadi tənəzzül və beynəlxalq təcrid vəd edir. Bu baxımdan, həmin yanaşmalar təkcə alternativ fikir deyil, həm də ölkənin gələcəyini risk altına atan istiqamət kimi qiymətləndirilə bilər.
Nəticə etibarilə, Paşinyanın irəli sürdüyü konsepsiya Ermənistan üçün zəruri keçid planı kimi qiymətləndirilə bilər. Bu planın uğuru cəmiyyətin reallığı nə dərəcədə qəbul etməsindən asılı olacaq. Əks halda, emosional və revanşist yanaşmaların üstünlük qazanması Ermənistanı yenidən dalana dirəyə və regionda sabitlik perspektivlərini ciddi şəkildə zədələyə bilər.
Səxavət HƏMİD
XQ

