Qarabağ Zəfəri Azərbaycanı dünyada şərəfləndirdi

post-img

Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov bu ölkənin nüfuzlu agentliyi olan vb.kg-yə eksklüziv müsahibə verib. Müsahibəni təqdim edirik.

Qarabağ Zəfəri   bütün Azərbaycan xalqının və təbii ki, Prezident İlham Əliyevin Qələbəsidir.  Azərbaycan Prezident İlham Əliyevin  rəhbərliyi ilə işğal olunmuş torpaqlarını azad edərək işğala son qoydu.

Ölkədə sabitlik hökm sürür, azərbaycanlıların həmrəylik səviyyəsi həmişəkindən yüksəkdir, iqtisadi inkişaf göz qabağındadır. Azərbaycanın iqtisadiyyatı özünü təmin etmək gücündədir. Bunun üçün öz resurslarımız və səmərəli idarəçiliyimiz olan ölkə dünyanın ən nüfuzlu dövlətlərindən birinə çevrilib”, – deyə səfir Lətif Qəndilov əlavə edib.

– Son illər Qırğızıstan–Azərbaycan əlaqələri də sürətlə inkişaf edir ki, siz və mən, cənab səfir, əlbəttə, bir az sonra bu haqda danışacağıq. İndi, o cümlədən ölkəmizdə İlham Əliyevin idarəçilik fenomeni haqqında çox danışılır. Müasir dünyada o, məşhur siyasətçilərdən biridir. Xalqın ona Prezident kimi etimadının reytinqi ardıcıl olaraq ən yüksək səviyyədə qalır. O, ölkədə və dünyada bu qədər yüksək etimadı necə qazanıb? 

– Qeyd edim ki, Prezident İlham Əliyevə etimadın reytinqi durmadan artır. Və bu təəccüblü deyil. Səbəb odur ki, ölkə başçısı bütün seçki vədlərini tam şəkildə yerinə yetirib. Genişmiqyaslı regional layihələr həyata keçirib. Nəticədə dövlətin gəlirləri artır, yeni iş yerləri açılır, sosial problemlər öz həllini tapır. Vətəndaşların rifahı liderimizin əsas prioritetinə çevrilib və bildiyimiz kimi, yalnız ölkədə ardıcıl olaraq aparılan iqtisadi islahatların balansı belə rifahın möhkəm təminatı ola bilər.

Son 20 ildə əldə olunan irəliləyiş göz qabağındadır. Ölkəmiz güclənib, dünya birliyində öz layiqli yerini tutub, dövlətimiz regionda və dünyada yüksək hörmət qazanıb. İndi Azərbaycan yeni tendensiyalar müəyyən edən faktiki və qeyd-şərtsiz liderdir. Bu illər ərzində Azərbaycan niyə uğur qazanıb? Çünki bizim milli maraqlarımız başqa dövlətlərin və dünya birliyinin maraqları ilə ziddiyyət təşkil etmirdi. 

Bu, çox incə, hətta deyərdim ki, milli praqmatizmin, ölkə idarəçiliyinin yüksək səmərəliliyinin qlobal dünya siyasəti ilə unikal birləşməsidir. Fikrimcə, Prezident İlham Əliyevin və bir zamanlar Ümummilli liderimiz Heydər Əliyevin siyasətinin böyüklüyü məhz belə bir vəhdətə əməl etmək bacarığındadır. Hər bir ölkənin liderləri bu fenomenal idarəetmə tərzini bacarsalar, dünyanın irəliləyəcəyi aydın görünür. Lakin belə nailiyyətləri yalnız qeyri-adi və böyük şəxsiyyətlər qazanır. İlham Əliyev ölkənin davamlı inkişafının dünya iqtisadiyyatının maraqları ilə vəhdətdə, xüsusilə Qərblə Şərqin, Şimalla Cənubun birləşdirilməsində nümunə göstərir.

Azərbaycanın çox çətin iqtisadi dövrlər yaşadığı bir vaxtda Heydər Əliyev tarixi İpək Yolunun bərpası və Avropa–Qafqaz–Asiya (TRASEKA) Avro–Asiya nəqliyyat dəhlizinin tikintisi kimi iddialı qlobal planlar cızmağa başladı. Prezident İlham Əliyev isə faktiki olaraq Bakı–Tbilisi–Qars dəmir yolunu çəkməklə bu ideyanı həyata keçirdi. Bu gün Azərbaycan bu dəmir yolunun ötürücülük qabiliyyətini ildə 5 milyon tona, gələcəkdə isə 10-15 milyon tona çatdırmaq üçün onun inkişafına əlavə investisiyalar yatırmaq niyyətindədir. Bu, həqiqətən Şərq–Qərb, Şimal–Cənub Orta Transxəzər birləşdirici nəqliyyat dəhlizidir. 

Təbii ki, İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin ilkin mərhələsində siyasi davamlılıq xəttini əsas götürdüyünü vurğulamaya bilmərəm. O, ölkəni idarə etmək bacarığını layiqli davamçısı  olduğu Heydər Əliyevin idarəçilik yanaşmalarını davam etdirmiş və onlara yeni çalarlar gətirmişdir.

Dövlət başçısı bu  illər ərzində səmərəli və balanslaşdırılmış idarəetmə üçün sarsılmaz zəmin yarada, milli səviyyədə sabitliyi və təhlükəsizliyi qoruyub möhkəmləndirə bildi, həmçinin milli iqtisadiyyatın keyfiyyətcə yüksəlişini təmin etdi. Ölkə irimiqyaslı neft-qaz layihələrini həyata keçirməyə nail oldu. Konkret misallar arasında Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum qaz kəməri, Bakı–Tbilisi–Qars dəmir yolu xətti, Trans–Anadolu (TANAP) və Trans–Adriatik (TAP) kimi əsas ixrac neft kəmərlərini göstərə bilərəm. Enerji resurslarının Avropaya tədarükü üçün qaz kəmərlərinin inşası ölkənin qlobal iqtisadi sistemə yenidən inteqrasiyasına və böyük nəqliyyat-logistika mərkəzinə çevrilməsinə imkan yaratdı. Ona görə əminliklə deyə bilərik ki, İlham Əliyevin fərqləndirici xüsusiyyəti onun mütərəqqi ideyaları inam postulatına çevirmək bacarığıdır.

Xüsusilə vurğulamaq istərdim ki, bizim bütün yollarımız, boru kəmərlərimiz heç bir ölkənin maraqlarına zidd deyil, qlobal nəqliyyat şəbəkəsini tamamlayır, enerji təhlükəsizliyini artırır. Yaxşı olar ki, bəzi regionlar digər regionların imkanlarından yararlana bilsinlər ki, bu da sülhün və sabitliyin qorunmasına kömək edir. Bu, ölkəmizin milli maraqları ilə dünya düzəninin maraqlarının vəhdətidir.

– Cənab səfir, Qarabağdakı hazırkı vəziyyət haqqında nə deyə bilərsiniz? Qarabağ məsələsi artıq, həll olunubmu?

– Bəli,  Azərbaycan Ermənistanın uzunmüddətli işğalına son qoyub. İndi Azərbaycan bayrağı işğaldan azad olunmuş bütün ərazilərdə dalğalanır. Bu, hamı üçün tarixi hadisədir. Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan bayrağının qaldırılması mərasimində dediyi kimi, 20 il əvvəl prezident kimi fəaliyyətə başlayarkən, bayrağımızı Azərbaycanın işğal olunmuş bütün torpaqlarında dalğalandırmağı qarşısına vəzifə qoymuşdu. Bu onun bütün həyatının məqsədinə çevrildi. Və Prezident İlham Əliyevin dəqiq qeyd etdiyi kimi, “Ölkə günü-gündən bu müqəddəs məqsədə doğru irəliləyir, hər bir sakin öz zəhməti ilə onun nailiyyətini daha da yaxınlaşdırırdı”.

Niyə? Çünki xalqın öz rəhbərinə sonsuz inamı və etimadı var idi. Azərbaycan uzun illərdir ki, beynəlxalq aləmdə öz iddiasını addım-addım sübuta yetirir və ərazi bütövlüyünü sülh yolu ilə müdafiə edirdi. Ermənistanın təcavüzkar əməlləri nəticəsində ərazimizin 20 faizi işğal edilmişdi, bir milyon vətəndaşımız öz yurd-yuvasını tərk etmək məcburiyyətində qalmışdı. Təkcə 1988-ci ildə 250 min soydaşımız  Ermənistandan bir neçə saat ərzində vəhşicəsinə qovulmuş, döyülərək, şikəst edilərək, ayaqyalın, dağlardan keçərək Azərbaycana pənah gətirmişdi.

Ermənistan 30 ildir ki, işğal etdiyi ərazilərdə qeyri-qanuni fəaliyyətlə məşğul idi. Demoqrafik vəziyyəti dəyişmək üçün dünyanın digər ölkələrindən ermənilərin köçürülməsi siyasəti həyata keçirirdi. Ölkə Azərbaycan xalqının zəngin mədəni irsini, o cümlədən dini abidələri məqsədyönlü şəkildə məhv edib. Ermənilər təbii sərvətlərimizi qeyri-qanuni yolla çıxarıb, həmçinin nəzarətsiz ərazilərdən narkotik vasitələrin yetişdirilməsi üçün istifadə ediblər.

Bu müddət ərzində Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatların platformalarından geniş və bacarıqla istifadə edib. 2012-2013-cü illərdə Azərbaycan postsovet məkanında ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub. Bu, Qarabağla bağlı bütün həqiqətləri - orada aparılan işğal, deportasiya, etnik təmizləmə ilə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün edilib. Bizim mübarizəmiz yalnız beynəlxalq hüquqa və onun prinsiplərinə əsaslanırdı. Prezidentimiz bütün beynəlxalq səviyyələrdə, platformalarda Qarabağ həqiqətlərini çatdırdı. İlham Əliyevin 44 günlük müharibə dövründəki fəaliyyəti diplomatiya nəzəriyyəsinə daxil ediləcək. Dövlətimizin başçısı özü təkcə dünyanın mətbuat orqanlarının bütün hiyləgər suallarını qətiyyətlə və ustalıqla cavablandırırdı.

İlham Əliyevin müdrik neft strategiyası sayəsində ölkəmizin gəlirlərini hərbi quruculuğa yönəltmək, 35 il strateji səbr nümayiş etdirməklə, işğal olunmuş torpaqları azad edə biləcək ordu yaratmaq mümkün olub. Təkcə onu demək kifayətdir ki, son 20 ildə ölkə iqtisadiyyatına 310 milyard ABŞ dolları sərmayə qoyulub.

Azərbaycan xalqı isə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin heç birinin yerinə yetirilmədiyini görəndə BMT Nizamnaməsinin 51-ci bəndinin icrasını öz üzərinə götürdü və ədaləti təmin edə bildi. Tarixdə əbədi qalacaq Qələbə qazanıldı. Azərbaycan xalqı Ali Baş Komandanı ilə həmişə fəxr edəcək.

Eyni zamanda, biz Qarabağın erməni sakinlərinin çıxarılması barədə heç vaxt söz açmamışıq. Əksinə, biz bunu etməyə hazırlaşmayacağımızı dəfələrlə bəyan etmişik. Ayrılmaq qərarı onların seçimi idi. Azərbaycan hələ də 1991-ci ilə qədər orada yaşayan hər kəsi, eləcə də onların nəslini geri almağa hazırdır. Gəlsinlər yaşasınlar, biz onlara tam təhlükəsizliyə zəmanət veririk.

Biz azərbaycanlılar üçün tolerantlıq həyat tərzidir. Necə deyərlər, Allah bağışladı, biz də bağışlayacağıq, təbii ki, vəhşiliklərinə görə cavab verməli olan hərbi cinayətkarlar istisna olmaqla. Heç bir cinayət cəzasız qalmamalıdır, əks halda pislik təkrarlana bilər.

Və əgər Ermənistanla sülh müqaviləsi imzalansa, o zaman Azərbaycan onunla iqtisadi əlaqələr qurmağa hazırdır. Ermənistan yalnız iqtisadi əməkdaşlıqdan və yükdaşımalardan faydalanacaq. Əgər Ermənistan tərəfi bu cür təmaslara razı deyilsə, o zaman bizim İranla bu ölkənin ərazisindən keçməklə Naxçıvana doğru magistral yol açmaq barədə artıq razılaşmamız var. Gələcəkdə isə bu ərazidən dəmir yolunun çəkilməsi nəzərdə tutulur.

XQ 

 

Müsahibə