“Fransanın Azərbaycanla Ermənistan arasında münasibətlərə dair qərəzli, ermənipərəst mövqeyi Azərbaycan ictimaiyyətində və ölkəmizin jurnalist cameəsində narazılıq və narahatlıq doğurmaqdadır.
Bu narazılığın müxtəlif media materiallarında, eləcə də ayrı-ayrı vətəndaşlara məxsus sosial şəbəkə profillərində ifadəsini tapması təbiidir. Təəssüf ki, dünyanın bəzi media orqanları məsələyə xüsusi rəng qatmaqda, cəmiyyətimizin Fransanın birtərəfli və qərəzli mövqeyindən haqlı etirazlarına qeyri-adekvat məzmun qazandırmaqda və mövcud xüsusda Azərbaycan dövlətini hədəfə almaqda, bütövlükdə respublikamız əleyhinə mənfi beynəlxalq rəy formalaşdırmaqdadırlar. Fransanın dezinformasiya ilə mübarizə qrupunun yaydığı son məlumatın Qərb mediasında tirajlanması da bu cür xoşagəlməz niyyətin göstəricisidir”. Bu fikirlər Azərbaycan Mətbuat Şurasının yaydığı bəyanatda əksini tapıb.
Bəyanatda, həmçinin bildirilib ki, “Reuters” agentliyinin xəbərinə görə, Fransanın dezinformasiya ilə mübarizə qrupu 2024-cü ildə Parisdə keçirilməsi nəzərdə tutulan Olimpiya Oyunlarının boykot edilməsi istiqamətində fəaliyyət göstərənlər arasında bir azərbaycanlının olduğunu müəyyənləşdirib: “Hazırda dünyada Fransanın qlobal miqyasda apardığı siyasətdən narazılığın artdığı şəraitində bu təşkilatın qərəzli şəkildə yalnız Azərbaycana köklənməsi anlaşılan deyil və son dərəcə bəsit yanaşmanın göstəricisidir”.
Hər bir şəxsin sosial şəbəkədə öz fikirlərini sərbəst şəkildə ifadə etmək hüququnun olduğunun, hazırkı qloballaşma dövründə sosial şəbəkələrdə xalq və millət məsələlərinin deyil, fərd anlayışının, o cümlədən istifadəçilərin öz düşüncə və baxışlarını yaymasının aktuallığının vurğulandığı bəyanatda sıravi bir sosial şəbəkə istifadəçisinin bölüşdüyü fikirlərin Azərbaycan dövləti ilə əlaqələndirilməsinə cəhd qeyri-peşəkar və bəsit yanaşma kimi qiymətləndirilib: “Onu da bildirməliyik ki, Azərbaycana münasibətdə qərəzli və çirkin kampaniya aparan Fransa mediasının davamlı və ardıcıl xarakter daşıyan yarıtmaz xəttinin təkanverici qüvvəsinin məhz Fransa dövləti olması artıq hamıya aydındır. Ölkənin nüfuzlu media orqanları belə təlimatları Yelisey sarayından aldıqlarını gizlətmirlər”.
Bəyanatda eyni zamanda Azərbaycan Mətbuat Şurasının belə mənfi təmayülləri qətiyyətlə pislədiyi vurğulanıb, dünya mediası Azərbaycan əleyhinə aparılan təbliğat kampaniyasında iştirakdan uzaq durmağa, həssaslıq nümayişinə, ölkəmizlə bağlı dezinformasiya yayımından, dəqiqləşdirilməmiş, təsdiqini tapmamış məsələləri işıqlandırmaqdan çəkinməyə, əsl həqiqətlərə diqqət yetirməyə çağırılıb.