Bakıdan Laçına köç karvanı...

post-img

Doğma yurd yerlərinə qayıdan ailələrin dərya boyda sevinci... 

Dünən sübh tezdən, daha dəqiq desək, saat 5.45 radələrində qəzetimizin gənc fotomüxbiri ilə Qaradağ rayonunda bir neçə il əvvəl qaçqın ailələri üçün inşa olunmuş  “Qobu-park-3” yaşayış kompleksində idik. Hava işıqlanmamışdı, Alatoran idi. Amma ətrafda xeyli adam vardı. Bunlar Laçın rayonundan olan keçmiş məcburi köçkün ailələri idi. 

Bu ailələri ilk dəfə dəfə idi ki, görürdüm. Çox həyəcanlı idilər. Onları  başa düşmək olardı. Axı, həyatlarında olduqca əlamətdar bir hadisə baş verirdi. Otuz bir il həsrətində olduqları doğma Laçına qayıdırdılar...   

Uzun illərdir ki, jurnalistika sahəsində çalışıram. Etiraf edirəm ki, belə təsirli həyati səhnələr ilə az rastlaşmışam. Özümü bu insanların hər birinin yerində hiss edirdim. Bu arada baş redaktor Əflatun Amaşov zəng etdi. Bir daha dönə-dönə tapşırdı ki, laçınlı ailələrlə yaxından tanış olub, onların arzu və düşüncələrini mütləq dinləyib qələmə alaq.

Biz vaxt itirmədən bir-bir laçınlılara yaxınlaşır, onların ürək sözlərini dinləyirdik. Əvvəlcə burada hamının xüsusi hörmətlə yanaşdığı ağsaqqal Rüstəm Rüstəmovla tanış olduq. Dağ cüssəli kişi sözün əsl mənasında kövrəlmişdi:

– Laçını tərk edəndə hələ 50 yaşım yox idi, amma indi 77 yaşımda qayıdıram. Keçirdiyim hissləri sözlə təsvir etməyə acizəm. İnanın, bütün gecəni diri gözlü açmışam. Bəlkə qəlbimdə min dəfə cənab Prezidentə, onun ailəsinə dualar etmişəm. 

Rüstəm kişinin səsi birdən qırıldı. Onu qəhər boğmuşdu. Bu, sevincdən doğan göz yaşları idi. 

Burada üçrəngli bayrağımıza sarılan məktəbli oğlan hamının diqqətini özünə cəlb etmişdi. Telekameraların çoxu onun üzərinə tuşlanmışdı. Amma, uşaq özünü itirmir və qürurla deyirdi: 

– Biz laçınlıyıq, doğma yurda gedirik, orada mənim atam, babamgil yaşayıb. Biz indi o gözəl torpaqlarda, Vətəndə yaşayacağıq. 

Uşaqdan soruşdum:

– Laçın haqqında sənə ilk dəfə kim danışıb?

Yeniyetmə həmsöhbətim ötkəm səslə belə cavab verdi:

– Atam! Mən artıq orada olmuşam. Atamla bir yerdə getmişdik. Həqiqətən, oralar çox gözəldir.  

Sonra İmarət Rüstəmova adlı ağbirçək ana ilə də həmsöhbət olduq. Ana ürəkdolusu alqış edirdi:

– Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı, səbr versin. 

Ağbirçək sonra kövrək səslə dedi ki, o, bütün şəhid analarının əllərindən öpməyə, qarşılarında diz çökməyə ­hazırdır:

– Biz o şəhidlərin, qazilərin qanı, canı bahasına qayıdırıq evimizə. Allah xalqımızı qorusun! 

Gülay Tağıyeva adlı laçınlı xanımın da ürək  sözləri çox təsirli idi:  

– Düzdür, Azərbaycanın hər bir guşəsi gözəldir, əzizdir. Amma, Laçın bizim üçün daha əzizdir, doğulduğumuz torpaqdır, Vətəndir!

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) nümayəndəsi də burada idi. Bizim şifahi sorğumuza əsasən bildirdi ki, bu gün “Qobu-park-3” yaşayış kompleksində  məskunlaşan 10 ailə – 40 laçınlı məcburi köçkünün təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmaları üçün şərait yaradılıb. Onlar dövlətimiz tərəfindən bərpa edilən və ya yenidən inşa edilən evlərdə yaşayacaqlar. Orada onlar üçün hər cür şərait yaradılıb. Bununla da Laçın şəhərində 325 ailə, yəni 1245 nəfərin daimi məskunlaşması təmin edilib.

Artıq səhər 6.30-dur. Yola düşəcək ailələrin məişət əşyaları xüsusi yük maşınları yola salındı. Sonra isə ailələr rahat avtobuslara əyləşməyə başladılar. Bir neçə dəqiqədən sonra ətrafdakıların alqış sədaları altında köç karvanı yola düşdü. Onları təcili yardım maşınları və həkim briqadası müşayiət edirdi.

Yuxarıda həmsöhbət olduğumuz QMKİDK-nin nümayəndəsi KİV mənsublarına müjdə verdi ki, yaxın günlər ərzində “Qobu-park-3”-də məskunlaşan digər ailələr də öz doğma ocalqarına yola salınacaqlar.  

Fotomüxbir həmkarımı axtarıb taparaq ona dedim:

– Elşən, təcili redaksiyaya qayıdıb materialları qəzetin “Xalq TV”-nin “youtube” kanalına, saytına yerləşdirmək lazımdır. Yəqin ki. qəzet üçün də reportaj yazmalı olacağıq! 

Beləcə, Qobudan Bakıya qayıtdıq. Yolda hazırlayacağım reportajın sərlövhəsini düşünürdüm. Fikirləşdim ki, sərlövhə belə olsa yaxşı olar:

“Bakıdan Laçına köç karvanı...”

***

Dünən daha 40 nəfər laçınlının yurd həsrəti bitib. 31 ildən sonra yenidən Laçına qədəm qoyan ailələr sevinc göz yaşları ilə öz doğma yurduna qovuşub. Onlar şəhərdə böyük coşqu ilə qarşılanıblar. 

Daha da gözəlləşən və abadlaşan Laçına qovuşan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və “Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndələrinin iştirakı ilə açarların təqdim edilməsi mərasimi olub.

Ailələr evlərinin açarlarını sevinc hissi ilə təhvil alıblar.

Bununla da Laçın şəhərində 325 ailənin, yəni 1245 nəfərin daimi məskunlaşması təmin edilib.

 

Kəmalə ABDİNOVA, 
Elşən AĞALAR (foto)
XQ

 











Sosial həyat