Avropada antisemitizm: köhnə və yeni dalğa

post-img

Qoca Qitənin “başı əsir” və şüuru “dumanlanır”. Əsrlərdir insan haqlarının beşiyi sayılan Avropanın demokratiya “sütunları titrəyir”. 

Artıq kütlə Avropada heç dövlət və hökumət başçılarını da dinləmir. Qitənin ən inkişaf etmiş ölkələrində belə irqçilik yeni səviyyəyə yüksəlir. Bunu Avropa İttifaqının Komissiyasının yaydığı son bəyanatı da təsdiqləyir Sənəddə bildirilir: “Avropa yəhudiləri bu gün yenidən qorxu içində yaşayırlar”. 

Avropa ölkələrini birləşdirən bir ­təşkilatın rəsmi mövqeyi belədirsə, deməli vəziyyət son dərəcə ciddidir. Lakin tarixi rakursda duruma nəzər salsaq, qeyri-adi və ya təəccüblü bir məqam yoxdur. Çünki qitənin tarixində buna bənzər mövqelər həmişə olmuşdur. Son 35 ildə müstəqilliyini əldə etmiş ölkələrə qarşı özünü göstərən ikili standart siyasətinə məruz qalmış xalqlar təcrübələrində avropalıların real kimliyini yaxşı anlamışlar. Əlahəzrət faktlar “danışsın”!

“Qara Əzrail” və kütləvi qətllər

“Antisemitizm” yəhudilərə qarşı nifrət və ayrı-seçkiliyi (diskriminasiya) ifadə edir. Alimlər bu hərəkatın böyük ölçüdə Avropada qədimdən yarandığını yazırlar. Qədim Yunanıstan və Roma İmperiyasının siyasi mərkəzlərində antisemitizm əlamətləri mövcud olmuşdur. Ancaq orta əsrlərdə xüsusi amansız məzmun almışdır.

Bəli, orta əsrlərdə Avropanın iri dövlətləri olan Fransa, Almaniya, İngiltərə, Portuqaliya, İspaniya və başqalarında yəhudilərə “qara ölüm” gətirənlər kimi baxmışlar. Bunun kökündə xristianlıq dayanırdı. O dövrdə avropalılar hesab edirdilər ki, İsa peyğəmbərin ölümündə bütün yəhudi xalqı günahkardır. Dəlil kimi Pontiy Pilatın “qanlı lənətləməsi”ni – “mən bu insanın (İsa peyğəmbər nəzərdə tutulurdu – red.) ölümündə günahkar deyiləm, özünüz buna əmin olacaqsınız”, deyib əllərini yumasını gətirirdilər.

Buna inanan avropalılar 1095-ci ildə yəhudilərə qarşı səlib yürüşü etmişlər. Bu, Fransa və Reyn əyalətində güclü olmuşdur. Nəticədə bir neçə yəhudi icması doğranmışdır.

XIV əsrdə isə antisemitizm Avropada daha absurd məzmun və istiqamət almışdır. O dövrdə yəhudiləri vəba xəstəliyini törətməkdə ittiham etmişlər. Buna “qara ölüm” adı verilmişdir. Belə çıxır ki, “qara ölümü” “qara Əzrail” kimi təsəvvür edilən yəhudilər yaratmışlar! 

1348–1350-ci illərdə qərbi və mərkəzi Avropada çoxlu sayda yəhudi icması məhv edilmişdir. Bu işdə Strasburq (indi Avropanın insan haqlarını qoruyan mərkəzidir) fərqlənmişdir. Almaniyada isə o zaman 300-ə yaxın yəhudi icmasının varlığına son qoyulmuşdur. Bundan başqa, İngiltərə, Fransa və Almaniyanın müxtəlif əyalətlərindən minlərlə yəhudi deportasiya olunmuşdur. 

Yəhudiləri “qara ölüm”də günahlandıranların özləri daha qara əməllər törətmişlər. Çünki minlərlə günahsız insanı kütləvi qətlə yetirməyin başqa adı yoxdur! Proses XX əsrdə Avropada özünün yeni mərhələsinə qədəm qoymuşdur.

Avropada antisemitizm

XX əsrdə faşist Almaniyası zamanı dünya tarixinə “Holokost soyqırımı” adlı bir hadisə yazıldı. Bir neçə onilliklər sonra rəsmi Berlin bu soyqırımı etiraf etdi və yəhudi xalqından üzr istədi, müəyyən kompensasiyalar ödədi! Almanlar antisemitizmi rəsmən boyunlarına aldılar! 

Ancaq belə görünür ki, Avropa siyasi dairələri və cəmiyyətləri hələ də bu mərəzdən qurtulmamışlar. Hətta Fransa prezidenti Emmanuel Makron belə narahatdır. Niyə “hətta”? Çünki Fransa Afrikada çoxlu sayda soyqırım törətmişdir və belə yarıtmaz əməllərə alışıqdır. Buna baxmayaraq, E.Makron fransız cəmiyyətinə antisemitzmlə bağlı müraciət etmişdir. O, Fransada yəhudilərə qarşı antisemit əhval-ruhiyyəni “dəhşətli hal” adlandırmışdır. Adi insanlar küçəyə çıxa bilmirlər. Onlar uşaqlarını məktəbə aparmaqdan çəkinirlər. Fransa prezidenti hesab edir ki, “bu cür Fransa Fransa deyildir”!

Almaniyada da oxşar vəziyyətdir. Ölkənin federal komissarı Feliks Klayn “The Guardian” qəzetinə müsahibəsində “keçmişin dəhşətli anları qayıdır” kimi ifadə işlətmişdir. Onun sözlərinə görə, Almaniyada antisemitizm məzmunlu cinayətlər 29 faiz artmışdır! F.Klayn həyəcanla deyir: “insanlar şoka düşmüşlər...”

Kansler Olaf Şolts isə “bizim Holokosta görə məsuliyyətimiz, bizim tariximiz...” deyə yeni bir antisemitizmin vüsət almasından narahatlığını bildirir. 

Fransa və Almaniya rəsmilərinin həyəcanının əsaslı olduğunu sosioloji sorğular da təsdiqləyir. Almaniyanın ARD qrupu bu ilin oktyabrında keçirdiyi sorğu nəticəsində müəyyənləşdirib ki, ölkədə antisemitizm 2018-ci ildəki 40 faizdən 2019-cu ildə 59 faizə yüksəlmişdir! “Avropbarometr”in apardığı sorğuda isə yəhudilərin 89 faizi qorxu keçirdiyini dilə gətirmişlər. Onların 38 faizi Avropa İttifaqını tərk etmək niyyətini bildirmişlər. Dünya mediası Böyük Britaniyada da oxşar vəziyyətin yarandığından bəhs edir.   

İrqçilik dalanı

Əslində, Avropanın inkişaf emiş ölkələrində insan haqlarına qarşı bu dərəcədə ifrat münasibətin olması bizi təəccübləndirmir. Ortada həm keçmiş tarix, həm də Ermənistanın Azərbaycana təcavüzünə “demokrat və liberallar”ın münasibəti var. 30 illik işğal dövründə Fransa və Almaniya azərbaycanlıların adi insan haqlarının qorunması istiqamətində kiçik addım belə atmadılar. Onların leksikonunda, ümummiyyətlə, “azərbaycanlı qaçqınların hüququ” ifadəsinə rast gəlinmədi. İllərlə Azərbaycan rəhbərliyi müxtəlif beynəlxalq təşkiatlarda Azərbaycan və azərbaycanlıların təbii haqq və hüquqlarından danışdılar, lakin avropalı riyakarlar və ikiüzlülər sanki kar və kor oldular. Yenə də ancaq “ermənilərin hüququ”, “ermənilərin təhlükəsizliyi” deyərək bağırıb durdular! “Azərbaycanlı qaçqın və məcburi köçkün” ifadəsi dilə belə gəlmədi. Ona görə  yeni holokostlar ola bilər! Antisemitizmin hazırkı  Avropaya təzahürü nədir ki..?

Bizlər heç zaman irqçi olmadıq, olmarıq da. Nə tariximiz, nə dövlət tərbiyəmiz, nə mədəniyyətimiz, nə də dinimiz buna yol vermir! Bundan sonra da irqçi olmayacağıq! Bununla yanaşı, biz islamofobiyanı qınadığımız kimi, antisemitizmi də qəbul etmirik! Azərbaycan müxtəlif irqlərin, dini konfessiyaların və etnosların dinc birgəyaşam modelini dəstəkləyən dövlət və cəmiyyətdir! 

İrqçi olmadığımızdan bəşəriyyətin sürükləndiyi dalanda nəfəsimiz daralmır...Biz yenə də insanlığın, sülhün, barışın, dinc və yanaşı yaşamanın qələbəsi üçün çalışacağıq!

 

Füzuli Qurbanov, 
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

 

Siyasət