Tarixi yaradanlar: Məmməd Əmin Rəsulzadə

post-img

“Altun Kitab” nəşriyyat evinin “Tarixi yaradanlar” silsilə nəşrlər toplusuna yeni bir kitab da əlavə edildi. Geniş oxucu auditoriyasına təqdim edilən və elmi-publisistik dildə qələmə alınan yeni kitab Azərbaycan Cümhuriyyətinin banisi  Məmməd Əmin Rəsulzadəyə həsr edilib. 

Bütün böyük və tarixi şəxsiyyətlər kimi, onunla da bağlı fərqli mülahizələr və cavabını gözləyən çoxsaylı suallar ortaya çıxmış, marksist-leninçi ideoloqlar davamlı olaraq haqqında qeyri-müəyyən fikirlər yaratmağa çalışmışlar. Amma  nə onun tarix qarşısındakı xidmətlərini gizlətməyə, nə də şəxsiyyətinin miqyasını kiçiltməyə gücləri çatmamışdır. Hətta 70 il dünyanı vahimələr içərisində yaşadan “nəhəng” sovet rejimi adını kitab-dəftərdən silməyi bacarsa da, tarixin səhifələrindən silə bilməmişdir. Bu gün ancaq nisgilli bir təəssüf hissləri ilə qeyd etmək olur ki,  böyük istiqlal mücahidinin vəfatını Ankara radiosu 1955-ci ilin 7 martında dərin bir hüznlə dünyaya yayanda Türkiyədə və Avropada yaşayan Qafqaz mühacirləri, eləcə də türk-müsəlman dünyası böyük bir üzüntü yaşayanda, yalnız doğma Vətəni Can Azərbaycandan, bir az da dəqiq desək, Sovet Azərbaycanından səs çıxmamışdı... 

Bu və bu kimi onlarca sualların niyəsini də  Qulu Məhərrəmlinin  “Məmməd Əmin Rəsulzadə” kitabında tapmaq olar. Qeyd edək ki, Azərbaycan elmi ictimaiyyətinin, çoxsaylı tamaşaçı və oxucuların yaxşı tanıdığı jurnalist və tədqiqatçı, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli bir çox elmi araşdırmaların və dərs vəsaitlərinin müəllifidir. Onun geniş oxucu auditoriyası üçün nəzərdə tutulan yeni kitabında istiqlal mücahidi Məmməd Əmin Rəsulzadənin həyatı və şəxsiyyəti ilə bağlı bir-birindən maraqlı faktlar, yeni məlumat və mülahizələr yer alır. Əminik ki, tarixi faktlar və sənədlər əsasında qələmə alınan bu kitab Azərbaycan Cümhuriyyətinin banisini oxuculara daha yaxından tanıdacaq və sevdirəcək.

XQ

 

Sosial həyat