Qısa filmlərin böyük auditoriyası

post-img

Noyabrın 10-dan Nizami Kino Mərkəzində XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçirilir. Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivalın rəsmi tərəfdaşı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyidir. Festivalın dəstəkçiləri Nizami Kino Mərkəzi, “Azərbaycanfilm” kinostudiyası, Dövlət Film Fondu, “British Counsil”,  Azərbaycan Prodüserlər Gildiyası, Yunus Əmrə İnstitutudur.

Bakı Beynəlxalq Qısa Filmlər Festivalının direktoru Fehruz Şamıyev XQ-nə festivalda yer alan filmlər haqqında məlumat verdi. O, Azərbaycanın Vətən müharibəsində qazandığı zəfərin çəkilən filmlərdə öz əksini tapacağını dedi: – “Həmişə düşünmüşəm ki, hər il bu festivalı keçirəndə bizimçün daha rahat olacaq. Amma heç də belə deyilmiş. Hər dəfə bu həyəcanı yenidən yaşayırıq. Amma bu gərginliyin içində bir qələbə mesajı gizlənir. Təkcə vətənpərvərlik mövzusunda yox, həm də müəllif kinosunda qələbənin təsirləri hiss olunur. Biz öz filmlərimizi dünyaya ürək açıqlığı ilə çıxara biləcəyik. İnanırıq ki, bu festival kino sənayesinin inkişafına, az da olsa, təkan verəcək”. 

Beynəlxalq Qısa Filmlər Festivalına 78 ölkədən 704 film göndərilib. Mütəxəssislərdən ibarət Seçim Komissiyası bu filmlərin arasından Beynəlxalq, “Asiya istedadları” və Yerli müsabiqədə həmçinin, “Cinemobil”də yarışan ekran əsərlərini müəyyənləşdiriblər. Beynəlxalq müsabiqədə 32 ölkəni təmsil edən 42 film, “Asiya istedadları”nda 17 film, Yerli müsabiqədə isə 26 film festivalın əsas mükafatı sayılan “Qızıl Nar” uğrunda mübarizəyə qoşulub. 

Bu il müsabiqənin filmlərini “Qızıl Pəri” mükafatçısı, nüfuzlu kinofestivallarda mükafatlar qazanan Yavər Rzayev, Berlinali mükafatçısı, Moskva, Avrasiya, Varşava Film Festivallarının baş mükafatçısı, rejissor-prodüser Fərhad Şərifov, tanınmış ssenarist Rulof Yan Minnebu qiymətləndirəcəklər. “Asiya istedadları”nın münsiflər heyətində Baykonur Beynəlxalq Film Festivalının proqram direktoru, kinotənqidçi Ercan Cumabəyov, Azərbaycan yazıçısı, ssenarist Şərif Ağayar, bir sıra beynəlxalq kinofestivalların qalibi, rejissor, ssenarist Ramin Fərzaneh var. Yerli müsabiqədə yarışanları əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, Azərbaycan Jurnalistlər Birliyinin rəhbəri, “Ayna”-“Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı, müasir Azərbaycan kinosunun tanınmış rejissorlarından Nadir Mehdiyev qiymətləndirir. Festivalda yer alan yerli və xarici qısa filmlər hər gün saat 11:00-dan Nizami Kino Mərkəzində nümayiş olunur. 

Festivalın müsabiqədənkənar maraqlı bölmələri də var. “British Council”la əməkdaşlığın nəticəsi olaraq festival çərçivəsində İngiltərə Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən verilən dünyanın ən məşhur mükafatı – BAFTA namizədlərinin xüsusi nümayişi olub. Nümayişdə proqram çərçivəsində göstərilən “Baziqaqa” filminin rejissoru Co İnqabir Moyis də iştirak edib. Festivalın “Dili bizim” bölümündə dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimizin Azərbaycan dilində çəkdikləri filmlər göstərilir. Azərbaycan kinosunun 125 illiyinə həsr olunan “Retrospektiv”də müxtəlif dövrlərə aid beş qısa film – Zaur Məhərrəmovun “ Bakı eyvanları”, Nicat Feyzullayevin “Yaşa, qızıl balıq”, Həsən Seyidbəylinin “Cazibə qüvvəsi”, Arif Məhərrəmovun “Münəccimin şagirdi”, Rüfət Əsədovun “Vahimə” ekran əsərləri göstərilir. Festival müddətində qrafik dizayner Rəsul Həsənin “Kinoda süni intellekt texnologiyasının tətbiqi” adlı mühazirəsi dinlənilib. 

Beynəlxalq Qısa Filmlər Festivalına gələn Böyük Britaniyanın Azərbaycandakı  səfiri Ferqus Auld XQ-nə qısametrajlı filmlərin əhəmiyyətindən danışıb: “Mən qısametrajlı filmləri çox sevirəm. Bu festivalda Britaniya filmlərinin nümayişini təşkil etdiyinə görə, “British Council”-a minnətdaram. Dörd gözəl və müxtəlif qısametrajlı filmi bu festivalda görəcəyik. Azərbaycan dilini öyrənərkən Azərbaycan filmlərinə baxmağı sevirdim”. 

Festival çərçivəsində Azərbaycan kinosunun 125 illiyi münasibətilə “Azərbaycan kinematoqrafiyasında xidmətlərinə görə” Azərbaycan Film Fondunun direktoru, kinorejissor Cəmil Quliyev, dublyaj sahəsində xidmətlərinə görə Əməkdar artist Nəcibə Hüseynova, müəllif kinosunun inkişafındakı xidmətlərinə görə Əməkdar incəsənət xadimi, kinorejissor Elçin Musaoğlu “Qızıl nar” mükafatı ilə təltif ediliblər. 

Daha sonra festivala təqdim olunan yerli və xarici filmlərin kollajından ibarət videoçarxlar, eyni zamanda Britaniya Film və Televiziya Sənətləri Akademiyasının “Bafta” mükafatına, bu il ən yaxşı qısametrajlı bədii film nominasiyasında “Oskar” mükafatına layiq görülmüş “İrlandsayağı vida” filmi nümayiş olunub.

Festival qaliblərinin mükafatlandırılma mərasimi bu gün saat 19:00-da Nizami Kino Mərkəzində keçiriləcək.

 

R.QURBANLI 
XQ

 

Mədəniyyət