IX Bakı Beynəlxalq Kitab Sərgisi başa çatır

post-img

Paytaxtımız növbəti beynəlxalq kitab bayramına evsahibliyi edir. 2009-cu ildə əsası qoyulan Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimində elm adamları, səfirlər, millət vəkilləri, ölkənin tanınmış mədəniyyət xadimləri, eləcə də kitabsevərlər iştirak ediblər. 

Açılış mərasimindəki çıxışında Mədəniyyət naziri Adil Kərimli  9-cu Kitab Sərgisinin Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunduğunu deyib: “Ulu öndər hər zaman kitaba, kitab sənayesinin inkişafına böyük diqqət göstərirdi. Dahi siyasətçi nəşriyyat işinin inkişafına hər zaman qayğı ilə yanaşırdı. Prezident İlham Əliyev tərəfindən ölkəmizdə ədəbiyyat sahəsinə, kitab sənayesinə, bütövlükdə nəşriyyat sahəsinə ciddi dəstək verilir. Kağız idxalının və istehsalının ƏDV-dən azad olunması, eləcə də hər il bir çox ölkələrdə Azərbaycanın kitab mədəniyyətinin təbliğinə şərait yaradılması da bu diqqətin təzahürüdür”.

Tədbirdə çıxış edənlər – AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, millət vəkilləri, akademik Nizami Cəfərov, Fazil Mustafa, ombudsman Səbinə Əliyeva,  Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid sərginin əhəmiyyətindən danışıblar. Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Yevdokimov Bakı Beynəlxalq Kitab Sərgisini Cənubi Qafqazın ən böyük ədəbi tədbiri kimi dəyərləndirib: “Bu il ilk dəfə sərgidə fəxri qonaq kimi iştirak edirik. Bunun üçün Azərbaycan Mədəniyyət Nazirliyinə təşəkkür edirik. Təxminən, 100 kvadratmetr sahəsi olan Rusiya stendinin rəflərində həm klassik, həm də müasir əsərlər yer alıb. Sərgidə Rusiyanın 30 nəşriyyatı təmsil olunur. Əminəm ki, Bakı Beynəlxalq Kitab Sərgisi Rusiya və Azərbaycan arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsinə mühüm töhfə verəcək”.

“Caspian Event Organisers” şirkətinin tərəfdaşlığı ilə gerçəkləşən sərgidə “Zəfər”, “Şuşa” və “Xudafərin” adlı üç təqdimat zonası da fəaliyyət göstərir. Sərginin 3-cü günü “Zəfər” təqdimat zonasında gürcü yazıçısı  Nana Ekvtimişvili  ilə görüş keçirildi. Görüşdən sonra XQ-nə açıqlama verən yazıçı dedi ki, sərgi və görüş yüksək səviyyədə hazırlanıb: “Mən Azərbaycan oxucusu ilə görüşdən çox razı qaldım. Sizin yazıçıları oxumuşam, tanıyıram. Sizin oxucular da bizi tanıyır, mənə azərbaycanlı oxuculardan mesajlar gəlir”.  

Uşaq yazıçısı Zahid Xəlil bizimlə söhbətində kitab sərgisinin ən böyük bayram olduğunu vurğuladı: “Başqa bayramlarda yeməklə qidalanırıq, kitab sərgisində isə kitabla. Bu gün çox sevinirəm ki, gənc nəsil kitaba, ədəbiyyata qayıdıb. Artıq 9-cu dəfə keçirilən kitab sərgisinin əhəmiyyəti həm də o cəhətdən böyükdür ki, gəncləri bura toplayıb onları kitaba cəlb edir”. 

M.F. Axundaov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov: “Sərgidə 12 ölkədən nümayəndələr, nəşriyyatlar iştirak edir. Ziyarətçi çoxdur. Bir kitabxanaçı kimi gənclərin kitab almaq üçün növbəyə dayanmaları məni çox sevindirir. Kitabla dost olan uşağın gələcəyi parlaq olar. Sərgi boyu tədbirlər keçiririk, hər gün bir neçə tədbir olur. Hamısı da gur keçir. 3 ekspozisiya zalı kifayət etmir. Ulu öndərin 100 illiyinə həsr edilmiş, Milli kitabxanamızın 100 illiyi ilə bağlı xüsusi ekspozisiyalarımız var. Təqdimatlarımız çox olur. Dünən Özbəkistan ədəbiyyatının 100 cildliyinin təqdimatı oldu. Əsas odur ki, ziyarətçilər sərgiyə könüllü gəlir və kitab alırlar”. 

Yazıçı İlqar Fəhmi deyir ki, ilk sərgilər tərəddüd və narahatlıq içində keçirilirdi. Yəni, alınar, yoxsa alınmaz. Amma bu dəfə heç bir tərəddüd olmadı: “Əvvəlki sərgilərdən təcrübəmiz var idi ki, oxucular, yazarlar gözləyir. Beş gün ərzində  geniş bir sahə kitabsevərlərin ixtiyarına verilir. Düşünürəm ki, kitab sərgisi Azərbaycanın humanitar sahədə beynəlxalq səviyyədə təşkil etdiyi ən böyük və uğurlu layihələrdən biridir. Davamlı olsun”. 

Yazıçı Şərif Ağayarın fikrincə, Qarabağ müharibəsindən sonra Azərbaycan dünyaya mədəniyyəti və ədəbiyyatı ilə çıxmalı və tanınmalıdır: “Bunun da əsas yollarından biri kitab sərgisidir. Bir xalq keçirdiyi kitab sərgisi qədərdir. Kitab sərgisi xalqın mədəniyyətinin ifadəsidir. Bu sərgi gələcəklə bağlı böyük ümidlər yaradır. Arzu edirəm bu sərgilər ildən-ilə genişlənsin və bütün gücümüzü kitab ətrafında səfərbər edək. Azərbaycan kitabı layiq olduğu məqama yüksəlməlidir. Bu sərgi həmin istiqamətdə ciddi addımdır”.

 

Q.RAMİLƏ
XQ

 

Mədəniyyət