Bir bütövün parçası – Kərkük

post-img

Ruhumuzun, könlümüzün işıqlı guşələrində qərar tutmuş yurdlardan biri də hər zaman bizə doğma olan İraq–Kərkük elləridir. Bu barədə düşünəndə öncə Nəsimi və Füzulini xatırlayırıq. Sonra digər aydınlarımız yada düşür. Çağdaş iraqlı soydaşlarımızdan biri də Dünya İletişimçiləri Birliyinin qurucusu və rəhbəri, İraq–Türkman Jurnalistləri Cəmiyyətinin sədri, “Kərkük” qəzetinin sahibi və baş redaktoru Şəmsəddin Kuzəçidir.

Bakıya hər gəlişi ilə buradakı çoxsaylı dostlarını sevindirən Şəmsəddin Kuzəçi­nin indiyədək nəşr olunmuş 66 kitabının 10-u Azərbaycanda işıq üzü görüb. Hə­min nəşrlərdən 3-nü – bu il çıxmış “Azər­baycan məqalələri” (I), özünün haqqında yazılan oçerklərdən ibarət “Azərbaycan sevdalısı” və “İraqın mətbuat tarixi” kitab­larını görüşümüz zamanı dəyərli qonağı­mız bizə hədiyyə etdi.

Həmkarım Tahir Aydınoğlu ilə bə­rabər söhbət etdiyimiz Şəmsəddin bəyə ilk sualımız iraqlı soydaşlarımı­zın tarixi, ilkin ədəbi örnəkləri barədə oldu. Cavabında bildirdi ki, ümummilli lider Heydər Əliyev Quzey və Güney azərbaycanlıları ilə İraq türkmanlarını bir bütövün parçaları hesab edirdi.

– Biz də İraq azərbaycanlıları olaraq özümüzü həmin bütövün içində görür, ədəbiyyatımızı, mədəniyyətimizi yaşat­maq, yaymaq amalına xidmət edirik, - deyə həmsöhbətimiz sözünə davam etdi. – Daha sıx qaynayıb-qarışmalı və böyük Turana doğru yürüməliyik. Bizim soyumuz, kökümüz, dilimiz, mahnıları­mız, bayatılarımız eynidir. Hicri tarixi ilə 54-cü, miladi tarixi ilə 674-cü illərdə Orta Asiyadan, Azərbaycandan köç etmişik. Kökümüz bura bağlıdır. Heç bir şifahi dil fərqimiz yoxdur, ləhcələrmiz, şivələrmiz tam eynidir. Yazı dilimiz isə Türkiyə türk­cəsidir. Ona görə ki, Osmanlı İmperator­luğu 400 ilə qədər, 1534–1918-ci illərdə bizi idarə edib. İstər-istəməz neçə-neçə nəslin dili Türkiyə türkcəsi olub. Amma şifahi nitqimiz azərbaycancadır. Evdə, məktəbdə, iş yerlərində Azərbaycan şi­vəsində danışırıq. Bu bizim üçün fəxrdir.

Azərbaycan klassik ədəbiyyatının əsas sütunlarından söz düşüncə Şəm­səddin bəy ilk olaraq İmadəddin Nəsi­minin adını çəkdi.

– Hürufi şeyxi Nəsimi Bağdadın 12 kilometrliyində yerləşən Nəsim kəndin­də də, Suriyanın Hələb şəhərində də yaşayıb. Ərəb-türkman ədəbiyyatının ilk yazılı nümunələri məhz Nəsiminin adı ilə başlayır. Ondan sonra Məhəmməd Füzuli gəlir. Kərkükdə babası ilə birlikdə yaşayıb. Kərkük qalasında indi də evi qalır. Babası dövlət məmuru kimi Kər­bəlaya göndəriləndə Füzuli də köçərək uzun müddət orada qalıb. Hər gün həz­rəti Hüseynin türbəsinə gedirmiş. Bildiyi­niz kimi, öləndə də vəsiyyət edib ki, onu həzrəti Hüseynin məzarının ayağında dəfn etsinlər. Füzulinin məzarı hazırda Kərbəladadır.

– Yeri gəlmişkən, indi Füzulinin məzarı nə vəziyyətdədir?

– Məzarı ziyarət olunur. Təəssüf ki, Səddamın hakimiyyəti dönəmində Füzu­linin məzarını bağçaya daşıdılar. Oradakı lövhədə yazılıb ki, Füzuli burada uyuyur. Məzarının yerində isə caddə tikdilər. Həzrəti Hüseynin məzarının iç divarında­kı xatirə lövhəsi isə qalır. İmamı ziyarət edənlər öncə Füzulinin lövhəsini görürlər. Ancaq istərdik ki, Kərbəlada Füzulinin heykəli qoyulsun, Füzuli Mədəniyyət Evi olsun. Gümanımız Azərbaycanadır. 

Söhbətin bu yerində Tahir bəy Azərbaycanın xaricdəki soydaşları­mızla bağlı bütün məsələlərə həssas yanaşdığını xatırlatdı: 

– Ötən ilin noyabrında Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə Prezident İlham Əliyev dünyanı titrədən bir bəyanat verərək bil­dirdi ki, 50 milyonluq Azərbaycan türkü­nün taleyi bizim üçün önəmlidir. Onların dilinin, milli varlığının qorunmasının rəs­mi təəssübkeşi Azərbaycandır. 

Görüş zamanı unudulmaz soydaşı­mız, kərküklü Sinan Səidin də adı xa­tırlandı. Şəmsəddin bəy dedi:

– Bu günlərdə Bakıda iştirak etdiyim Türk Dünyası Ədəbiyyat və Kitab Festi­valında gənclər məndən “Sinan Səid kim­dir?” – deyə soruşdular. Cavab verdim ki, Sinan bəy alim-pedaqoq, tərcüməçi, jurnalist və publisist olub. Bağdad radio­sunda çalışıb. Sinan Səid 1959–1970-ci illərdə Azərbaycanda yaşayıb. Burada aspiranturada oxuyub, bir azərbaycanlı xanımla evlənib, 2 övladı olub. Azərbay­can Radiosunun ərəb dilində verilişlərinin aparıcısı olub. “Ninnə yarım”, yaxud “Ev­lərinin önü yonca”, “Hər gün axşam olu dallam” və “Qızıl üzük, yaşıl qaşı” adlı mahnıları Nərminə Məmmədova ilə birgə oxuyub. 

Amma ondan bir qədər əvvəl Rə­sul Rza, Bəxtiyar Vahabzadə və Qasım Qasımzadə İraqa gediblər. Qəzənfər Paşayevin bu barədə maraqlı qeydləri var: “Oradan qayıdanda Rəsul Rza bir kitab gətirmişdi. Nazim Hikmət deyirdi ki, R.Rzanın əlində bir kitab vardı, sanki, ürəyini gəzdirirdi. Əta Tərzibaşının "Kər­kük xoyrat və maniləri" kitabı idi. Ondan sonra Rəsul müəllim "Uzaq ellərin yaxın töhfələri" adlı doktorluq dissertasiyasına bərabər bir əsər yazdı. O, İraqda da çap olundu. Sonra Azərbaycanda sərbəst şeirin əsasını qoyan Rəsul Rza İraq-türk­man xoyratlarının təsiri ilə folklora qayıt­dı. 1964-cü ildə onun "Aşıq Yanıqlının bayatıları" kitabı çıxdı. Bundan sonra, 1980-ci ildə "Yaralı Kərkükün xoyrat və maniləri" çıxdı. Burada görün, kərkük xoyratlarından istifadə edərək Rəsul Rza nə yazmışdır:

Bağdaddan karvan gəlir,

Dərdli, pərişan gəlir.

Kimlər qurban kəsilib

Sularım al-qan gəlir?

Budur xoyratların təsiri”. 

Şəmsəddin Kuzəçi əlavə olaraq dedi:

– 1969-cu ildə Bağdadda çap olu­nan “Qardaşlıq” jurnalında 6 ay “Uzaq ellərin yaxın töhfələri” məqaləsi çap olunub. Sonrakı dönəmlərdə Əbdüllətif Bəndəroğlu və Mustafa Ziya oraya ge­dən qonaqları qarşılayan, bütün əziy­yəti öz çiyinlərində daşıyan adamlar idi. Bəndəroğlu İraqın Mədəniyyət Nazir­liyində çalışıb, Azərbaycan haqqında 10-dan artıq kitab çap edilib. Bunlardan biri Qəzənfər Paşayevin 1995-ci ildə çap olunan "İraq-türkman folkloru" kitabıdır. Həmçinin, 1996-cı ildə "Altı il Dəclə Fərat sahillərində" kitabı öz tərcüməsində ərəb dilində nəşr olunub.

Bu gün həmin əsərləri gənclər üçün yenidən “cücərtmək” lazımdır. Gənclərin yeni toxumlar əkməsi vacibdir. Vaxtilə böyük ədiblərimiz Kərkük ədəbiyyatına, mədəniyyətinə, folklorına böyük xidmət­lər göstəriblər. Biz onlardan ilham alaraq yola davam edirik. 

Söhbətin bu yerində mən xatır­latdım ki, Şəmsəddin Kuzəçi özü də gözəl şairdir və bir şeirindən misal çəkdim... Qonağımız təşəkkür edərək dedi: 

– Bizdə İraq ədəbiyyatlarının bir neçə qurumu, məsələn, Yazarlar Birliyinin türk­man ofisi var və 300-ə yaxın üzvü birləşdi­rir. Hər kəs – ərəbcə də, türkmanca da ya­zanlar üzv olub qeydiyyatdan keçirlər. İraq səviyyəsində müxtəlif tədbirlər icra edirlər. Ayda bir dəfə Bağdada gəlib-gedirlər, Fü­zuli adına türkcə şeir festivalları keçirilir. Kərkükdə isə ədəbiyyatımız yalnız 2003-cü ildən sonra bir az rahat nəfəs aldı. Ona qədər məfkurəçi şeirlər, milli xoyratlar yazır, gizli mesajlar verirdik. Fikrimizi açıq söyləyə bilmirdik. Məsələn, 1993-cü ildə bir toyda 3 şeir oxudum və məni 3 ay nə­zarətdə saxladılar. Belə misralar vardı:

Kul qalxdı, izi qaldı,

Yazılmış yazı qaldı.

Əl qaldırın Allaha,

Zalımın azı qaldı.

Deyirdilər ki, bu şeir siyasidir, Səd­dam Hüseyn nəzərdə tutulur və s. 2003-cü ilə qədər belə çətinliyimiz olurdu, son­ra isə hər şey dəyişdi. Rahat istədiyimizi yaza bilirik. İraq-türkman ədəbiyyatları birliyi var. Müxtəlif dərgi və jurnallar çıx­mağa başladı. Bu yolda Azərbaycan və Türkiyə Türk dünyasının öndər ölkələri­dir. Bir zəncirin önəmli baş halqaları bu iki ölkədir. 

Bizim də ədəbiyyatımız zəngindir, önəmli yazarlarımız var. Amma yazdıqla­rımızı müəyyən qədər Azərbaycan, Tür­kiyə, Balkanlar, Kosova bilsə də, qırğız, qazax elləri xəbərsizdir. Türk ölkələrinin niyə ortaq dili olmasın ki? Bizim də ədə­biyyatımızda Çingiz Aytmatov kimi yazar­larımız olub. Ustad Əta Tərzibaşı, Əbdül­lətif Bəndəroğlu güclü əsərlər qoyublar ortalığa. Çağdaşlarımız arasında Salah Növrəs, Nəsim Əlbir kimi şairlər, yazarlar var. Lakin biz ərəb əlifbasında yazmışıq deyə, çoxları tanımır. Gənclər bu yöndə daha çox çalışmalıdırlar. Azərbaycan­da mənimlə işbirliyi edən Əkbər Qoşalı, Rəsmiyyə Sabir, Elçin İsgəndərzadə, Şə­lalə Ana və digərləri var. Ümidim odur ki, bizdən sonra gələn nəsillər də Kərkükü tanıyıb sevəcəklər.

Mən gələcək nəsillər üçün kitabları­mı Türkiyə türkcəsində, eləcə də Azər­baycan türkcəsində yazmışam. Qoy, öz dillərində oxuya bilsinlər. Görsünlər ki, İraq türkmanları da ulu öndərin dediyi bü­tünün parçalarıdır. Yeri gəlmişkən, “İraq mətbuat tarixi” kitabım ərəbcə, türkcə, ingiliscə və azərbaycanca olmaqla – 4 dildə çap edilib. Azərbaycan dilinə gənc qəzet yazarı Əfsanə Qıpçaq tərcümə edib, sizin qəzetin baş redaktoru Əflatun Amaşov kitaba ön söz yazıb. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi bu ki­tabımı ingilis dilinə tərcümə etdi.

Söhbət zamanı o da qeyd olundu ki, məsafə uzaqlığı ürəkləri ayrı sala bilməz. Azərbaycanla İraq arasında Türkiyə, İran, Suriya var. Qonağımız dedi ki, bu ölkələrin üzərindən əlaqələri daha da ge­nişləndirmək olar. Yeri gəlmişkən, Bakıda Kərkük Mədəniyyəti Mərkəzi yaradılsa, yaxşı olar. Bir zaman Nizami Gəncəvi Muzeyində İraq Ədəbiyyatı Mədəniyyəti Muzeyinin zalı açılmışdı, amma təəssüf ki, sonra nədənsə bağlandı. Bakıdakı parkların birinə Kərkük adı verilə, mədə­niyyət mərkəzləri Kərküklə bağlı kitablar çap etdirə, seminarlar keçirə bilər. 

Kərküklü tələbələrin Azərbaycanda magistraturada, doktoranturada təhsil almaları ortaq mədəniyyətimizə töhfə verəcək. Həmin tələbələr həm də İraq türkmanlarının təmsilçiləri kimi öz ədə­biyyatlarını, mədəniyyətlərini təmsil edə­cəklər. 2000-ci ildə Şəmsəddin Kuzəçi ilə bərabər, 15 nəfər kərküklü AYB-yə fəxri üzv qəbul olunub. Deməli, əlaqələ­rin güclənməsi baxımından Azərbaycan Yazıçılar Birliyinin, diaspor qurumlarının, mətbuatın da üzərinə çox iş düşür. Kər­kükdə onlarla qəzet çıxır, amma oradan hələ heç bir jurnalist Şuşanı ziyarətə dəvət edilməyib... 

Nəhayət, qeyd edək ki, bu sıradan umacaqların olması təbiidir. Çünki mə­ram soydaşları daimi olaraq bir araya gətirməkdir. 

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

Müsahibə