Azərbaycanda Şərq muğamı təntənəsi

post-img

Artıq, dörd gündür ki, şəhərimizin müxtəlif yerlərində “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı adı altında tədbirlər keçirilir. Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə təşkil olunan festival qədim və zəngin muğam sənəti, peşəkar muğam ənənələrini özündə yaşadır. Festival bəşər tarixində əsrarəngiz gözəlliyə malik incəsənət növü olan muğamı Azərbaycan xalqının qiymətli sərvətlərindən biri kimi dünya ictimaiyyətinə təqdim edir. Festivalın təşkilində əsas məqsəd musiqi irsimizi yaşatmaqdan, xalqımızın ənənəvi musiqi sənətininin dünya musiqi xəzinəsində əvəzolunmaz yeri olduğunu bir daha sübuta yetirməkdən ibarətdir.

Festivalın açılış mərasiminə Heydər Əliyev Sarayında “Alim Qasımov və onun qonaqları” adlı konsertlə start verildi. Dövlət və hökumət rəsmilərinin, tanınmış elm və mədəniyyət xadimlərinin, eləcə də muğamsevərlərin iştirak etdiyi tədbir­də Xalq artisti Alim Qasımov, Əməkdar artist Fərqanə Qasımova, Əfqan rübabı və Hind sarodunun dünya şöhrətli ifaçısı Daud Xan Sadozai, xoreoqraf, muğamla rəqs hərəkətlərini sistemləşdirən Saşar Zərif və Türkiyənin xalq musiqi sənətçisi Senem Akdemir muğamı müasir musiqi janrları ilə sintez edərək möhtəşəm ifa sərgilədilər. Festivalın birinci günü Milli Konservatoriyada Xalq artisti Ənvər Sa­dıqov və Əməkdar artist Emil Əfrasiya­bın da konsertləri keçirildi.

Festivalın ikinci günündə isə Bey­nəlxalq Muğam Mərkəzi, Milli Konserva­toriya və Daş Salnamə Muzeyində Azər­baycandan Əməkdar artist Elçin Şirinov və bir sıra muğam ifaçılarının, Əfqanıs­tandan Daud Xan Sadozai və İrandan Mahan Mirarabın konsertləri təşkil olun­du. İyunun 19-da, həmçinin festival çər­çivəsində Beynəlxalq Muğam Müsabiqə­si start götürdü.

Müsabiqənin ilkin mərhələsində ölkə­mizi instrumental ifaçılıq kateqoriyası üzrə 5, xanəndəlik kateqoriyası üzrə isə 4 ifaçı təmsil etdi. Xanəndəlik kateqoriya­sında Mirəli Sarızadə, Xəyal Hüseynov, Zümrüd Məmmədova, Daşqın Kürçaylı, instrumental ifaçılıq kateqoriyasında isə Vaqif Təhməzov, Cahandar Mikayılov, Bayraməli Əliyev və Soltan Nadirov mu­siqi nömrələri ilə çıxış etdilər. 

Müsabiqədə Azərbaycanla yanaşı, İran, İsrail, Özbəkistan və Türkiyədən ümumilikdə 22 ifaçı iştirak etdi. Birinci yer uğrunda instrumental ifaçılıq kateqo­riyası üzrə 12, xanəndəlik kateqoriyası üzrə isə 10 ifaçı mübarizə aparırdı.

İnstrumental ifaçılıq kateqoriyasında qalib olan 6 iştirakçı – Bayraməli Əli­yev, Sultan Nadirov, Vaqif Təhməzov (Azərbaycan), Zilola Ruziyeva, Jahongir Otamurodov, Shoxijohan Yoriev (Özbə­kistan), xanəndəlik kateqoriyasında isə 5 iştirakçı – Daşqın Kürçaylı, Zümrüd Məmmədova (Azərbaycan), Mohiçeh­ra Şahmurotova, Ramziddin Ergashev, Dostmurod Negmurodov (Özbəkistan) öz ifalarını təqdim etdilər.

İyunun 19-da keçirilən müsabiqənin birinci turunun növbəti mərhələsində isə instrumental ifaçılıq kateqoriyası üzrə daha 6 iştirakçının, xanəndəlik üzrə isə 5 ifaçının dinləmələri təşkil edildi. Qeyd edək ki, dinləmələrdən sonra iyunun 21-də ikinci tura keçən ifaçılar arasından qaliblər seçiləcək.

İyunun 20-də Bakıda VI “Muğam alə­mi” Beynəlxalq Musiqi Festivalı çərçivə­sində keçirilmiş Elmi simpoziumun açılışı oldu. Tədbirdə Azərbaycan mütəxəssis­ləri ilə yanaşı, ABŞ, Böyük Britaniya, Fransa, Hindistan, İsrail, Kanada, Qa­zaxıstan, Özbəkistan, Tacikistan, Türkiyə və Yaponiyadan alimlər iştirak edirdilər.

Simpoziumun rəsmi açılış məra­simində vurğulandı ki, muğam qədim ayinlərdən qaynaqlanaraq, əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesindən keçərək, yetkinləşib, for­malaşıb və kamilləşib. Klassik ədəbiyyat nümunələri ilə üzvi surətdə vəhdət təşkil edərək sintetik sənət növü kimi meydana çıxan muğamların Azərbaycan musiqisi­nin inkişafında rolu böyükdür.

Çıxışlarda həmçinin, diqqətə çatdırıl­dı ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətinin nəticə­si olaraq keçirilən muğam müsabiqələri sayəsində artıq ölkəmizdə muğam us­tadları ilə yanaşı, gənc muğam ifaçıları nəsli də yetişir. Muğamın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsində Mehriban Əliyevanın əvəz­siz xidmətlərindən danışıldı, həmçinin Beynəlxalq Muğam Mərkəzinin istifa­dəyə verilməsinin muğam sənətinin in­kişafında böyük rolunun olduğu bildirildi. 

“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən Elmi sim­pozium “Çağdaş muğam ifaçılığı: ənənə ilə müasirlik arasında”, “Azərbaycan muğamının tədqiqi problemləri” və “Yeni tədqiqatlar və tədqiqat metodları” sessi­yaları ilə davam etdi. 

Onu da bildirək ki, simpozium iyunun 22-dək davam edəcək.

Fidan HÜQUQQIZI,
“Xalq qəzeti”

Mədəniyyət