Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinə də Füzuli adına Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi ilə tanış olub. Mərkəz Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə yaradılıb.
Füzuli Mərkəzində Azərbaycana dair kiçik kitabxana, stendlər, sərgilər təşkil olunub və daimi olaraq Özbəkistanda Azərbaycan mədəniyyətini, ədəbiyyatı, elm, təhsilini təbliğ edir.
Mərkəzin rəhbəri, dosent Gülbahar Aşurova bu mədəni ocağın fəaliyyəti haqqında qonaqlara məlumat verib. Mərkəzin nəzdindəki “Füzuli dilbəndləri” dərnəyinin iştirakçıları və gənclərlə səmimi söhbət olub. Dərnəyin üzvləri Azərbaycan-Özbəkistan dostluğuna dair şeirlər səsləndiriblər. Görüşdə gələcəkdə yeni layihələr əsasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair təkliflər səsləndirilib.
Sonra qonaqlar universitetin beynəlxalq şöbəsinə gedib, ali məktəbin fəaliyyəti və nailiyyətləri ilə yaxından tanış olublar. Bildirilib ki, Azərbaycan-Özbəkistan dövlət başçıları İlham Əliyev və Şavkat Mirziyoyevin uğurlu siyasəti nəticəsində ölkələrimiz arasında dostluq və əməkdaşlıq yüksək səviyyəyə çatdırılıb, mədəniyyət və digər sahələrdə münasibətlər durmadan inkişaf edir.
Görüşdə Azərbaycan və özbək xalqlarının əbədi dostluğunun gələcəkdə daha da inkişaf edəcəyinə əminlik ifadə edilib.
Qulu KƏNGƏRLİ
Daşkənd

