İyunun 20-si saat 00:20-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə yayılan məlumat bu ölkənin müdafiə nazirliyinin növbəti yalanıdır, həqiqətə uyğun deyil.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – məlumatda qeyd edilib.
* * *
İyunun 20-si saat 16:30-dan 17:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.
Bu barədə qəzetimizə Müdafiə Nazirliyindən bildirilib.
Bundan başqa, saat 20:10 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”

