İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Türk Dövlətləri Təşkilatının (TDT) katibliyi ilə birlikdə “Türk iqtisadi icmalı”nın 2023-cü ilin ilk sayını səkkiz dildə təqdim edib. Budəfəki statistik bülletendə cari ilin yanvar-mart aylarının əsas iqtisadi göstəriciləri öz əksini tapıb.
İcmalın birinci bölməsində TDT-nin üzv və müşahidəçi ölkələrinə dair ümumi baxış təqdim olunub, onların ərazi, əhali, ümumi daxili məhsul (ÜDM) və ticarət dövriyyəsi üzrə ümumiləşdirilmiş göstəriciləri və dünyadakı payı diqqətə çatdırılıb. Həmçinin türk ölkələrinin ÜDM artımlarının müqayisəsi aparılıb. Eyni zamanda, türk dünyasından keçən mövcud və planlaşdırılan nəqliyyat dəhlizləri əks etdirilib.
İcmalın ümumi baxış statistikasında göstərilib ki, 2021-ci il üzrə türk dövlətlərində ÜDM 1 trilyon 383 milyard ABŞ dolları, ticarət dövriyyəsi isə 8 milyard 55,7 milyon ABŞ dolları təşkil edib. Cari ilin ilk rübündə Özbəkistan iqtisadiyyatı 5,5 faiz, Qazaxıstan iqtisadiyyatı 4,9 faiz, Qırğızıstan iqtisadiyyatı 4,6 faiz, Türkiyə iqtisadiyyatı 4 faiz, Azərbaycan iqtisadiyyatı isə 0,4 faiz böyüyüb.
TDT-də müşahidəçi qismində təmsil olunan Macarıstanda isə hesabat dövründə 0,9 faiz iqtisadi geriləmə qeydə alınıb. Dövlət büdcəsinin gəlirlərinin artımı baxımından ən yaxşı göstərici 75,1 faizlə Türkiyə olub. Türkiyənin dövlət büdcəsinin gəlirləri 2023-cü ilin ilk rübündə 53 milyard 811,7 milyon ABŞ dolları olub.
Xarici ticarətdə ən yüksək saldoya Qazaxıstan (ticarət balansı 4 milyard 757,7 milyon ABŞ dolları) və Azərbaycan (ticarət balansı 4 milyard 209,5 milyon ABŞ dolları) malik olub.
2023-ci ilin ilk rübü ərzində TDT-nin üzv ölkələrinin hər birində əsas kapitala yönələn vəsaitlərdə artım müşahidə edilib.
Qeyd edək ki, icmalın ikinci bölməsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstanın 2023-cü ilin ilk rübü üzrə, Şimali Kipr Türk Respublikasının isə 2021-ci il üzrə əsas makroiqtisadi göstəriciləri müqayisəli şəkildə təqdim olunub.
“Türk iqtisadi icmalı”nın budəfəki sayında ilk dəfə olaraq türk dünyasından keçən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri də göstərilir. Nəqliyyat dəhlizlərinin arteriyalar üzrə şaxələndirilməsi Avrasiya regionunda nəqliyyat daşımalarında türk dünyasının mövcud potensialından xəbər verir.
Sonda xatırladaq ki, Azərbaycanın TDT-nin üzv və müşahidəçi dövlətlərlə genişlənən əlaqələri müvafiq strateji tərəfdaşlıq haqqında bəyannamələr əsasında həyata keçirilir. İkitərəfli kontekstdə möhkəmlənən bu əməkdaşlıq sonda vahid mərkəzdə birləşərək vahid gücə çevrilir. Bütün bunların təməlində isə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla şəxsi təşəbbüsləri və qətiyyəti dayanır.
Təşkilatda təmsil olunan ölkələr arasında həm çoxtərəfli, həm də ikitərəfli formatlarda əməkdaşlıq əlaqələri qurulub. İndiyədək vaxtaşırı iqtisadi münasibətlər çərçivəsində bu birliyə üzv dövlətlərin müvafiq qurumlarının yüksək səviyyəli rəsmiləri arasında çoxsaylı görüşlər keçirilib, bir neçə biznes forum gerçəkləşdirilib. Bu görüşlər və biznes forumlarda quruma üzv dövlətlərin iqtisadi imkanları, əməkdaşlıq sahələri təqdim olunub. O cümlədən, investisiya mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi və sahibkarlıq üzrə işçi qruplarının yaradılması haqqında qəbul edilən qərarlar müsbət nəticələrlə diqqət çəkib.
V.BAYRAMOV, “Xalq qəzeti”

