Rusiya neft hasilatını niyə azaltmır?

post-img

Ukrayna ilə müharibədən sonra Qərbin neft embarqosu ilə üzləşən, “qara qızıl”ı bu ilin yanvar-fevral aylarında 48 dollara satmağa məcbur olan Rusiya martdan etibarən gündəlik hasilatı 500 min barel azaldacağını bildirib. Bununla bərabər, rəsmi Moskva həmin vaxtdan başlayaraq, həm də hasilat göstəricilərini açıqlamayıb. 

Onu da qeyd edək ki, elə Rusiyanın təklifi ilə OPEK+ razılaşmasının digər üzvləri– Səudiyyə Ərəbistanı və Bir­ləşmiş Ərəb Əmirlikləri, həmçinin digər ölkələr tərəfindən də gündəlik hasilatın 1,66 milyon barel azaldılacağı elan edilib. Lakin tərəfdaşları hasilatı və ona uyğun ixracı azaltdığı təqdirdə, Rusiya hasilatı elan etdiyinin yarısı qədər aşağı salıb.

Rusiyanın neft satışını izləyən bey­nəlxalq şirkətlər sonrakı aylarda azal­manın olmadığını müəyyənləşdiriblər. “Refinitiv Oil Research” beynəlxalq şirkətin məlumatına əsasən, may ayında Rusiyanın Çinə boru kəməri və dənizlə neft çatdırılması gündəlik 2 milyon ba­relə qədər artıb. Apreldə isə bu göstərici 1,74 milyon barel təşkil edib. Hindistana ixrac isə apreldəki gündəlik 1,68 milyon bareldən mayda 1,97 milyon barelə ça­tıb. Beləliklə, Rusiya may ayında da Çinə neft satışında OPEK+ razılaşması çər­çivəsində Səudiyyə Ərəbistanını geridə qoyub. Sonuncu ölkənin Çinə neft satışı apreldəki gündəlik 2,07 milyon bareldən mayda 1,95 milyon barelə düşüb.

Beynəlxalq Enerji Agentliyi də məlu­matlarında Rusiyanın hasilatı azaltmaq öhdəliyinə əməl etmədiyini bildirib. Təş­kilatın hesabatında bu ilin aprelində Ru­siyanın gündəlik neft və neft məhsulları ixracının Ukrayna müharibəsinin başlan­dığı vaxtdan indiyədək ən yüksək səviy­yəyə–8,3 milyon barelə çatdığını vurğu­layıb. 

Hələ bir il bundan əvvəl OPEC-in Baş katibi Məhəmməd Barkindo OPEC+ Tex­niki Komitəsinin iclasında bildirmişdi ki, Rusiya sutkada 7 milyon barel həcmində neft və neft məhsulları ixrac edir, dünya­da bu həcmləri əvəz etmək üçün isə sər­bəst güclər yoxdur. Baş katib daha sonra vurğulamışdı ki, sutkada həmin göstərici­dən çox həcmdə olan Rusiya neftinin və neft məhsullarının ixracı başqa yerdən “götürülə bilməz”, sərbəst güclər sadəcə “gözə dəymir”. Sanksiyalara görə, onun potensial itkisini və ya könüllü şəkildə qoyulan məhdudiyyətləri enerji bazarının mütləq “hiss edəcəyi” gözlənilir. M.Bar­kindo, həmçinin bildirmişdi ki, Rusiya və Ukrayna arasındakı müharibə pandemi­ya ilə bağlı qlobal bazardakı qeyri-müəy­yənlikləri getdikcə gücləndirir. 

Burada bir məqamı da xatırlatmaq yerinə düşərdi. Belə ki, Rusiya–Ukray­na müharibəsindən hələ bir neçə il əv­vəl OPEC+ ölkələri tərəfindən neft ha­silatının azaldılması ABŞ üçün əlverişli mövqe yaratsa da, bu vəziyyət Rusiya­nın neft sənayesinin inkişafı üçün strateji təhlükəyə gətirib çıxarmışdı. O zaman “Rosneft” şirkətinin rəhbəri İqor Seçinin Rusiya Prezidenti Vladimir Putinə yazdı­ğı məktubda ölkə neftinin dünya bazarın­dakı payının 1990-ci ildəki 16,3 faizdən 2018-ci ildə 12 faizədək azaldığını qeyd edərək, istehlakçıların Rusiya neftindən digərlərinə yönəldildiklərini və bunun Rusiya şirkətlərinin bazar payının geri qaytarılmayacaq dərəcədə azalmasına səbəb ola biləcəyini bildirmişdi. 

Onu da qeyd edək ki, OPEC+ üzv ölkələrin 2024-cü ildən hasilatı sutkada daha 1,4 milyon barel azaltmaq qərarın­dan sonra dünya bazarında neftin qiymə­ti artır.

“Kommersant” nəşrinin son məlu­matlarına əsasən, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti Moskva vaxtı ilə saat 8:50-ə 1,18 faiz artaraq 77,03 dollar/barel, “West Texas Interme­diate” markalı neftin iyul fyuçersləri 1,16 faiz bahalaşaraq 72,57 dollar/barel təşkil edib.

Bu il iyunun 4-də OPEC rəsmi ola­raq elan edib ki, OPEC+ 2024-cü ildən etibarən ümumi neft hasilatını gündəlik 40,46 milyon barelə uyğunlaşdırmağa razılaşıb. Müqavilənin özü 2025-ci ilə qə­dər uzadılıb.

Rusiyanın rəsmi kvotası sutkada 650 min barel azalaraq 9,8 milyon barelə enəcək. Nəticədə gələn il Rusiya Federa­siyasında real hasilat 2022-ci ildəki təqri­bən 9,9 milyon barelə qarşı sutkada 9,3 milyon barelə qədər azalmalıdır.

Yeri gəlmişkən, Rusiya artıq mart ayından etibarən neft hasilatını sutkada 500 min barel azaldacağını bildirib. Son həftələrdə isə Rusiyanın xam neft ixracı məlumatları heç bir ixtisarı əks etdirmir. OPEC+ müttəfiqləri tərəfindən onun bu uyğunsuzluğundan getdikcə daha çox məyus olduqları bildirilir. 

Rusiyanın dəniz yolu ilə xam neft ix­racı yüksək qalmaqda davam edir. Son vaxtların orta göstəriciləri isə daşınmala­rın artdığını göstərir.

Xatırladaq ki, Rusiya xam neft tə­darükləri 2022-ci ilin sonundakı səviy­yədən sutkada 1,4 milyon barel çoxdur. Ekspertlər bildirirlər ki, bu, Almaniya və Polşanın boru kəməri ilə Rusiya xam neftinin idxalını dayandırması və ya neft emalı zavodunun məhsuldarlığının aşağı olması ilə əlaqədar ola bilər.

Az bir müddət bundan əvvəl OPEC+ istehsalçıları cari ixtisarı 2024-cü ilin so­nuna qədər saxlamaq qərarına gəliblər. OPEC təşkilatının ən böyük istehsalçısı və dünyanın ən böyük xam neft ixracat­çısı Səudiyyə Ərəbistanı isə gələn ay hasilatı könüllü olaraq sutkada 1 milyon barel azaldıb.

Bununla belə, son həftələrdə Rusiya xam neftinin ixracı ilə bağlı məlumatlar heç bir azalmanı əks etdirmir, əksinə, Rusiyanın dəniz yolu ilə xam neft ixracı artmaqdadır.

Onu da qeyd edək ki, yuxarıda vur­ğulandığı kimi, Rusiya neft hasilatının səviyyəsi barədə hesabat verməyi artıq dayandırıb. Bazar və analitiklər Rusiya tədarükünün miqdarı ilə bağlı Çin və Hin­distandakı gəmilərin izlənməsi məlumat­larına, ticarət mənbələrinə və idxal statis­tikasına etibar etməli olurlar.

“Xalq qəzeti”

Dünya