Aranın hakimiyyət ehtirası Ermənistana sabitlik yox, xaos vəd edir
“Rusiya Erməniləri İttifaqı” ictimai təşkilatının sədri, Dünya Erməniləri Konqresinin prezidenti Ara Abramyan 2026-cı ilin iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərində hazırkı baş nazir Nikol Paşinyana qarşı çıxan siyasi qüvvələrin birləşməsinə kömək edəcəyini açıqlayıb. O, bu barədə TASS-a müsahibəsində bildirib.
“Qarşıdan gələn seçkilərdə iştirak etmək niyyətində deyiləm. Lakin Ermənistanı dirçəltmək naminə diaspor da daxil olmaqla, mövcud iqtisadi və insan potensialından istifadə edərək ardıcıl və vətən sevgisi ilə çıxış etməyə qadir olan sağlam qüvvələrin birləşməsinə kömək etmək üçün bütün imkanlarımdan istifadə edəcəyəm” – deyən Abramyan Paşinyan hökumətini sərt tənqid edib. Deyib ki, Paşinyan iqtidarı Qarabağı itirib, ölkənin ən mühüm obyektlərinə nəzarəti əcnəbilərə verir, Ermənistanın borcunu artırır və bu, qiymətlərin artmasına səbəb olur: “Son yeddi ilin tarixi göstərir ki, Paşinyan ictimai əhval-ruhiyyəni manipulyasiya edərək, ona inanan insanları bu gün şahidi olduğumuz yalanın və milli faciənin istəmədən iştirakçılarına çevirib”.
Qeyd edək ki, Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkilərinə hazırlıq fonunda son aylar daxili siyasi vəziyyət pisləşib. Baş nazir Paşinyan Qarabağ klanına bağlı qüvvələri qanunsuz yolla hakimiyyəti ələ keçirməyə hazırlaşmaqda ittiham edib, bununla bağlı səsyazılarını ictimailəşdirib. Bu ittihamlarla Rusiyada və Ermənistanda fəaliyyət göstərən iş adamı, milyarder Samvel Karapetyan və iki arxiyepiskop (Baqrat Qalstanyan və Mikael Acapaxyan) saxlanılıb. Nikol, eyni zamanda, Erməni Apostol Kilsəsini də kəskin tənqidə məruz qoyub. İndi isə görünən odur ki, Paşinyanın devrilməsi istiqamətində dövriyyəyə Rusiyada yaşayan nüfuzlu, varlı-hallı ermənilərin, necə deyərlər, yeni partiyası buraxılır. A.Abramyan bu qüvvələrin tipik nümayəndəsidir. Hesab edirik ki, onun Rusiyanın dövlət informasiya agentliyinə geniş müsahibə verməsinə də bu çərçivədə yanaşılmalıdır.
Ümumiyyətlə, Abramyan son həftələrdə N.Paşinyan hökumətini tənqid edən bir sıra müsahibələr verib. Bu hadisələr fonunda Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi onun İrəvanın mərkəzində – keçmiş “Uşaq aləmi” binasının yaxınlığında yerləşən torpaq sahəsini müsadirə edib. 2860 kvadrat metrlik torpaq sahəsi Abramyana məxsus “Soqlasie–Armenia” şirkətindən müsadirə edilərək İrəvan meriyasının mülkiyyətinə verilib. Abramyan məhkəmənin qərarını siyasi sifariş adlandırıb. Halbuki, torpaq sahəsinin qeyri-qanuni özəlləşdirilməsi iddiası ilə bağlı cinayət işi 2023-cü ildə açılıb. Daha sonra İrəvan meriyası mülki iddia qaldırıb və bunun əsasında məhkəmə şirkətin aktivlərinə məhdudiyyətlər, o cümlədən kadastr əməliyyatlarının aparılmasına qadağa qoyub.
Rusiya ermənilərinin başçısı uzun müddət özünü heç nəyə qarışmayan persona kimi göstərirdi. Əslində isə 2018-ci ildən sonra Paşinyan komandasına qarşı mühafizəkar, köhnə sistem tərəfdarı olan dairələrin nümayəndəsi kimi çıxış edirdi. Ta o vaxta qədər ki, onun əmlakı müsdirə edilməmiş və Rusiyadakı müəyyən dairələr tərəfindən düyməyə basılmamışdı. Bu gün isə Ara özünü, obrazlı desək, qəzəblə rinqə çıxmağa hazır “boksçu” kimi aparır. Ermənistanda bəzi politoloqlar, məsələn, Benamin Poqosyan və Qrant Mikaelyan onun Rusiyanın Ermənistana təsir göstərmək üçün istifadə etdiyi diaspor fiquru olduğunu bildirirlər.
A.Abramyanın Ermənistan paytaxtında başqa mülkləri də var. Bir neçə il əvvəl Hayastan KİV-ləri onun həyata keçirdiyi, tamamlaya bilmədiyi uzunmüddətli tikinti layihəsinin şəhərin mərkəzini eybəcərləşdirməsi, satın aldığı mərkəzi univermağın binası və sair haqqında yazırdı. Erməni mediası Aranın layihələrini niyə başa çatdırmadığını öyrənə bilməmişdi. Belə bir versiya var idi ki, o, Müəmmar Qəddafi dövründə Liviya iqtisadiyyatına 1 milyard dollardan çox sərmayə qoyandan sonra müflis olub. Qəddafi edam olunanda Ara kədər qarışıq təəssüflə demişdi: “Qəddafi ölkəni, mən pulumu itirdim”.
***
Onu da bildirək ki, Abramyanın rəhbərlik etdiyi diaspor strukturları zaman-zaman Azərbaycan əleyhinə yönəlmiş təbliğat kampaniyalarında fəal iştirak ediblər. Xüsusilə 44 günlük müharibədən sonra Abramyanın təşkilatları Rusiyada, Fransada və ABŞ-da Azərbaycana qarşı yönəlmiş sərgilər, konfranslar və mediada qərəzli çıxışlar təşkil edib. Onun dəstəyilə 2021-ci ilin aprelində Parisdə təşkil olunan “Artsax – sivilizasiyanın beşiyi” adlı sərgidə Qarabağ “müstəqil dövlət” kimi təqdim edilmişdi. Sərgidə Qarabağ ermənilərinin, guya, “soyqırıma məruz qalması” iddiası irəli sürülmüşdü. Bu məsələ Fransadakı Azərbaycan diasporu və Parisdəki səfirliyimiz tərəfindən sərt tənqid edilmişdi.
2005-ci ildə Fransanın yüksək dövlət mükafatı – Fəxri Legion ordeni ilə təltif olunan Abramyan uzun illər Beşinci Respublikadakı erməni diasporu ilə sıx əlaqələr qurmağa çalışsa da, burada uğur qazana bilməyib. Çünki o, çox vaxt Kremlyönlü fiqur kimi təqdim olunub və bu, onun Parisdəki dairələrdə mənfi qarşılanması ilə nəticələnib. 2022-ci ildə Fransadakı bir neçə erməni təşkilatı onu erməni məsələsindən Rusiyanın maraqları üçün istifadədə ittiham etmişdi. Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurası (CCAF) bəyanatlarında Abramyanın fəaliyyəti ikiüzlü diplomatiya kimi dəyərləndirilmişdi. Təşkilat hətta, Abramyanın 2019-cu ildə Parisə səfəri zamanı onunla əməkdaşlığı rədd etmişdi. Səbəb kimi onun Rusiyayönlü mövqeyi və erməni məsələsini siyasi alverə çevirməsi göstərilmişdi. Təşkilatın açıqlamasında qeyd olunmuşdu ki, Abramyanın fəaliyyəti Fransadakı erməni diasporunun prinsipial mövqeyi ilə ziddiyyət təşkil edir.
Abramyandan bəhs edərkən onun İkinci Qarabağ müharibəsindən sonra keçmiş qondarma separatçı rejimin bəzi üzvləri ilə təmaslarını davam etdirməsi də yaddan çıxmamalıdır. O, 2021-ci ildə Arayik Arutyunyanla Moskvada görüşü zamanı Qarabağı “erməni torpağı” adlandırmışdı. Təbii ki, bu bəyanat ölkəmizdə ciddi tənqid olunmuşdu.
Abramyanla bağlı tənqidi məqamlardan biri də onun şəxsi biznes maraqları naminə Rusiyadakı erməni diaspor strukturlarından sui-istifadə etməsi ilə bağlıdır. Qeyd edilir ki, 2000–2010-cu illərdə Abramyan rəhbərlik etdiyi Dünya Erməniləri Konqresi vasitəsilə bir neçə daşınmaz əmlak və inşaat layihəsində dövlət sifarişlərini almağa nail olduğu sənədləşdirilib. “Novaya qazeta” Abramyanın bu fəaliyyətini diaspor diplomatiyasının kommersiyalaşdırılması kimi qiymətləndirmişdi. 2005-ci ildə Abramyanın adı Moskva vilayətinin Krasnoqorsk şəhərində inşaat layihələri ilə bağlı korrupsiya qalmaqalında qeyri-rəsmi şəkildə hallanmışdı. Araşdırmaçı jurnalistlər onu icma lideri qiyafəsində biznesmen-korrupsioner adlandırırdılar.
2013-cü ildə isə Rusiyadakı erməni icmasının nümayəndələri onun istefasını tələb edirdilər. Digər şikayətlərlə yanaşı, qeyd edilirdi ki, “Rusiya Erməniləri İttifaqı” federal mətbuatda gedən anti-erməni xəbərlərə və Rusiyada ermənilərin mülki və milli hüquqlarının pozulmasına adekvat reaksiya vermir.
2015-ci il yanvarın 17-də A.Abramyan və onun müavini Levon Mukanyanın istefası tələbi ilə petisiyaya start verilmişdi. Müraciətin mətnində deyilirdi ki, Abramyan Rusiyada erməni diasporunun lideri rolunu öz üzərinə götürəndən bəri diaspor, demək olar ki, inkişaf etməyib. Rusiyadakı erməniləri qəzəbləndirən və Abramyanın istefasını tələb etməyə çağıran məqamlardan biri də 2015-ci il yanvarın 12-də Rusiyanın Gümrüdəki 102-ci bazasının hərbçisi Valeri Permyakov tərəfindən 6 Ermənistan vətəndaşının qətlə yetirlməsi hadisəsinə ittifaqın hər hansı mövqe bildirməməsi idi.
İndi belə mənfi reputasiyaya, korrupsiya iddialarına və qaranlıq biznes əlaqələrinə malik şəxsin – Ara Abramyanın Ermənistan siyasətinə daxil olması cəmiyyətdə ciddi suallar doğurur. Əmlak qalmaqalları, separatçılığa dəstək verən ritorikası və xaricdən yönləndirilən təsir imkanları ona qarşı inamsızlıq yaradır. Ermənistan vətəndaşları artıq dezinformasiyalardan, onlardan istifadə edən diaspor-lobbi cütlüyünün oyunlarından və xaricdən öz soydaşları tərəfindən edilən müdaxilələrdən yorulublar. Belə şəraitdə Abramyanın “xilaskar” obrazında təqdim olunması, əksinə, ictimai müqavimət doğura bilər. Ehtimal etmək olar ki, cəmiyyətin böyük hissəsi 2018 və 2021-ci illərdə olduğu kimi, indi də belə odioz fiqurlara “yox!” deyəcək.
Səxavət HƏMİD
XQ