I Yazı
Xalqın tarixi ilə möhkəm bağlı olan geyimlər onun mədəniyyətini öyrənmək üçün qiymətli mənbələrdən biridir. Geyimlər, maddi mədəniyyətin bütün başqa ünsürlərindən daha çox xalqın milli xüsusiyyətlərini əks etdirməklə yanaşı, sabit etnik əlamətlər sırasına daxildir.
Məhz bu nöqteyi-nəzərdən Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş edən, xalqımıza öz sazı və sözü ilə 80 ildən artıq ləyaqətlə xidmət edən Dədə Ələsgərin yaradıcılığını Qərbi Azərbaycanın qadın geyim mədəniyyəti nöqteyi-nəzərindən zəngin etnoqrafik mənbə hesab etmək olar. Öncə qeyd edək ki, ölkəmizin digər bölgələrində olduğu kimi, Azərbaycanın Qərb zonasında da XIX yüzil və XX yüzilin əvvəllərində əhalinin geyim materialı kimi, əsasən yerli ustalar tərəfindən kustar üsulla üfiqi toxuculuq dəzgahlarında- kərəkdə toxunmuş qılıcı şaldan, müxtəlif növlü və müxtəlif rəngli ipəkdən, nazik yun və pambıq parçalardan, həmçinin aşılanmış gön və dəridən istifadə edirdilər.
Lakin, əhalinin varlı təbəqəsinin geyimi əsas etibarı ilə ipək tafta, darayı, qanovuz, atlas, alaca, xara və s. parçalardan ibarət idi ki, bunların da çoxu satınalma yolu ilə əldə edilirdi. Aşığın yaradıcılığının böyük bir qismi doğulub boya-başa çatdığı Göyçə mahalının gözəllərinin tərifindən ibarətdir. Onun qəhrəmanları xəyalında yaratdığı obraz deyil, real həyatda-aşıq məclislərində və xalqın toy-düyünlərində, bulaq başında gördüyü sadə kəndli qızlarıdır. Aşıq Ələsgər təriflədiyi qız-gəlinin zahiri gözəlliklərini, milli geyim və bəzəklərini elə məharətlə təsvir edir ki, gözlərimiz önündə XIX-XX əsrin əvvəlləri Qərbi Azərbaycan qadınlarının milli geyimləri, həmçinin geyimlərin rəngləri və geyimlərə vurulan dekorativ bəzəklər, onların timsalında bütün Azərbaycan qadınlarının geyimləri haqqında mükəmməl, aydın təsəvvür yaranır.
Dədə Ələsgərin yaradıcılığında təsvir edilən Qərbi Azərbaycan qadınlarının geyim növlərinin əksəriyyəti atlas, ipək, qanovuz, darayı, xara, alaca, mahud, zərxara parçalardan ibarət olmuşdur. Rəng çalarlarına gəldikdə isə Qərbi Azərbaycan qadınlarının geyimlərində rəngarəng olaraq al, yaşıl, sarı və s. rəng çalarları üstünlük təşkil edirdi. Aşıq deyir: “Mənim yarım yaşıl geyib incidir”, yaxud “xub yaraşır əndamına, geyinibdir sarı gözəl”, yaxud da “geyinib əndamına, əbru ətlaz, alı gözəl”.
Qərbi Azərbaycan qadınlarının geyimlərində al, yaşıl, sarı və s. çalarlar üstünlük təşkil etdiyi halda, Bakı geyimlərinin rəng seçimində ən çox bənövşəyi rəng çalarlarından, həmçinin açıq qəhvəyi, solğun xardal rəngi, ağ, tünd mavi rənglər, Qarabağ geyimlərində üst tuman və üst çiyin geyimi ya eyni ya da uyğun rənglərdə, köynək isə tuman və arxalığın rənginə nisbətən açıq və parlaq rənglər, Naxçıvan geyimlərində innabı, yaşıl, gümüşü rənglərdən istifadə edirdilər. Ümumiyyətlə, bölgələr üzrə müqayisələr apardıqda belə qənaətə gəlmək olur ki, geyimlər bölgənin təbiəti və iqlim xüsusiyyətlərinə uyğun gəlirdi.
XIX əsrin sonu–XX əsrin əvvəllərində Azərbaycanın ayrı-ayrı tarixi etnoqrafik bölgələrində geyimlərdə lokal-məhəlli xüsusiyyətlər, bölgəyə məxsus detallar müəyyən dərəcədə özünü göstərsə də, tipoloji cəhətdən ümumazərbaycan səciyyəsi daşıyırdı. Azərbaycanın bütün bölgələrində olduğu kimi, Qərbi Azərbaycanda da geyim dəsti alt və üst geyimlərinə bölünürdü. Qadın alt paltarları alt köynəyi (müxtəlif bölgələrdə ona “can köynəyi” və “ət köynəyi” də deyirdilər), cütbalaq (enli şalvar) və darbalaqdan (dizlikdən) ibarət olmuşdur.
O zaman Qərbi Azərbaycan qadınlarının köynəkləri ilə Qarabağ qadınlarının köynəkləri eynilik təşkil edirdi. Həmin bölgənin qadınları alt geyim dəsti olan dizlikdən geniş şəkildə istifadə etmişlər. Aşığın “Qırmızı” qoşmasında darbalaq-dizlik belə təsvir edilir: “Mərnuz dizlik geyib, çəpgəni ətlaz”. Onu da qeyd edək ki, Qərbi Azərbaycan qadınlarının dizlikləri ilə Naxçıvan qadınlarının dizlikləri eynilik təşkil edirdi. Hər iki mahalın qadınlarının geydikləri dizliklər topuğa qədər uzun olub, topuqda büzülürdü. Bakı ərazisinin qadınları da darbalaq geyim növündən istifadə edirdilər. Abşeron qadınlarının darbalaq-dizlik geydiklərini vaxtilə buraya səyahət edən S.Q. Omerlinin də yazılarında rast gəlinir.
Azərbaycanın bütün bölgələrində olduğu kimi, Qərbi Azərbaycanda da qadın geyimlərinə üst köynəyi, çəpkən, çərkəzi, ləbbadə, nimtənə, küləcə, çalma, arxalıq, ləçək, örpək, şal, kəlağayı, başmaq, corab, kəmər və müxtəlif bəzək növləri daxil idi. Bu geyim tiplərinin əsas elementlərindən biri üst köynəyi idi. Qadın üst köynəkləri bölgələr üzrə müəyyən fərqli xüsusiyyətlərə malik olsa da, ümumi səciyəvi xarakterə malik idi.
Azərbaycan qadınları geyimin estetik gözəlliyinə xüsusi diqqət verirdilər. Onlar üst köynəkləri ilə yanaşı, digər geyimlərin sinəsini, tikişlərin kənarlarını, yaxa və qolçaqlarını, ətəklərini xüsusi bəzək elementlərindən olan tikmələr, çaxma və asma metal bəzəklər, cürbəcür baftalar, şahpəsəndlər, zəncirələr, muncuqlar, piləklərlə və s. ilə bəzəyirdilər.
Bu cür bəzək elementlərini Aşıq Ələsgər belə təsvir edir: “Güləbətin qıyı tər sinə üstə, nə gözəl yaraşır qız köynəyinə”, yaxud “əynində zər güləcə, ətəyində zər baftası”. Aşıq üst köynəyini tərif edərkən köynəyin yaxasının “güləbətin” tikmələrlə bəzədildiyini göz önünə gətirir. Güləbətin tikmə Azərbaycanda ən qədim tikmə növlərindən biri olaraq Şəki, Şamaxı, Şuşa, Naxçıvanla yanaşı, Qərbi Azərbaycanda da inkişaf etmişdir. Aşıq “zərbafta” deyərkən küləcənin ətəklərinin güləbətinli – zərli saplarla ipək parçadan toxunmuş zər baftası-qaytanı təsvir edilir. Bafta-güləbətin ipək sapla toxunmuş qaytandır.
Aşıq Ələsgər Səhnabanunu tərif edərkən deyir: “Zərgər gül doğrasın zərin tiladan, əlindən gəldikcə düz köynəyinə”,- deməklə pilək tikmə növünü təsvir edir. Pilək tikmə növündən Azərbaycanın əksər bölgələrində, o cümlədən Qərbi Azərbaycan bölgəsində də istifadə olunurdu. Onu da qeyd edək ki, pilək və pərək zərənduz tikmə növü zərgərlik sənəti ilə üzvi surətdə bağlı olmuşdur. Bəzən tikmə bilavasitə məmulat üzərinə müəyyən qayda ilə tikilib bəndlənir, bəzən isə ayrıca ensiz parça zolağının üzərinə bəndləndikdən sonra üst geyimlərin qollarına və ya ətəklərinə bəndlənirdi.
Aşıq öz qəhrəmanlarını tərif edərkən onların geyindikləri qadın üst geyimlərindən olan, ”küləcə”, “mintənə”, “çəpkən”, “don”, “alaca”, “alı” və digərlərinin də adlarını sadalayır. Aşıq “Mələk” müxəmməsində deyir: “Geyinib əndamına əbru ətlaz, alı gözəl, xara don, zərin nimtənə, başındakı şalı gözəl.” Aşığın tərif etdiyi gözəlin geyindiyi paltar atlasdandır və al rənglidir. Bu da təbiidir, çünki, ipək parça toxuculuğu olan şərbaflıq XIX əsrdə Azərbaycanda ən yüksək inkişaf mərhələsinə çatmışdır. Onu da qeyd edək ki, 1861-ci ildə Nuxada fəaliyyətə başlayan fabrikdə 1200-1400 pud ipək məhsulu istehsal olunurdu. Bundan əlavə, Nuxa qəzasında 33, Qarabağda 19, Ordubadda 2 fabrik xarakterli ipəkçilik müəssisəsi var idi. Bu dövrdə ipək parça növlərindən olan “məni aldatdı”, “alışdım-yandım”, “gecə-gündüz”, “şəmsi-qəmər”, “darayı, “xara” və s. qadınlar tərəfindən daha çox bəyənilirdi.
Aytəkin QƏHRƏMANOVA,
AMEA Naxçıvan Bölməsi, tarix üzrə fəlsəfə doktoru

