Ermənistan azərbaycanlıların öz yurduna qayıtmasına imkan vermir

post-img

Qərbi Azərbaycan İcmasının BMT başda olmaqla, beynəlxalq qurumlara ünvanladığı bəyanatlarda tarixi vətənindən zorla qovulmuş soydaşlarımızın öz yurdlarına qayıtmaq haqqının tanınmasına çağırışlar əksini tapıb. İcmanın beynəlxalq ictimaiyyətə ünvanlanmış növbəti bəyanatında isə azərbaycanlı qaçqınların Qərbi Azərbaycana qayıdışını tezləşdirmək üçün Ermənistana ciddi təzyiq göstərməyin zəruriliyi ifadə olunub:

–Məlum olduğu kimi, Ermənistan hö­kuməti bu ölkədən qovduğu azərbaycan­lıların qayıtmasına imkan vermir və onla­rın mədəni irsini dağıtmaqda davam edir. Ermənistan azərbaycanlıların öz evlərinə qayıtmasına hazırlıq məqsədilə BMT-nin missiyasını və Azərbaycan mədəni irsi­nin vəziyyətinin qiymətləndirilməsi üçün UNESCO-nun faktaraşdırıcı missiyası­nı qəbul etməkdən imtina edir. Bundan əlavə, Ermənistan hökuməti Qərbi Azər­baycan İcmasının dialoq çağırışlarına cavab vermir.

Müraciətdə daha sonra bildirilib ki, bu azmış kimi, Ermənistan Azərbaycanın daxili işlərinə qarışmaqda davam edir. Bu ölkənin Xarici İşlər Nazirliyi bu gün Azərbaycana hansısa missiyanın göndə­rilməsinə dair çağırış etmiş və Azərbay­canı etnik təmizləmə aparmaq niyyətində olmaqda ittiham etmişdir:

–Beynəlxalq hüququn prinsiplərinə, o cümlədən ərazi bütövlüyü prinsipinə hör­mətlə yanaşdığını dəfələrlə bəyan etmiş İcmamızın dialoq çağırışına cavab ver­məyən və öz ərazisində bir nəfər də ol­sun azərbaycanlı qoymamış Ermənistan hökumətinin Azərbaycan tərəfinin etnik təmizləmə niyyətində olması kimi absurd iddia irəli sürməsi və insan hüquqların­dan danışması ən mənfur riyakarlıqdır. Bütün bunlar Ermənistanın Azərbayca­nafob siyasətini və Azərbaycana qarşı ərazi iddiasını bariz şəkildə göstərir.

Qərbi Azərbaycan İcması Ermənis­tan hökumətindən beynəlxalq hüquqa və insan haqlarına zidd siyasətindən əl çəkməyi, qovduğu azərbaycanlıla­rın beynəlxalq verifikasiya və zəmanət mexanizmləri çərçivəsində öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmala­rına şərait yaratmağı, bu məqsədlə BMT və UNESCO-nun missiyalarını qəbul et­məyi tələb edir.

İcma dünya ictimaiyyətini Ermənistanı beynəlxalq hüquqa zidd davranışlardan, o cümlədən bizim qayıdış hüququmuza əngəl törətməkdən və Azərbaycana qar­şı ərazi iddiasından çəkindirmək üçün bu ölkəyə ciddi təzyiqlər etməyə çağırır.

***

Qərbi Azərbaycan İcmasının Gənc­lər Birliyinin sədr müavini, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyə­tinin üzvü, AŞPA-nın İnsan Hüquq­ları üzrə alt-komitəsinin sədri Kamal Cəfərovun Qərbi Azərbaycan mövzu­su ilə bağlı irəli sürdüyü yazılı bəyan­namə Assambleya üzvlərinin yetərli sayda dəstəyini əldə edərək AŞPA-nın rəsmi sənədi kimi dərc olunub.

Qərbi Azərbaycan İcmasından redak­siyamıza verilən məlumatda bildirilir ki, 10 dövlətdən (Almaniya, Avstriya, Azərbay­can, İtaliya, Latviya, Niderland, Polşa, Ru­mıniya, Türkiyə Ukrayna) olan, AŞPA-nın 3 siyasi qrupu təmsil edən 31 üzvünün im­zaladığı yazılı bəyannamə Avropa Şurası və beynəlxalq ictimaiyyəti Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnu dəstəkləməyə və AŞPA mə­ruzəçilərini bu məsələni öz gündəliyinə daxil etməyə çağırır. 

Sənəddə Ermənistan hökumətin­dən öz doğma torpaqlarından qovul­muş azərbaycanlıların ləyaqətli şəkildə geri qayıdışının təmin edilməsi, onların təhlükəsizliyinin zəmanət altına alınma­sı, beynəlxalq missiyaların bu prosesə kömək qismində göndərilməsinə razılıq verməsi tələb olunur. 

“Xalq qəzeti”



Siyasət