Qərbi Azərbaycan: Zəngəzur xəyanəti

post-img

Ölkəmizin ərazi bütövlüyü uğrunda Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli sərkərdəliyi ilə 30 ilə yaxın işğal altında olan torpaqlarımız, nəhayət, hərbi yolla, Silahlı Qüvvələrimizin misilsiz rəşadəti ilə azad edildı. Azərbaycanın işğalçı Ermənistan üzərində şanlı qələbəsi Cənubi Qafqaz regionunda tamamilə yeni reallıq yaratdı.

İlk növbədə, xəyanətkar qonşu 200 ildən artıq bir zamanda xalqımızın başı­na gətirdiklərinin əvəzini artıqlaması ilə aldı. Azğın düşmən olan Ermənistana və onun havadarlarına göstərildi ki, öz tale­yinə sahib çıxmış, güclü dövlətə çevrilmiş Azərbaycan ondan dəfələrlə güclüdür və torpaqlarının bir qarışını da ona güzəş­tə getməz. İkincisi, Qarabağ və Zəngə­zurun düşməndən azad edilməsi əzəli türk yurdu olmuş Qərbi Azərbaycandan zaman-zaman hiylə ilə çıxarılmış, zor gücünə qovulmuş soydaşlarımızın indiki nəsillərinin ata-baba torpaqlarına qayta­rılması zərurətini də gündəmə gətirdi.

Tarixin çox da dərininə getmədən bildirək ki, xalqımız XX əsr boyunca indi Ermənistan adlanan Qərbi Azərbaycanın 23 rayonunun 261 yaşayış məntəqəsi­nin işğal olunmasını, 2 milyona yaxın soydaşımızın öz vətənindən zorla köçü­rülməsini də unuda və yadlara bağışla­ya bilməz. Qərbi Azərbaycan İcmasının bəyanatında deyildiyi kimi: “Ermənistan tərəfinin bizə qarşı törətdiyi böyük mü­sibətləri tarixi yaddaşımızda saxlamaqla bərabər, qəbul edirik ki, sülh və inkişafın təmin edilməsinin yolu dialoq və barışıq­dan keçir”. 

Müstəqil Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyev illər öncə Qarabağın işğaldan azad ediləcəyinə əminliyini qətiyyətlə bildirməklə yanaşı, xalqımızı növbəti hədəf uğrunda müba­rizəyə yönləndirirdi: “Bundan sonra da elə əsərlər yaranmalıdır ki, o əsərlər Er­mənistanda yerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daim, ar­dıcıl surətdə sübut etsin. Biz bunu etmə­liyik. Biz gələcək nəsillər üçün yol açma­lıyıq”. Ulu öndər Heydər Əliyevin tövsiyə və vəsiyyətlərini qədirbilən Azərbaycan xalqı ardıcıl həyata keçirir və artıq Qərbi Azərbaycan uğrunda ədalətli, dinc sava­şa da start verib.

Xatırladaq ki, Qərbi Azərbaycanın böyük bir parçası olan Zəngəzur mahalı 7 rayondan ibarət olub. Onun 4-ü: Mığrı, Qafan, Gorus, Qarakilsə (Sisiyan) Ermə­nistan ərazisində, 3-ü: Zəngilan, Qubadlı, Laçın isə Azərbaycan ərazisində yerləşir. Zəngəzurun ümumi sahəsi 7 min 892 kvadratkilometr olub. 2020-ci il Vətən müharibəsində Zəngilan, Qubadlı, Laçın rayonları erməni işğalından azad edilib. Zəngəzurun 4 min 505,5 kvadratkilometr sahəni əhatə edən Mığrı, Qafan, Gorus, Qarakilsə (Sisiyan) rayonları – Qərbi Zəngəzur 100 ildən artıqdır ki, erməni işgalı altındadır.

Azərbaycan Prezidentinin 7 iyul 2021-ci il tarixli fərmanı ilə ölkəmizin iqtisadi rayonlarının yeni bölgüsü təsdiq edilmişdir. İndiki 14 iqtisadi rayondan biri də Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları daxil olmaqla, yara­dılmış Şərqi Zəngəzur iqtisadi rayonudur. Şərqi Zəngəzur iqtisadi rayonunun ümu­mi sahəsi isə 7 min 450 kvadratkilometr­dir.

1886-cı ildə Gəncə (Yelizavetpol) qu­berniyasının Zəngəzur qəzasındakı 326 kənddən 154-ü azərbaycanlı (45,7 faiz faiz), 91-i kürd, (27,8 faiz), yalnız 81-i er­məni kəndi (24,8 faiz) olub. Həmin ermə­nilər isə Rusiyanın ölkəmizin şimalını iş­ğal etməsindən sonra İran və Türkiyədən bura köçürülənlər olmuşdur. Həqiqətən, XIX əsrin əvvəllərinə kimi Zəngəzurda erməni adında nəinki bir tayfa, ailə, hətta bir adam da yaşamayıb.

Zəngəzur adındakı “zəngi” leksik va­hidi tədqiqatçılara görə, türk tayfa adıdır. Türkdilli respublikalarda və Azərbayca­nın bir çox yer adlarında bu oğuz-türk tayfasının izləri yaşayır: Zəngiçay, Zən­gitəpə, Zəngərik, Zəngişamlı, Zəngənə, Zəngilan, Zəngəran, Zəngişalı, Zəngi­dərə , Zəngibasar, Zəngilər, Zəncan və s. Mahmud Kaşğari, Rəşidəddin, Əbdülqa­zi, A. Bakıxanov kimi tarixçilərin əsərlə­rində və bir çox digər yazılı mənbələrdə 24 oğuz tayfasından biri olan “zəngilər”in adı keçir. Zəngi tayfaları Azərbaycan Ata­bəylər, Səfəvilər hakimiyyətlərinin əsas sütunlarından biri olub. Ziya Bünyadovun “Azərbaycan Atabəylər dövləti” kitabında Xəlifə ilə Mosulun çox nüfuzlu atabəyi olmuş Zəngi arasında münasibətlərdən söz açılır: “Xəlifə özünün bütün planla­rının yerinə yetirilməsini Zəngiyə həvalə etdi... Xəlifənin müttəfiqləri arasında ata­bəy Zənginin iştirakı və nüfuzu müttəfiq əmirlərin belə addım atmasına yol ver­mədi, sultan Zəngini Farsa və onun na­hiyələrinə hakim təyin etdi”.

Zəngəzur ərazisindəki adların da bir çoxunda sur-zur-zor ifadələri daşlaşıb qalıb. “Zor” sözü Qafqaz və Anadolu türklərinin dilində çox yaxşı, böyük, gözəl mənasında da gen-bol işlənməkdədir: zor yer, zor kişi, zor adam və s. Zəngə­zur sözünün sonundakı “zur” türk dilində “dərə”, “yarğan” mənasını da daşıyır. Zəngəzurun digər bölgələri Laçın, Mığ­rı adlarında da türk tayfalarının izi qa­lıb. Mığrı rayonunun Nüvədi kəndindəki “Qarqar yazıları” öz qədimliyi, mükəm­məlliyi, ümumtürk tarixi üçün əhəmiyyəti ilə “Orxon-Yenisey” abidələrindən geridə qalmır. 

Qərbi Zəngəzurun Ermənistana bir­ləşdirildiyi dövrdə sovet Azərbaycanının rəhbərliyində də ermənilər hökm sahi­bi idilər. Nəriman Nərimanovun yazdığı kimi, real idarəetmə Mirzoyanların əlin­də idi. Bolşevik Rusiyası Azərbaycanın sovet hökuməti ilə və tezliklə qurulması gözlənilən Ermənistan sovet hökuməti ilə ikitərəfli sazişlər hazırlayırdı. Azərbaycan sovet hökuməti bu sazişdə ərazi bütöv­lüyü məsələsinin təmin olunmasına da ümid bəsləyirdi. Erməni kommunistləri də Zəngəzur, Naxçıvan və Qarabağ məsələ­sinin öz xeyirlərinə həllini gözləyirdilər. 

O vaxt təzə sona çatmış I Dünya müharibəsindən sonra ən ağır zərbələr­dən biri də Azərbaycana dəydi. 1920-ci il noyabrın 29-da Ermənistanda (İrəvan­da) sovet hakimiyyətinin qurulduğu elan olunandan bir gün sonra, Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyab­rın 30-da keçirilən Azərbaycan K(b)P MK Siyasi və Təşkilat bürolarının birgə icla­sının qəbul etdiyi qərar ilə həll olunub. Bu birgə iclasın qəbul etdiyi “tarixi” qə­rara aydınlıq gətirmək üçün orada iştirak edənlərin tərkibinə baxmaq lazım gəlir: Q.Orconikidze, Sarkis (S.Ter-Danielyan), Y.Stasova, Q.Kaminski, N.Nərimanov, Ə.Qarayev, M.Hüseynov. Bu bədnam və faciəli qərar Azərbaycan xalqına qarşı misilsiz bir xəyanət idi.

Ümummilli lider Heydər Əliyev bu xə­yanətlə bağlı demişdir: “XX əsrin 20-ci illərində sovet hakimiyyəti təzə qurulan zaman Qafqazda respublikanın sər­hədləri yaranarkən Azərbaycana qarşı ədalətsizlik edilibdir. Azərbaycanın qə­dim torpaqları olan Zəngəzur mahalı və başqaları Ermənistana verilibdir. Bununla əlaqədar Zəngəzurun Araz çayı sahilində olan, qədim Azərbaycan torpağı olan Mığrı rayonu da Ermənistana verilibdir. Beləliklə, böyük Azərbaycan ilə onun ay­rılmaz hissəsi olan Naxçıvan arasında coğrafi nöqteyi-nəzərdən müəyyən çətin­liklər yaranıbdır”. 

(Ardı var)

İsmayıl ƏLİYEV,
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor



Siyasət