Görkəmli opera müğənnisi, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Şahlar Quliyev artıq 3 gündür ki, haqq dünyasına qovuşub. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi onun vəfatı ilə əlaqədar yaxınlarına, eləcə də musiqi və teatr ictimaiyyətinə dərin hüznlə başsağlığı verib.
Cəlilabad rayonunda dünyaya göz açmış Şahlar Quliyev İncəsənət İnstitutunu, sonra Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (professor E.Quliyevanın sinfi) bitirmişdi. 1975-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının yüksək kateqoriyalı solist-vokalçısı (bariton) idi.
Tələbəlik illərində konservatoriyanın rektoru Soltan Hacıbəyov ona böyük qayğı göstərib, təqaüd almasında dəstəkçisi olub və sənətkar kimi parlamasına çalışıb. Milli teatrımızın tanınmış siması, yüksək kateqoriyalı opera solist-vokalçısı kimi Şahlar Quliyev teatrın repertuarında olan əksər milli və klassik opera tamaşalarında əsas rollarda çıxış edib. “Leyli və Məcnun”da Nofəl, “Şah İsmayıl"da Aslan şah, “Aşıq Qərib”də Şahvələd, “Sevil”də Atakişi, “Arşın mal alan”da Süleyman, “Gəlin qayası”nda Xan, “Koroğlu”da Həsən xan, “Aida”da Amonasro, “Riqoletto”da Monterone, “Toska”da Skarpia, “Karmen”də Eskamilio, “Payatsı”da Tonio, “Bohemo”da Şonar, “Natəvan”da Qasım bəy Zakir obrazlarını, ümumilikdə, 28 rolu yüksək professionallıqla ifa edərək, tamaşaçı rəğbəti qazanıb. Şahlar Quliyevin vokalçı kimi repertuarında uzun illər böyük məharətlə ifa etdiyi Aslan şah partiyasının xüsusi yeri var. O, 100 dəfə oynadığı həmin rolda yaratdığı qəddar hökmdar obrazının cizgilərini böyük məharətlə göstərə bilirdi. Şahlar Quliyev, həmçinin “Qız qalası” (2000-ci il) və “Bəylik dərsi” (2007-ci il) filmlərində rol alıb.
Operada Firəngiz Əhmədova, Lütfiyar İmanov, Firudun Mehdiyev, Adil Məlikov, Əli Haqverdiyev və daha kimləri görmədim. Sonrakı nəsil Zeynəb Xanlarova, Arif Babayev, Canəli Əkbərov, Baba Mahmudoğlu və başqaları ilə bir səhnəni paylaşıb. O qədər təvazökar idi ki, səhnədə odlu-alovlu çıxışlar etsə də, sonra sakit təbiəti ilə geri çəkilir, sanki varlığını hiss etdirmirdi.
Sənət haqqında söylədikləri: “Obraz oynadığın əsərə bələd olmadan, librettonu bilmədən, zənnimcə, səhnədə heç bir şey etmək olmaz. Obraz üzərində düşünmək, onun daxili dünyasını öyrənmək və əlbəttə ki, özününküləşdirməyi bacarmaq əsas şərtdir”. “Şəxsən məni hər bir əsərdə musiqi idarə edir, musiqi istiqamətləndirir. Ümumiyyətlə, əsərdəki hadisələrlə musiqinin üst-üstə düşməsi önəmli məqamlardan biridir. Hələ tamaşa hazırlandığı zaman bəstəkar hadisələrdən çıxış edərək ona uyğun ovqatlı musiqi yazır”.
Şahlar Quliyev Şimali Kipr, Türkiyə və s. ölkələrdə Azərbaycan opera sənətini layiqincə təmsil edib. Vaxtaşırı dövlət konsertlərində çıxışları ilə yadda qalıb. 2005-ci ildə Şahlar Quliyev Xalq artisti fəxri adına layiq görülüb. Sənətsevərlər dogma teatrda qeyd olunan 60 illik yaradıcılıq gecəsində onun Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Həsən xanın, 70 illik yubileyinin isə Müslim Maqomayevin “Şah İsmayıl” operasından Aslan şahın partiyası ilə çıxış etməsini indi də yaxşı xatırlayırlar. Tanınmış incəsənət xadimləri Ramiz Zöhrabov, Arif Babayev, Səkinə İsmayılova, Azər Zeynallı və başqaları Şahlar Quliyevin sənətkarlıq məziyyətlərini yüksək qiymətləndiriblər.
Görkəmli sənətkar Şahlar Quliyevin əziz xatirəsi onu sevənlərin qəlbində yaşayacaq.
Ə.ƏLİYEV
XQ