XIX Bakı Caz Festivalı sona çatdı

post-img

On gün davam edən XIX Bakı Caz Festivalının yekun konserti “The Jazz Club”da təşkil olunub. Amerikalı müğənni və aktrisa Şeril Pepsi Reyli və “Interplay” qrupunun çıxışı ilə festivalın son akkordları vurulub.

Konsert başlamamışdan əvvəl Bakı Caz Festivalının təşkilatçısı və bədii rəhbəri Rain Sultanov qonaqları salamlayıb. Sonra, ABŞ səfirliyinin nümayəndəsi Bill Murat çıxış edərək, səfirlik olaraq artıq neçə ildir ki, Bakı Caz Festivalına dəstək göstərdiklərini deyib.

İfaçı səhnəyə çıxaraq, valehedici vokal və zərif improvizasiya bacarıqları ilə cazsevərləri heyran edib.

Uğurla keçən konsertdən sonra Şeril Pepsi Reily “XQ”yə müsahibə verdi: “Bakıya ilk dəfədir gəlirəm. Buranın havası çox gözəl, insanları olduqca səmimi və mehribandır. Ölkənizdə bu cür festivalların keçirilməsini alqışlayıram. Bu cür musiqi tədbirlərinin təşkili gənc ifaçılar üçün də önəmlidir. Bu, onlara musiqi sahəsində özünü daha rahat ifadə etmək üçün imkanlar yaradır”.

Xatırladaq ki, XIX “Baku Jazz Festivalında 11 ölkədən ifaçılar şəhərin müxtəlif konsert məkanlarında çıxış ediblər.

Fidan SALMANOVA
XQ











Mədəniyyət