Naxçıvan muxtariyyətinin Azərbaycanın siyasi tarixində rolu

post-img

Naxçıvan Muxtar Respublikası – 100

Dünən Naxçıvanda Muxtar Respublikanın yaranmasının Azərbaycanın siyasi tarixində rolu mövzusunda konfransın açılış mərasimi keçirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və konfrans iştirakçıları əvvəlcə toplantının təşkil edildiyi Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş sərgidə nümayiş etdirilən tarixi sənədlərə, ədəbiyyat və mətbuat qaynaqlarına, rəsm və əl işlərinə baxıblar.

Səlahiyyətli nümayəndə Fuad Nəcəfli Prezident İlham Əliyevin 2023-cü il dekabrın 30-da “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncam imzaladığını, sənədə əsasən, Naxçıvan Muxtar Respublikasının yaranmasının Azərbaycanın siyasi tarixində çox mühüm hadisə olduğu nəzərə alınaraq silsilə yubiley tədbirləri keçirildiyini bildirib. O vurğulayıb ki, “Naxçıvan Muxtar Respublikasının yaranmasının Azərbaycanın siyasi tarixində rolu” mövzusundakı konfrans da bu tədbirlərin davamı olaraq təşkil edilib. Bütün bunlar Naxçıvanın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunun, mühüm strateji-coğrafi önəm daşıdığının göstəricisidir.

Səlahiyyətli nümayəndə qeyd edib ki, 5 min ildən artıq şəhərsalma mədəniyyəti üzərində ucalan və zəngin dövlətçilik tariximizə parlaq səhifələr yazan Naxçıvan ötən 100 ildə gərgin hərbi-siyasi mübarizələrin mərkəzinə çevrilib. Bir əsrdə Naxçıvan 2 dəfə ağır sınaqlar qarşısında qalıb. Əgər XX əsrin əvvəllərində Naxçıvan muxtariyyət statusu alaraq çətin hərbi-siyasi mübarizələrin nəticəsi olaraq işğaldan qorunmuşdursa, 1990–1993-cü illərdə ümummilli lider, müdrik dövlət xadimi Heydər Əliyevin şəxsi nüfuzu, gərgin siyasi mübarizəsi və qətiyyəti nəticəsində bu qədim diyar erməni işğalından, muxtariyyəti isə ləğv olunmaq təhlükəsindən xilas olub.

Fuad Nəcəfli qeyd edib ki, 100 illik muxtariyyət tariximizin ötən 21 illik inkişaf və tərəqqi dövrü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Bu dövrdə Naxçıvanda mühüm infrastruktur tədbirləri həyata keçirilib, sosial-iqtisadi inkişaf təmin edilib, muxtar respublikanın müdafiə potensialı gücləndirilib. Zəngəzur dəhlizinin açılması perspektivində Naxçıvan Muxtar Respublikası ölkəmizin digər bölgələri ilə quru əlaqəsini də təmin edəcək. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması Naxçıvanda yeni inkişaf mərhələsinin əsasını qoyub.

Natiq daha sonra bildirib ki, dövlət başçısının rəhbərliyi ilə Naxçıvan muxtariyyətinin 100 illiyini uğurla başa vurur. Qarşıda daha böyük hədəflər vardır. Əsas vəzifəmiz ölkəmizin ümumi inkişafının tərkib hissəsi kimi Naxçıvanın da kompleks inkişafına nail olmaq, daha böyük nailiyyətlər qazanmaqdır.

Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən “Naxçıvan Muxtar Respublikasının yaranmasının Azərbaycanın siyasi tarixində rolu" mövzusundakı konfransda aparılan müzakirələrin Naxçıvanın muxtariyyət tarixinin öyrənilməsi və təbliği baxımından əhəmiyyətli olacağını, yeni yanaşmalar ortaya qoyulacağını diqqətə çatdıran səlahiyyətli nümayəndə konfransın işinə uğurlar arzulayıb, iştirakçılara və təşkilatçılara təşəkkürünü bildirib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında bildirib ki, Türk-İslam mədəniyyətinin mühüm elementlərini özündə yaşadan Naxçıvanın İslamaqədər və İslamdan sonrakı tarixi dövrləri türk etnoslarının tarix və mədəniyyətinin öyrənilməsində önəmli mərhələ təşkil edir. Qədim diyarımızın tarixinin öyrənilməyən səhifələri, araşdırılacaq çox mövzu və mənbələr mövcuddur. Bu istiqamətdə tədqiqatlar davam etdirilməlidir. Bu gün keçirilən konfrans da birgə araşdırmaların nəticələrinin müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Sonra Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Türkiyənin Ağrı İbrahim Çeçen Universitetinin rektoru, professor Abdulhalik Karabulut və Qars Qafqaz Universitetinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, Qafqaz və Orta Asiya Araşdırmalar Mərkəzinin direktoru, professor Hacalı Nəcəfoğlu çıxış ediblər. Vurğulanıb ki, Naxçıvan tarixin müxtəlif mərhələlərində üzərinə düşən vəzifələri uğurla yerinə yetirib. Böyük dövlətlərin maraqlarına sinə gərən bu diyarın əhalisi əzmkarlıq göstərib, bölgənin müdafiəsini təmin edib.

Mərasim bədii hissə ilə davam edib. Naxçıvan Dövlət Universitetinin Tələbə teatr studiyası və simfonik orkestri kompozisiya və konsert proqramı ilə çıxış ediblər.

Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri

Sosial həyat