Bu günlər “Yuğ” Dövlət teatrının 35, onun yaradıcısı, mərhum Vaqif İbrahimoğlunun isə 75 yaşı tamam olur.
“Yuğ” teatrı bir studiya kimi 1989-cu ilin oktyabrında Vaqif İbrahimoğlu və Həsənağa Turabovun təşəbbüsü ilə Akademik Milli Dram Teatrın nəzdində təsis edilib. 1992-ci ildə bu sənət ocağına dövlət teatrı statusu verilib. Yarandığı gündən bəri teatrda 100-dən çox tamaşa hazırlanıb. Onun repertuarına həm görkəmli Azərbaycan dramaturqlarının, həm də dünya klassiklərinin əsərləri daxildir. Tamamilə fərqli müəlliflərin pyesləri bu teatrın formatına uyğunlaşdırılır və beləliklə, nadir, qeyri-adi tamaşalar alınır.
Teatrın baş rejissoru Mikayıl Mikayılovun kollektivin 35 illik yaradıcılıq yolu, həmçinin bu sənət ocağının təsisçisi Vaqif İbrahimoğlu haqqında dediklərini təqdim edirik:
– Ötən illər ərzində teatr bir neçə mərhələdən keçib. Studiya kimi fəaliyyətə başlayıb, sonra dövlət teatrı statusu alıb. Sovet İttifaqının süqutundan sonra “Yuğ” öz mənşəyinə, miflərinə və ayinlərinə müraciət etdi. Teatr, onun poetikası, tamaşaların formatı mübahisələrə səbəb oldu. Amma bu, kökə, türk mədəniyyətinə qayıdış idi və “Yuğ” zəruri bir fenomenə çevrildi. O vaxt Vaqif İbrahimoğlu öz təcrübələrini teatrla sintez edərək, tədricən poetikasının konturlarını müəyyənləşdirdi. Sonrakı dövrdə, yəni Vaqif müəllim aramızdan gedəndən sonra da çətinliklər oldu. Hər bir halda “Yuğ”un ayaqda qalmasına çalışdıq. İndi biz yenidən poetikamız üzərində işləməyə başlayırıq.
Planlar isə həm çoxsaylı, həm də müxtəlifdir. “Yuğ”un 35 illik yubileyini geniş miqyasda qeyd etməyə hazırlaşırıq. Vaqif İbrahimoğlunun A.P.Çexovun əsəri əsasında hazırladığı “Albalı bağı” tamaşasını bərpa edəcəyik. Bu, nadir əsərdir, istəyirəm ki, həmin tamaşa teatrın repertuarında bir növ arxiv materialı kimi qalsın və ondan təsisçimizin yaradıcılığını, poetikasını öyrənmək məqsədilə istifadə olunsun. Bundan əlavə, Vaqif İbrahimoğlunun anadan olmasının 75 illiyi ilə əlaqədar onun poetikasından bəhs edən kitab nəşr etmək istəyirik. Rejissorlarımızın səhnələşdirdiyi yeni tamaşalar da olacaq. Bununla yanaşı, Sandro Axmeteli adına Tbilisi Dram Teatrı ilə birgə layihəmiz var; gürcü baş rejissor tamaşanı “Yuğ”da, mən isə onların teatrında səhnələşdirəcəyəm. Gələcəkdə bu layihəni inkişaf etdirəcəyik. Bundan əlavə, dramaturgiya festivalında iştirak edəcəyik. Süni intellekt kimi texnoloji imkanlardan istifadə edilən layihələrimiz də olacaq. Axı “Yuğ” təkcə repertuar teatrı deyil, həm də layihə məkanıdır”.
“Yuğ”un yaradıcı kollektivinə yeni uğurlar arzulayırıq.
Ə.DOSTƏLİ
XQ