Borçalı səyahətçiləri Xankəndidə

post-img

Xəbər verdiyimiz kimi, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səfərdə olan Borçalı heyətinin 26 nəfərdən ibarət ikinci qrupu da Xankəndi şəhərində olub.

Soydaşlarımız şəhərdə aparılan bərpa-quruculuq işləri ilə tanış olub. Erməni işğalının ağır nəticələr qoyduğu Kərkicahan qəsəbəsinin dirçəldilməsi qonaqlarda məmnunluq yaradıb. Onlar yenidən qurulmuş şəhər stadionunda, Qarabağ Universitetində də olublar, tarix və mədəniyyət abidələrini ziyarət ediblər.

Qrupun üzvü jurnalist Ramilə Əliyeva XQ-yə açıqlamasında dedi:

– Qarabağda aparılan tikinti işlərinin miqyası bizdə heyrət doğurur. Mən bir neçə dəfə bölgəyə səfər etmişəm və hər dəfə şəhər və kəndlərin dirçəlişini sevinclə izləmişəm. Növbəti dəfə ailəmlə birlikdə Qarabğa gələcəyəm.

Şuşada keçirilmiş media forumlarında da iştirak etmişəm. Bu forumlar mənim üçün çox önəmli idi, orada çox vacib məsələlər qaldırılmışdı. Ərazi bütövlüyünü bərpa etməklə Azərbaycan dünya siyasətindəki rolunu göstərdi. Azərbaycanın çiçəklənməsi Gürcüstanın və Cənubi Qafqazın inkişafına müsbət təsir göstərəcək.

Ziyarətçi Lətif Əhmədov duyğu-düşüncələrini belə ifadə etdi.

– Hazırda Qarabağ dirçəlir və bu, ruhumuza rahatlıq verir. Biz səfər zamanı 30 il işğal altında qalan Azərbaycan torpaqlarında törədilən dağıntıların şahidi olduq, erməni vandalizmini lənətlədik. Nə qədər evlər dağılıb, yuvalar viran qoyulub. Günahsız uşaqlar, qocalar öldürülüb. Bu gün erməniləri himayə edənlər gəlib görsünlər ki, müdafiə etdikləri quldurlar Azərbaycan xalqının başına hansı oyunlar açıblar.

Marneuli rayonundan gəlmiş soydaşımız Bafəli Adıgözəlov isə söylədi:

– Çoxdankı arzumuz idi ki, Qarabağ işğaldan azad olunsun və biz bura səyahət edək. Bu torpaqlara gəldiyim üçün sevincliyəm. Gürcüstanda yaşayan azərbaycanlılar müharibənin hər dəqiqəsini izləyirdilər. İlk dəfədir Qarabağa gəlirəm. Çox sevincliyəm. Mən Azərbaycan dövlətinə təşəkkür edirəm ki, bizə bu imkanı yaratdı. Qarabağın hər yerini gəzmək istəyirəm, çünki hər tərəfi gəzməli, görməlidir.

Xatırladaq ki, qədim türk yurdu Borçalıdan azad Qarabağa 3 qrup ziyarətçi gəlib. Səfərin məqsədi qonşu ölkədə yaşayan soydaşlarımızı regionda aparılan tikinti və bərpa işləri ilə tanış etməkdir. Borçalılıların bölgə ilə tanışlığı oktyabrın 22-dək davam edəcək.

T.RÜSTƏMLİ
XQ



Sosial həyat