“Azərbaycanın yüksəlişi” mövzusunda intellektual yarış

post-img

Oktyabrın 19-da “Yüksəliş” müsabiqəsinin qalibləri, finalçıları və yarımfinalçılarının iştirakı ilə keçirilən “Azərbaycanın yüksəlişi” intellektual kvizi - payız mövsümü uğurla başa çatıb.

“Azərbaycanın yüksəlişi” intellektual yarışı Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Gününə, Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərinə və Prezident İlham Əliyevin ölkəmizi yüksəlişə aparan fəaliyyətinə həsr olunub.

Tədbirdə 42 komanda ilə birlikdə 300 nəfərə yaxın iştirakçı öz bilik və bacarıqlarını sınayıb.

Yarışda gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev qalib komandaları təbrik edərək onlara uğurlar arzulayıb və mükafatları təqdim edib.

Müsabiqə nəticələrinə görə, “Yaşıl keçid” komandası I yerə, “Perfect Strangers” komandası II yerə, “DAY22” komandası isə III yerə layiq görülüb.

“Yüksəliş” müsabiqəsi artıq üçüncü dəfədir ki, qaliblər, finalçılar və yarımfinalçılar arasında intellektual kviz keçirir. Qeyd edək ki, bu ilin bahar mövsümündə keçirilən kviz “Yaşıl dünya naminə həmrəylik ili”nə, ötən il baş tutan yarış isə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuşdu.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsinə malik perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.

Dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.

XQ

Sosial həyat