Van Damm – azərbaycanlı qızın qayınatası

post-img

Müasir kinonun parlaq ulduzu olan aktyor, ssenarist, prodüser, bodibildinq və döyüş sənəti ustası, nəhayət, yazıçısı Jan Klod Van Damm 30 ildən bəri özünə milyonlarla pərəstişkar qazanıb. 1984-cü ildə çəkildiyi “Breyk-dans: film” adlı ekran əsəri ilə məşhurlaşıb və ardınca neçə-neçə filmin qəhrəmanı kimi kinosevərlərin və döyüş səhnələrinə vurğun olan gənclərin könüllərini ələ alıb.

O, 1960-cı il oktyabrın 18-də Belçikanın paytaxtı Brüsseldə holland (flamand) əsilli ailədə anadan olub. Əvvəlcə idmana könül verib. 1978–79-cu illərdə Peşəkar Avropa Karate Federasiyasının orta çəki üzrə çempionu olub. İştirak etdiyi 22 döyüşün 20-də (13-ü təmiz, 7-si isə texniki) nokautla qələbə qazanıb. Döyüş növləri ustası, məşhur aktyor Çak Norrisin sparrinq tərəf müqabili olub. Yəni kinoya idmandan gəlib. Onun uğurlu film karyerası heç də hər aktyora nəsib olmayan zirvə timsalındadır. “Nə geri çəkil, nə təslim ol”, “Qanlı idman”, “Kikboksçu”, “Kiborq”, “Ölümcül order”, “Şir ürəkli”, “İkiqat zərbə”, “Universal əsgər” kimi döyüş filmləri ilə şöhrətlənən Van Damm 1992–1993 və 1994-cü illərdə ard-arda “MTV Movie Awards” kinomükafatının “Ən arzuolunan kişi ” nominasiyasında qalib gəlib, həmçinin “Planetin Qızıl İstedadları ” mükafatının qızıl ordeninə layiq görülüb.

Sonrakı dövrlərdə ailə ayrılıqları, narkotik aludəçiliyi kimi həyat sınaqları ilə üzləşən məşhurun populyarlığı azalsa da, öz iradəsi hesabına çətinliklərini dəf edə bilib. Yeni əsrin əvvəllərindən çəkildiyi 20-yə qədər filmdə Van Damm yenidən parlayıb. “JKVD”, 2-ci “Universal əsgər”, “Replikant”, “Cəhənnəmdə”, “Ölümün izi”, “Komandirin müavini”, “Qatillərin oyunu”, “Qabağıalınmazlar” və sair ekran əsərləri, müxtəlif seriallar bu sıradandır.

Jan Klod Van Dammın Azərbaycanda da çoxlu pərəstişkarları var. Əlbəttə, onun adının “Jan”, yəni bizim dillə desək, “Can” olması təsadüfdür, amma 44 günlük “Zəfər Yürüşü”ndə qorxmadan düşmən üstünə gedən, Şuşanı almaq üçün yüngül silahlarla dik və çılpaq qayalara dırmaşaraq, Cıdır düzünə qalxan bir çox igidlərimizin Jan Klod Van Damm təpəri və hünəri göstərmələri bir faktdır. Fərq burasındadır ki, aktyor kinofilmlərdə oyunu ilə fərqlənib, əsgərlərimiz isə canlı döyüş səhnələrində qələbələrini qanları və canları bahasına qazanıblar.

Onun oğlu – azərbaycanlı xanım, Bakı Musiqi Akademiyasının məzunu, pianoçu Suada Hacızadənin həyat yoldaşı olan aktyor Kristofer Van Damm inişil ailəsi ilə Bakıda olarkən müsahibələrindən birində deyib: “Atam 2000-ci illərin əvvəllərində Azərbaycana gəlib. Burada qısa müddət qalmasına baxmayaraq, Azərbaycanı çox sevir, çox bəyənir. O vaxtlar atam həm də Suadanın atası ilə tanış olub. ABŞ-yə, Los-Ancelesə qayıdanda atam məni ofisinə çağırdı və dedi ki, Azərbaycan adlı bir ölkəyə səfər etmişdim. Çox gözəl ölkədir və parlaq gələcəyi olacaq. Bildirdi ki, o ölkənin insanları çox mehribandır, mədəniyyəti çox zəngindir. Sonra mənə məsləhət gördü ki, gələcəkdə mütləq Azərbaycandan olan bir xanımla evlən. Bundan bir qədər sonra Suada ilə “İnstagram”da tanış oldum. Qiyabi də olsa, bir-birimizə mehir saldıq. Azərbaycan adını görən kimi atamın sözləri yadıma düşdü. Suada ilə düz 4 il “İnstagram”da danışdıq və yaxın dosta çevrildik. Zamanla isə bir-birimizə aşiq olduq”.

Beləcə, Suadanın qayınatası – dünya ulduzu onun və Kristoferin, necə deyərlər, ulduzunun barışmasında əsassəbəbkar olub. Onda pandemiya dövrü idi və ilk elçilik onlayn olub. O zaman COVID-19-a görə nə elçilər Bakıya, nə də Suadagil Belçikaya gedə bilmədikləri üçün izdivacın rəsmiləşməsi İstanbulda, Azərbaycanın oradakı baş konsulluğunda baş tutub.

Suada xanımın dedikləri: “Tanışlığımızın əvvəlində Kristoferin bir əcnəbi olaraq Azərbaycanı tanıması, ölkəmizin mədəniyyəti haqqında məlumatlı olması məni cəlb etmişdi. Atasının isə kim olduğunu bilmirdim. Özü də bu barədə mənə heç nə deməmişdi. Həmişə soyadını gizlədirdi, atası ilə şəkil də paylaşmırdı. Sadəcə, Jan Klod Van Damm Azərbaycana səfər etmişdi və onun söhbətləri Krisdə ölkəmizə maraq oyatmışdı.

Yeri gəlmişkən, Van Dammın həyat yoldaşı rəssam olmaqla bərabər, aktrisadır, özü də bodibildinq üzrə çempion olub. Kristofer isə karate ilə məşğul olub. Onları bilmirik, ancaq Van Damm vegeteriandır (ət yemir, amma gücünə baxın). Yenə də filmlərdə çəkilir. “Minyon: Qriditasiya” (2022), “İnsan zülməti” (2024) filmləri buna misal ola bilər. Hazırda isə çəkilişləri davam edən “Frençi” filmində baş rol ifaçısıdır. Kino rejissurasında da sözünü deyir, musiqi videokliplərdə, reklam çarxlarında da çəkilir.

Bu yazıda Van Damm və Azərbaycan mövzusuna da toxunduq. Sonda oxucuların bu barədə bilgiləri daha çox olsun deyə, onu da bildirək ki, bizim Qəbələ rayonunun Vəndam qəsəbəsində onun heykəli vardı: axı, bir növ adaşdırlar – Van Damm və Vəndam! Amma öyrəndik ki, yerli sənətkar Azad Əliyevin ağacdan yonduğu bu heykəl yol çəkilişi ilə əlaqədar, müvəqqəti olaraq, götürülüb. Ümid edirik ki, Van Dammın heykəlinə yenidən bir yer tapılacaq.

XQ





Sosial həyat