Hər şeyi bəxtə – taleyə bağlamaq tənbəl adamların işidir
İngilis şairi Edmund Spenser yazır ki, insanı sağlam yaxud xəstə, bədbəxt yaxud xoşbəxt, zəngin yaxud yoxsul edən onun zehnidir. Davranışlarımız içində olduğumuz vəziyyətlərin nəticəsidir. İnsanın şəxsi gücündən istifadəyə imkan verən inam, sevgi, daxili güc, sevinc, həzz kimi durumlar mövcuddur. Bununla bərabər həmin enerjini iflic edən situasiyalar da var. Depressiya, qorxu, həyəcan, təşviş, kədər, məyusluq... İnsan bəzən o dərəcədə bu neqativ hisslərə aludə olur ki, zaman gəlir, bu hislər səbəbsiz yerə yaranmağa başlayır. Heç bir səbəb olmadan həyəcan, təşviş hissi xirtdəyimizdən yapışıb bizi boğmağa çalışır.
Bu kimi nevrotik pozuntular əksər hallarda qeyri-sağlam həyat tərzinin, uşaqlıq travmalarının nəticəsi kimi meydana çıxır. Hər halda elm bu qənaətə gəlib çıxıb. Amma insan bu simptomların hardan, nədən qaynaqlandığını anlayarsa, vəziyyəti dəyişə, altşüurda belə demək mümkünsə, səliqə-sahman yarada bilər. Durumunuzu idarə edərək həyatınızda arzuladığınız nəticəni almağın ilk açarı beyninizi səmərəli çalışdırmaqdır. Amerika yazıçısı və psixoloqu Entoni Robbins də bizə bunu məsləhət görür. O, bu sahə üzrə xeyli kitablar yazıb və dünyada milyonlarla insan onun kitablarını oxuyaraq motivasiya əldə ediblər, uzunmmüddətli depressiyaya əlvida deməyi bacarıblar.
Entoni Robbins bizə davranışlarımızı nəzarətdə saxlamağın metodlarını öyrədir. Bunun üçün davranışların tipini müəyyənləşdirmək lazım gəlir. İnsanlar ətraf mühit haqqındakı bilgiləri xüsusi reseptorlar və duyğu orqanları vasitəsilə qavrayır. Bu reseptorlar xarici stimulları beyinə ötürür, beyin bu siqnalları süzgəcdən keçirərək daxili təsəvvürə göndərir, depolayır. Bu proses insanın dünyanı qavrama diapazonunun genişliyini göstərir. Lakin insanların daxili təsəvvürü baş vermiş hansısa hadisənin dəqiq ifadəsi deyil. Bəlkə də Eynşteyn buna görə belə deyirdi: “Həqiqət və bilgi sahəsində özünü hakim hesab edənlər tanrıların gülüşü ilə darmadağın edilib cəzalandırılırlar”.
Güclü insanlar o şəxslərdir ki, daxili təsəvvürlərini dəyişməyi bacarırlar. Hər bir insan bu gücə malik olduğuna inanmalıdır. Belə olan halda öz dincliyimizin, xoşbəxtliyimizin zəmanətçisinə çevrilə bilərik. Robbins yazır ki, insan mənəviyyatının ən böyük hərəkətverici mexanizmlərindən biri onun öz individuallığını saxlamaq gücündən ibarətdir. Düşüncə mövqeyindən yox, nevrologiya mövqeyindən yanaşaraq beyin və davranışımızla məşq etməliyik. Özümüzün fərdi inanclarımız olmalıdır.
– İstənilən istiqamət bizi lazım olan yerə – taleyimizə tərəf aparır. Yetər ki, özümüzdə pozitiv düşüncə tərzini formalaşdıraq. Bundan sonra həyatımızda da, işimizdə də müsbət dəyişikliklərin baş verdiyini görəcəyik. Bunun üçün zaman və möhkəm iradə tələb olunur. Zaman Tanrıya, iradə isə insana məxsusdur. Uğur reseptində ardıcıllıq və iradə birinci sırada yazılır. Hər şeyi taleyin boynuna yükləmək tənbəl adamların işidir. Sürət əsrində “Oblomovçuluq” ölümə bərabərdir. Pessimizmi özünə qalxan edənlərdən mümkün qədər uzaqlaşmaq lazımdır. Onlar enerji vampirləridir, onların özünün də xilasediciyə ehtiyacı var.
Yaxşı olar ki, lüğətinizdən “amma” sözünü çıxarasınız. Bu söz özündən əvvəl deyilmiş hər şeyə kölgə salır, yersiz bəhanələrə yol açır. Biz öz punktuallığımızla taleyimizin yardımçısına çevrilirik. Neçə yaşda olmağımız önəmli deyil. İstər 18 olsun, istər 88! İrəli getməyimiz üçün mütləq nəsə lazımdır. Daxilimizdə özünə yer etmiş həvəs, entuziazm, sadəcə, əvvəlcədən müəyyən olunmamış bir hadisəni gözləyir. Biz hisslərimizi tərbiyə etdikcə, həm də özümüz də bilmədən əsəblərimizi müalicə edirik.
Bir sözlə, nikbin olmağa çalışın. Nikbinlik sağlamlığın vacib şərtidir.
Kənan HACI,
yazıçı-publisist