Milli varlığımızı yaşadan sənət ocağı

post-img

Dərbənd Azərbaycan Teatrı – 120

XIX əsrin sonu – XX əsrin əvvəllərində həvəskar dərnək kimi fəaliyyətə başlayan Dağıstan–Azərbaycan Dram Teatrı 1904-cü ildə rəsmi status, 1934-cü ildə dövlət teatrı statusu alıb. 1944-cü ildə müəyyən səbəblərdən teatrın qapıları uzun müddətə bağlanıb. Amma xoşbəxtlikdən, 1994-cü ildə yenidən Dərbənd səhnəsinin üzünə gün doğub və artıq 30 ildir ki, fəaliyyətini davam etdirir.

Yaradılıb təşəkkül tapmasına görkəmli yazıçı-dramaturq, teatr xadimi Əbdürrəhim bəy Haqverdiyevin də zəhmət sərf etdiyi və Dərbənddə Azərbaycanın mədəniyyət qalası sayılan teatr özünün 120 illik yubileyinə hazırlaşır. Ötən illərdə burada mədəniyyətimizin təbliği naminə çox işlər görülüb. Dağıstanın azərbaycanlı ziyalıları bu teatrı yaşatmaq üçün əllərindən gələni ediblər.

Bu günlərdə yubilyar teatrdan xoş bir müjdə aldıq: Dərbənd səhnəsində məşhur serb dramaturqu Miroslav Mitroviçin “Gecə yarısı soyğunçuluq” pyesinin motivləri əsasında “Oğru” tamaşası hazırlanıb və uğurla oyanılıb. Bu barədə xəbəri redaksiyamıza təqdim edən Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu bildirdi ki, dərbəndli həmkarlarının uğuru onu qəlbən sevindirib.

Ağalar İdrisoğlu 1997–2000-ci illərdə Dərbənddə yaşayıb və Dağıstan–Azərbaycan Beynəlmiləl Teatr Truppasına rəhbərlik edib. Həmin dövrü xoş təəssüratlarla xatırlayan tanınmış yazıçı-dramaturq-rejissor Dərbənd teatrının həyatını daim diqqətlə izləyir. Onun dedikləri:

– Hazırda yazıb tamamlamaqda olduğum “Sərhədsiz dünyamız” adlı bədii-sənədli romanımda ömrümün o illəri haqqında geniş məlumat vermişəm. uğuruna çox sevinmişəm. Uğurlarını uğurum saydığım, problemlərini ürək ağrısı ilə qarşıladığım Dərbənd teatrını özümə doğma ünvan sayıram. Yeni premyera barədə xəbər də məni hədsiz sevindirdi.

Tamaşaya quruluşu teatra dəvət olunan rejissor, Rusiyanın Əməkdar artisti Tamerlan Sabanov verməli idi. Amma o, üzrlü səbəblərdən məşqlərə gələ bilmədiyi üçün bu missiyanı teatrın yeni baş rejissoru, Azərbaycanın Əməkdar artisti Sərvər Əliyev yerinə yetirib. Tamaşanın rəssamı Dağıstan Respublikasının Əməkdar rəssamı Dəmir İsaakovdur. Səhnə əsərində rolları Dağıstanın Əməkdar artisti Şükufə Məlikova (Səməni), aktyorlar Aygün Nəcəfova (Nazı), Mirzəağa Cum-Cum (Direktor), Osman Mehrabov (Məsum), Orxan Əliyev (Polis) ifa ediblər. Onu da vurğulayım ki, Aygün xanım Azərbaycan Dövlət Konservatoriyasının vokal sinifini bitirib. Canlandırdığı obraz onun Dərbənd teatrında ilk işidir və maraqlı alınıb.

Tamaşanın qısa süjet xətti belədir ki, vergidən yayınmaq istəyən ticarət mərkəzinin direktoru 1 milyon manatlıq oğurluğu ört-basdır etməyə can atır, amma bu, alınmır. Maraqlı, kəskin və gülməli vəziyyətlərlə bol olan tamaşanın sonunda oğurluğun üstü açılır.

Biz Əməkdar artist Sərvər Əliyevlə də söhbət etdik. Fəxrlə bildirdi ki, “Oğru” tamaşasının ilk premyerası böyük anşlaqla keçib və seyrçi alqışları ilə müşayiət olunub.

– İkinci premyeramız 2024-cü ilin oktyabr ayının 21-də olacaq, – deyə o, əlavə etdi. – Çox istərdik ki, Dağıstan Azərbaycan Dövlət Dram Teatrının kollektivi tezliklə bu tamaşanı Bakıya da gətirib, sənətsevərlərə təqdim etsin.

Onu da öyrəndik ki, Dağıstan Azərbaycan Dövlət Dram Teatrının binası əsaslı şəkildə yenidən qurulma prosesində olduğu, hələ səhnə işıqları və avadanlıqları quraşdırılmadığı üçün “Oğru”nun premyerası Dərbənddəki Ləzgi Dövlət Dram Teatrının səhnəsində olub. Yəqin ki, tezliklə yaradıcı heyətin öz doğma səhnəsində fəaliyyəti bərpa ediləcək. Ən əsası isə bu teatrın 120 illik yubileyinin qarşıdakı aylarda Bakıda, böyük təntənə ilə qeyd olunacağını gözləyirik. Çünki bu, sözün əsl mənasında, tarixi hadisə sayılır.

Əli NƏCƏFXANLI
XQ





Mədəniyyət