Türk dünyasında elmin perspektivləri: AMEA-nın yeniləşmə kursu kontekstində

post-img

III məqalə

Vətənçilik və Türk dünyasının elmi obrazı

AMEA-nın yeniləşmə kursunun 1-ci və 2-ci prioritetlərinin rasional-məntiqi anlamı Azərbaycançılıqdan (Vətənçilikdən) Türk dünyası miqyasına mədəniyyət, elm və təhsil aspektlərində optimal keçidin akademik ruhu xüsusi yer tutur. Yəni burada hədəfə çatmanın konkret nəzəri və praktiki istiqaməti dəqiq müəyyən edilmişdir. Onun təməl ideya “sahəsi”ni aşağıdakı kimi təsəvvür edə bilərik:

Türk dünyasında elmin perspektivi hər bir türk dövlətinin müasir elmi tərəqqisindən başlayır, lakin onunla məhdudlaşmır.

Birincisi, bu tərəqqi Vətəncilik ideoloji strategiyası mahiyyətində olmalıdır (azərbaycançılıq, türkiyəçilik, qazaxıstançılıq, özbəkistançılıq və s.). Əks halda, ümumtürk kontekstində gerçək elmi tərəqqi nəticəverici anlamını qısa müddətdə itirə bilər.

İkincisi, Vətənçilikdən ümumtürk dünyası miqyasına tərəqqinin elmi obrazının proyeksiyası mütləq surətdə dünya səviyyəsində elmi idrakda özünü göstərən ən mütərəqqi yeniliklərin kontekstində davamlı uğur gətirə bilər.

Bu iki nəzəri özəlliyin işığında AMEA-nın çox maraqlı, yığcam və perspektivli şəkildə elmi tərəqqini elmi obrazlaşdırdığını görmək olar. Bu, bir tezisdə mənaca akkumulyasiya edilmişdir: Vətənçilik (AMEA təcrübəsində, Azərbaycançılıq) – ümumtürk elmi mühiti (obrazı) – qlobal elmi miqyasın tələbləri (elmi idrakın ümumi istiqamətini motivə edən nəzəri və metodoloji faktorlar).

Burada məsələnin qoyuluşunun elmiliyi ilə praktiki reallaşmasının vacib qarşılıqlı əlaqəsini görürük. Bu, bütövlükdə ali elmi təşkilatın sosiohumanitar elm sahəsində yeniləşmə kursunu mücərrəd (abstrakt) sözçülükdən çıxarır və onu konkret reallaşma üfüqünə yönləndirir.

Məhz bu kontekstdə, yəni elmi tərəqqinin təşkilatın yeniləşmə kursu çərçivəsində obrazlaşması ilə əyaniləşməsi arasında daxili məntiqi ziddiyyətsizliyi dərk etmək mümkündür. Bu prosesin substantiv obrazının tamamlanması üçün yuxarıda vurğuladığımız 3-cü prioritet istiqamətin məzmun və hədəflərini ilk iki prioritet fonunda təhlil etməyimiz lazımdır.

Rəqəmsallaşma və kibertəhlükəsizlik

Üçüncü prioritet istiqamət belədir: “Rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizliklə bağlı məsələlərin akademiyanın Humanitar və İctimai Elmlər bölmələrinin əhatə etdiyi elmi-tədqiqat institutlarının elmi dövriyyəsinə daxil edilməsi yaxın dövrün əsas prioritetlərindəndir”.

Burada AMEA rəhbərliyinin geniş elmi təməli olan aktual bir məsələni yığcam ifadə edə bilməsi əhəmiyyətlidir. Biz bu fikri əsaslandırmaq üçün reallıqda rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik anlayışlarının ifadə etdikləri müasir elmi trendin detallarına müəyyən dərəcədə nəzər salmalıyıq.

Nəzəri və metodoloji baxımdan mürəkkəb məsələdir. Çünki özlüyündə sadə görünsələr də, “rəqəmsallıq”, “süni intellekt” və “kibertəhlükəsizlik” məna olaraq özlərində müxtəlif çalarları və hazırda çətin dərk edilən semantik məqamları ehtiva edirlər. Təsadüfi deyildir ki, son illər tədqiqatçılar o kimi anlayışları izah etmək üçün yeni terminlər daxil edirlər. Lakin bu, bütün hallarda həmin anlayışların dərki üfüqünü genişləndirə və onların kreativ potensiallarının predmetləşdirilməsinə yardımçı ola bilmirlər. Mənzərəni bu mərhələdə aydınlatmaq üçün bir sıra özəlliklərə baxaq.

Süni intellekt və süni sosiallığa keçid

Alimlər əmindirlər ki, rəqəmsallaşma və süni intellekt bütövlükdə sosial reallığın xarakterini dəyişir. Yəni söhbət hansısa fraqmentar və ya ikinci dərəcəli prosesdən getmir – kökündən müasir cəmiyyətlərin sosial reallığı, sosial anatomiyası və funksional dinamikası dəyişir. Bu, faktiki olaraq, fərdi və kollektiv səviyyələrdə bəşəriyyətin keyfiyyət və funksiyaca yeni sosial-mədəni gerçəkliklə “üz-üzə qalması” deməkdir. Burada “üz-üzə” daha çox metafordur (məcazdır), çünki bu mənzərəni elə bəşəriyyətin özü yaradır. Əlbəttə, ciddi ziddiyyətdir, lakin dərketmənin başqa üsulunu insan hələ icad etməmişdir.

Onda ümumi idrakı situasiyanı belə təsəvvür edə bilərik: bəşəriyyət özünüdərkdə elə bir mürəkkəb duruma gəlmişdir ki, dərk etdiyini özünüdərk prosesinə çevirməkdə çətinlik çəkir və hətta geridə qalır. Məhz bu aspektdə aparıcı dəyişdirici rolu rəqəmsallaşma və süni intellekt oynayır. Kibertəhlükəsizliyin başlıca xüsusiyyətləri də onlardan qaynaqlanır. Rasional-məntiqi müstəvidə belə alınır ki, AMEA əsas üç anlayışı müəyyən edərək, onları vahid yeniləşmə prosesinə üzvi surətdə nəticəverici aspektdə daxil edə bilmişdir.

Bu prizmada süni sosiallığın fəlsəfi-elmi dərki şübhə doğurmur. Məsələn, süni intellektin, özünüöyrədən neyroşəbəkələrin, alqoritmlərinin və rəqəmsal informasiya bazalarının (Big Data) inteqrasiyası ağıllı layihələr kontekstində necə mümkündür? Bu proses insanların sosial həyatında hansı dəyişikliklər edə bilər? Bundan başqa, prinsipial əhəmiyyəti olan digər sual: bu cür nəzəri olaraq “ağıllı” sayılan layihələri cəmiyyətin müxtəlif sferalarına səmərəli tətbiq etməyin üsulları hansılardır?

Fəlsəfi aspektdə bir qədər də dərinə getsək, ümumiyyətlə, “ağıllı layihə” nə deməkdir və hansı anlamlarda o, “ağıllıdır”? “Ağılın fəlsəfədə fərqli izahlarını bilirik, bəs müasir sosial mühitin “süniləşməsi”nin aparıcı amili olan “ağıl”ın semantikası necədir?

Burada bir praktiki nümunəyə müraciət etmək süni sosiallığın dərinliyi və yeniliyi müstəvisində maraqlı olardı. İndi mütəxəssislər siyasi aktorların özlərinin və funksiyalarının şəbəkələşməsindən və hibridləşməsindən bəhs edirlər. Vətəndaşla dövlət arasında münasibətlərdə rəqəmsal platformaların çəkisinin artdığından yazırlar. Bu, yeni siyasi reallığın formalaşması deməkdir. Onda insan yalnız özünə oxşarlara münasibətə girmir, həm də süni yaradılmış strukturlarla münasibətə “sürüklənir”!

Bu prosesin fəlsəfəsinin nə dərəcədə aktual olduğunu sübut etməyə ehtiyac yoxdur, çünki o, faktiki olaraq, bütövlükdə insanın mövcudluğunun fundamental tərəfləri ilə sıx bağlıdır. Bu səbəbdən alimlər yazırlar ki, süni sosiallıq empirik, yəni artıq real olan, yeni təcrübi faktdır. Onu müasir insanın həyatından kənarlaşdırmaq mümkün deyildir. Nil Srniçekin 2019-cu ildə daxil etdiyi “platformalar kapitalizmi” (“rəqəmsal xammal” kontekstində) anlayışı bu prizmada maraqlı və düşündürücü təsir bağışlayır.

Əlbəttə, vurğulanan istiqamətdə daha geniş və fundamental elmi suallar mövcuddur. Əhəmiyyətlidir ki, AMEA bu kimi sualların müasir nəzəri yanaşmalar və metodoloji yeniliklər kontekstində sistemli sosiohumanitar tədqiqini konseptuallaşdımağa başlamışdır!

Hibrid və mental müharibələr

Yeni sosial dəyərin yaranması elm sahəsində də ciddi yaradıcı və təşkilati yeniliklər etmək zərurətini ortaya qoyur. Bu sırada müasir elmlərin təsnifi, onların qarşılıqlı münasibətləri və elmi fəaliyyətin təşkili olduqca vacib məsələdir. Deyək ki, neyroelmin nailiyyətlərini cəmiyyətin müxtəlif elmi fəaliyyət sefarlarına (məsələn, politologiyaya, kollektiv psixologiyaya, şəxsiyyətin inkişafına, beynəlxalq münasibətlərə və s.) necə tətbiq etmək olar? Bu istiqamətdə dünya miqyasında artıq addımlar atılır.

Koqnitiv elmlər çərçivəsində beyin və zəkanın tədqiqi idrakı modelləşdirmə ilə inteqrasiyada aparılır. Ayrıca, hibrid müharibələr (informasiya, koqnitiv və mental müharibələrin sintezi) həmin yanaşma çərçivəsində tədqiq edilir. Obrazlı desək, informasiya müharibəsi insanın (fərdi və kollektiv miqyaslarda) nə düşündüyü uğrunda mübarizədir, koqnitiv isə insanın necə düşünməli olduğu uğrunda savaşdır. Bu məqsədlərə uyğun olaraq, informasiya müharibəsi informasiya ilə manipulyasiyanın informasion, texniki və psixoloji üsullarını əhatə edir. Koqnitiv müharibə isə həmin üsullarla yanaşı, neyrobioloji təsirləri ehtiva edir.

Ancaq burada bir incə məqam vardır. Koqnitiv müharibə rəqibi özü işindən dağıtmağa təhrik edir. Özünü dərketmə qabiliyyətlərini iflic vəziyyətə salmağı nəzərdə tutur. Subyekt adekvat və öz maraqları çərçivəsində düşünə bilmir. O, yad elementi daha əhəmiyyətli sayır. Bu da sonucda insanın şəxsiyyət kimi məhv olmasına və tam oyuncağa çevrilməsinə aparıb çıxarır.

Deməli, informasiya və koqnitiv müharibələri birləşdirən ortaq məqsəd vardır: hər ikisi rəqibin şüuruna təsir etmək texnologiyalarıdırlar. Mental müharibələr isə bir qədər fərqlənir. Onlar şəxsin və cəmiyyətin strateji təfəkkürü və məqsədyönlülüyünü kökündən yenidən “proqramlaşdırmağa” istiqamətlənir. Bura daha dərində olan mental-koqnitiv dəyərləri dəyişmək də vardır. Elə dəyərlər ki, cəmiyyətin sivilizasion identikliyində dəyərlərin iyerarxiyasını təhrif edir. Onların tarixdən gələn özünəməxsus xüsusiyyətlərini məhv edərək məqsədi, məramı, daxili inkişaf mexanizmi olmayan “amorf sosial kütləyə” çevirməyə çalışırlar. Bu cür fərd və toplumun mental sosial-psixoloji memlərini süni, yad və hədəfdən yayındıran qondarma “virus-memlərlə” əvəzləyirlər. Bizcə, mental müharibənin təsirinin hansı dərəcədə zərərli və məhvedici olduğu aydındır.

Ümumi qənaət

Yuxarıda qısa vurğulanan bir sıra məqamlar göstərir ki, müasir dünyada elmi fəaliyyət elə mürəkkəb və həssas amillər şəraitində olmalıdır ki, burada alim yaradıcılığı ilə məsuliyyəti və psixoloji dayanıqlığı misli görünməmiş münasibətlər səviyyəsinə keçmiş haldadır. İndi əsl alim olmaq, yaratmaq zəka və intellektlə yanaşı, şəxsi keyfiyyətlərin xüsusi kombinasiyasını da tələb edir. Bu isə təşkil oluna bilən prosesdir.

Yəni hər bir yaradıcı fərddən elmilik baxımından nələrisə tələb etmək və ya özünün inkişafının öhdəsinə buraxmaq olar. Lakin söhbət milli səviyyədə perspektivli tərəqqidən və üstəlik, bir necə dövlətin birliyinin yaradılması kontekstindən gedirsə, tamamilə fərqli yanaşma səmərə verə bilər. Həmin məqsədə hər bir türk dövləti elmi fəaliyyətin institusional formasını daim inkişaf etdirməklə nail ola bilər. Elmin institusional formasının nümunəsi kimi AMEA təcrübəsi burada çox faydalı ola bilər. Birincisi, bu ali elmi təşkilatın artıq 80 illik peşəkar təcrübəsi vardır. İkincisi, sirr deyil ki, nəinki Azərbaycanda, bütövlükdə, Türk dünyasında konseptual və sistemli olaraq özünüyeniləşdirmə prosesinə dəqiq strateji konsepsiya və Yol Xəritəsi hazırlamaqla AMEA başlamışdır.

Sonuncu tezisin əsas mahiyyətini açıqlamaq lazımdır. Məsələ onunla bağlı deyil ki, AMEA-dan başqa heç bir türk dövləti elmi təşkilatı strategiya hazırlamamışdır. Əlbəttə, hazırlanmışdır. Burada söhbət AMEA-nın bütövlükdə müasir elmi idrakda baş verən elmi dinamika prizmasında dövlətçiliyi və Vətənçiliyi təməl prinsiplər kimi qəbul edərək və onların nəzəri özəlliklərini diqqətə alaraq uzunmüddətli özünüyeniləşdirmə kursundan gedir.

Ondan başqa, AMEA-nın yeniləşmə kursunda aparıcı və müəyyənedici rolu dövlətin müəyyən etdiyi strateji inkişaf kursu tutur. Bu məqam elmin sərbəstliyi ilə məsuliyyətinin sintezinin Azərbaycan təcrübəsinin formalaşması deməkdir. Həmin təməl üzərində isə bütövlükdə Türk dünyasında yeni alimlik və elmi yaradıcılıq təcrübəsinin yanaşmasına təşəbbüs etmək fəaliyyəti qurulur. Bu miqyasda və strateji məqsəddə nə Azərbaycanda, nə də Türk Dünyasında ikinci nümunə yoxdur.

Beləliklə, aparılan təhlillər bizi bir ümumi, lakin fundamental əhəmiyyəti olan nəticə çıxarmağa imkan verir. AMEA-nın yeniləşmə kursu geniş anlamda müasir mərhələdə rəqəmsallıqla süni intellektin elm və təhsil üzrə çağırışları fonunda yeniləşmə prosesinə başlamışdır.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Siyasət