Vətən müharibəsinin 21-ci gününə təsadüf edən 2020-ci ilin 17 oktyabrı Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gündür. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, həmin tarix Füzuli Şəhəri Günü kimi qeyd olunur.
İkinci Qarabağ müharibəsinin cənub-şərq cəbhəsində ən mühüm döyüşlərdən biri olan Füzuli uğrunda savaşın ilk saatlarından bu rayonun təmas xəttindəki bir neçə müdafiə zolağının yarılması nəticəsində ordumuz strateji üstünlüklər qazandı, doğma torpaqlarımızın azadlığı uğrunda böyük şücaət və qəhrəmanlıq göstərdi. Silahlı Qüvvələrimiz uğurlu Füzuli əməliyyatı ilə Cəbrayıl və Xocavənd rayonlarının bir sıra yaşayış məntəqələrini də işğalçıdan təmizlədi.
Bununla belə, qeyd etmək lazımdır ki, Füzuli uğrunda savaş Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən oldu. Belə ki, düşmən 30 il ərzində cəbhənin təmas xəttində möhkəm istehkamlar qurmuşdu. Hətta buna görə bir çoxu Füzulini işğaldan azad etmək üçün uzun müddət lazım olacağını düşünürdü. Lakin Azərbaycan əsgəri Vətən torpaqları naminə bütün maneələri ildırım sürəti ilə keçməyə qadir olduğunu sübuta yetirdi.
Ermənistan silahlı birləşmələrinin ən çox möhkəmləndiyi Füzuli şəhərini azad etmək məqsədilə ərazini mühasirəyə almaq və düşməni yerində məhv etmək üçün xüsusi plan hazırlandı. Strateji yüksəkliklər, düşmənin möhkəmləndiyi ərazilər qəhrəman ordumuzun şücaəti sayəsində düşməndən geri alındı. Uğurlu hərbi əməliyyatlar və Azərbaycan Ordusunun Zəfər yürüşü nəticəsində oktyabrın 3-də cəbhənin cənub-şərq istiqamətində Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Tərtərin Suqovuşan və Talış kəndləri düşməndən təmizləndi.
Növbəti gün Cəbrayıl şəhəri, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Dəjəl, Karxulu, oktyabrın 5-də isə Şıxalıağalı, Sarıcallı və Mərəzə kəndləri azadlığa qovuşdu. Erməni hərbçilərinin Füzulidəki təminat yollarını sıradan çıxarmağın artıq vaxtı çatmışdı. Oktyabrın 9-da Azərbaycan Ordusunun yüksək dəqiqliklə apardığı hərbi əməliyyatlar nəticəsində Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi, Füzulinin Yuxarı Güzlək, Gorazıllı, Cəbrayılın Qaracallı, Əfəndilər və Süleymanlı yaşayış məntəqələrinin azad edilməsi düşməni mühasirəyə almaq üçün əlverişli şərait yaratdı.
Sonrakı günlərdə bir sıra əlverişli yüksəkliklər, eləcə də Füzuli və Xocavəndin bir sıra kəndləri aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçdi və Füzuli şəhəri mühasirəyə alındı. Nəhayət, oktyabrın 16-dan 17-nə keçən gecə şəhərin azad olunması əməliyyatını yerinə yetirmək vaxtı çatdı. Ordumuz bu istiqamətdə yüksək peşəkarlıq və döyüş əzmi nümayiş etdirdi, qarşıya qoyulan əməliyyat planını uğurla yekunlaşdırdı – Füzuli şəhəri, Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, Çimən, İşıqlı və Dədəli yaşayış məntəqələri azadlığa qovuşdu. Bu tarixi Qələbə 44 günlük şanlı Vətən savaşının gedişatında həlledici mərhələlərdən biri oldu.
Bu gün Füzuli rayonu və onun yaşayış məntəqələri yenidən qurulur, tarixi abidələri bərpa olunur. Eyni zamanda, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənən 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Böyük Qayıdışa dair I Dövlət Proqramı” böyük uğurla həyata keçirilir.
Müharibədən sonrakı illərdə rayon ərazisində çox sayda bağça, məktəb və xəstəxana tikilib, rahat yollar, yaraşıqlı parklar, yaşayış kompleksləri salınıb. Bu istiqamətdə layihələrin icrası davam etdirilir. Füzuli rayon sakinlərinin bir hissəsi doğma yurd yerlərinə qayıdıb. Artıq 5 ildir ki, Füzulidə Azərbaycanın üçrəngli Bayrağı dalğalanır. Aparılan böyük quruculuq işləri nəticəsində indiyədək 3 mindən çox sakin öz ata-baba yurduna qayıdaraq orada yaşamağa başlayıb.
Qeyd edək ki, Baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin isə 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Müasir standartlara və memarlıq xüsusiyyətlərinə uyğun inşa olunacaq Füzuli işğaldan azad edilən ərazilərdə ən böyük şəhərlərdən biri olacaq. Şəhərin dayanıqlı inkişafına, sakinlərin rifahına töhfə verəcək “ağıllı” şəhər konsepsiyası irəli sürülüb.
V.BİNYATOĞLU
XQ