Müzəffər Ordumuzun azadlıq və ədalət yürüşü davam edirdi
2020-ci ilin payızında Azərbaycan xalqı tarixinin ən qürurlu günlərini yaşadı. Prezident İlham Əliyev oktyabrın 18-də özünün rəsmi “Twitter” səhifəsində ordumuzun qədim Xudafərin körpüsü üzərində Azərbaycan bayrağını qaldırması ilə bağlı məlumat verdi. Belə bir tarixi paylaşım xalqın yaddaşına əbədi həkk olundu. Bu məlumat uğurlu hərbi əməliyyatın nəticəsi olmaqla bərabər, həm də 30 ilə yaxın davam edən ədalətsizliyə son qoyan çağırış idi.
Əsrlər boyu Azərbaycan tarixinin, mədəniyyətinin və dövlətçiliyinin simvolu kimi dəyərləndirilən Xudafərin körpüsü üzərində üçrəngli bayrağın qaldırılması Dövlət Sərhəd Xidməti hərbi birləşmələrinin güc-qüdrətinin, uğurlu hərbi əməliyyatın ifadəsi olmaqla bərabər, həm də əcdadlarımızın ruhuna, milli kimliyə və tarixi yaddaşa qayıdış idi. Xudafərin üzərində dalğalanan bayraq Azərbaycan Silahlı Qüvvələrinin qətiyyətini, xalqın iradəsini və dövlətin suverenliyini bütün dünyaya nümayiş etdirdi.
Xudafərinin azad olunması Azərbaycan hərbi gücünü, mənəvi-psixoloji ruh yüksəkliyini daha da artırdı. Savaşdan sonra Prezident İlham Əliyev tərəfindən Xudafərin körpüsünün işğaldan azad olunması əməliyyatında iştirak etmiş bir sıra hərbi qulluqçumuz “Azərbaycan bayrağı” ordeni, eləcə də “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə mükafatlandırıldı.
Yeri gəlmişkən, bu körpü Arazın hər iki sahilində yaşayan azərbaycanlıların bir-biri ilə əlaqəsini gerçəkləşdirən möhtəşəm sənət əsəridir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın da Vətən müharibəsi başa çatandan cəmi 6 gün sonra məhz Cəbrayıl rayonuna səfər etmələri, Xudafərin körpüsündə Azərbaycan Bayrağının qaldırılması da bu ərazilərin ölkəmiz üçün nə qədər mühüm önəm daşıdığımı göstərir.
***
Vətən müharibəsi Azərbaycan xalqının müasir tarixində milli qürur, ədalət və suverenlik duyğularının ən parlaq təcəssümünə çevrildi. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 2020-ci il oktyabrın 18-də rəsmi “Instagram” səhifəsində Fü zuli ş əhəri və rayonun bir sıra kəndlərinin işğ alçıdan təmizlənməsi ilə bağlı paylaşdığı səmimi, lakin dərin mənalı fikirlər bu tarixi dövrün həm mənəvi ruhunu, həm də milli həmrəyliyin məğzini özündə ehtiva edirdi. Mehriban xanımın “Bu, ədalətin təntənəsidir!” sözləri təkcə bir şəhərin azad olunmasının sevinci deyildi, eyni zamanda, xalqımızın illərlə çəkdiyi həsrətin, iztirabın, eləcə də qürur və qələbə duyğularının ifadəsi idi.
Füzulinin azad olunması həm hərbi, həm də mənəvi baxımdan İkinci Qarabağ müharibəsinin gedişində dönüş nöqtəsi oldu. 1993-cü ildən etibarən işğalda saxlanılan bu qədim Azərbaycan torpağı uzun bir dövrdə neçə-neçə ailənin yaddaşında həsrət, nisgil və ağrı ilə anılırdı. Şəhərin azad olunması ilə həmin ağrı sevincə, nisgil isə qürura çevrildi. Füzuli zəfəri Azərbaycanın suverenliyinin bərpası yolunda əhəmiyyətli mərhələ idi, çünki bu qələbə ilə düşmənin müdafiə xətti yarıldı, daha sonra isə Hadrut, Cəbrayıl, Zəngilan və Şuşa istiqamətlərində strateji üstünlüklər düşməndən geri alındı.
Qeyd edək ki, bu hadisənin cəmiyyətimizdə doğurduğu emosional ovqat təkcə hərbi uğurla izah olunmurdu. Ona görə ki, Füzuli zəfəri, əslində, 30 illik ədalətsizliyə verilən tarixi cavab idi. Belə ki, Azərbaycan xalqı bu qələbədə ordumuzun döyüş hünəri ilə bərabər, həm də dövlətin siyasi iradəsini, xalqın birliyini və milli mənəviyyatın sarsılmazlığını gördü.
Birinci vitse-prezidentin paylaşımı məzmun və üslub baxımından da milli birliyin, eləcə də vətənpərvərliyin nümunəsi idi. Onun “illər boyu bir çox soydaşımız Vətən həsrəti ilə yaşayıb” ifadəsi Qarabağ həsrətinin təkcə fiziki deyil, eyni zamanda, mənəvi iztirab olduğunu xatırladırdı. Bu sözlərdə bir xalqın keçmişinə, ağrılarına və ümidlərinə dərin hörmət duyulurdu.
Paylaşımın sonunda səslənən “Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!” cümləsi isə milli ideyanın və inamın ifadəsi kimi səslənirdi. Bu çağırış, eyni zamanda, Azərbaycan xalqının liderinə, ordusuna və müqəddəs Vətən anlayışına olan sədaqətin parlaq ifadəsi idi.
Xatırladaq ki, Mehriban xanım Əliyevanın fəaliyyətində hər zaman olduğu kimi, Vətən müharibəsi günlərində də insanlıq və mərhəmət ön planda idi. Bu dövrdə onun paylaşdığı mesajlar cəmiyyətdə ruh yüksəkliyi yaradır, xalqın həmrəyliyini möhkəmləndirirdi. Bu, sadəcə rəsmi bəyanat deyildi, eyni zamanda, xalqla birgə yaşanan hisslərin, çəkilən ağrıların və birgə qazanılan qələbənin ifadəsi idi.
Mehriban xanımın çıxış və paylaşımlarında dərin humanizm duyulur. O, hər bir əsgərin həyatına və sağlamlığına dua edir, bu da dövlət rəhbərliyinin insan amilinə verdiyi dəyəri açıq şəkildə göstərir. Hər bir döyüşçünün taleyinə bu qədər diqqət göstərmək isə dövlətin, hakimiyyətin və cəmiyyətin vəhdətini möhkəmləndirən əsas mənəvi dayaqlardan biridir.
Füzuli zəfəri kimi hərbi uğurlar, adətən, ordunun cəsarəti, güc-qüdrəti və dövlətin strateji planları ilə əlaqələndirilir. Lakin bu savaşın ideoloji cəbhəsində dövlətimizin başçısı ilə bərabər, Birinci vitse-prezidentin paylaşımları da xüsusi məna daşıyırdı. Onun çıxışlarında analıq duyğusu ilə vətən sevgisi birləşərək cəmiyyətin mənəvi sütunlarından birinə çevrildi. Hər bir paylaşımda təkcə informasiya yox, həm də səmimi hisslər diqqət çəkirdi. Məhz buna görə də bu mesajlar minlərlə insan tərəfindən paylaşılır, yüz minlərlə azərbaycanlının qəlbində ümid və inam işığına çevrilirdi.
Mehriban xanım Əliyevanın sözügedən paylaşımında “Bu, ədalətin təntənəsidir!” cümləsi, əslində, bütün müharibənin fəlsəfi mahiyyətini əks etdirirdi. 30 il ərzində Azərbaycanın beynəlxalq hüquq çərçivəsində səbir və diplomatiya yolu ilə bərpa etməyə çalışdığı ədalət, nəhayət ki, Azərbaycan Ordusunun şücaəti sayəsində reallığa çevrildi. Bu ədalət sərhədlərin bərpası ilə yanaşı, həm də milli ləyaqətin, tarixi yaddaşın və xalq ruhunun dirçəlişi idi. Füzuli şəhəri və Füzuli rayon kəndlərinin azad edilməsi də ədalətin qalib gəlməsindən, tarix qarşısında milli birliyin qələbə çalmasından xəbər verirdi.
***
Beləliklə, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəsmi sosial media paylaşımları Vətən savaşı günlərində informasiya müharibəsinin mühüm silahına çevrildi. Sözügedən qısa, lakonik və qətiyyətli paylaşımlar xalqın inamını daha da möhkəmlətdi, beynəlxalq ictimaiyyətin diqqətinə ölkəmizin ədalətli mövqeyini çatdırdı. 2020-ci il 18 oktyabr tarixli paylaşımları da əvvəlki uğur məlumatları kimi Azərbaycan ictimaiyyətində milli ruhun yüksəlməsinə, dövlətimizin diplomatik mövqelərinin möhkəmlənməsinə önəmli təsir göstərdi.
Xudafərin körpüsündə bayrağın ucaldılması və Füzulinin azadlığa qovuşması Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazıldı. Bu hadisələr xalqın milli ruhunun, dövlətin güc-qüdrətinin və Silahlı Qüvvələrin əzmkarlığının parlaq ifadəsinə çevrildi. Bu qələbələr, eyni zamanda, Azərbaycan xalqının ədalət, azadlıq və suverenlik uğrunda mübarizəsinin məntiqi nəticəsi idi.
V.BİNYATOĞLU
XQ