Bu marşrutla 9 ayda konteyner daşımaları 3 dəfə artıb
Cari ilin 9 ayında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə daşımaların həcmi 70 faiz artaraq 3,4 milyon tona çatıb. Qazaxıstanın nəqliyyat naziri Marat Karabayevin “APM Terminals Poti” şirkətinin baş direktoru Kristian Ryöder ilə keçirdiyi görüşdə, eyni zamanda, hesabat dövründə konteyner daşımalarının artdığını bildirib. Onun sözlərinə görə, bu ilin yanvar–sentyabr aylarında konteyner daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artaraq 34,6 min TEU-ya çatıb. Bu dövrdə Çindən konteynerlərin tranziti 20 dəfədən çox artıb.
Yeri gəlmişkən, bu məqamda Orta Dəhlizin respublikamız üçün mühüm önəm daşıdığını qeyd etmək istərdik. Xatırladaq ki, Rusiya–Ukrayna müharibəsi və Qərbin Moskvaya qarşı sanksiyaları Rusiyanın tranzit ölkə kimi, xüsusən də Avropa İttifaqı ilə Çin arasında quru əsaslı ticarət əlaqələrində səmərəliliyini məhdudlaşdırıb. Bu kontekstdə Orta Dəhliz dəmir yolu ticarəti üçün potensial alternativ marşrut kimi Çin, Aİ və daha geniş regionda şirkətlər və hökumətlərin diqqətini çəkməyi bacarıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının sözlərinə görə, Orta Dəhlizi bir dəyər zənciri də adlandırmaq olar. Amma daha geniş anlamda, bu dəhlizin üstünlükləri və əhatə coğrafiyası Türk Dövlətləri Təşkilatının əsas əlaqələndiricisi kimi çıxış etməyə zəmin yaradır. Dəhlizin trayektoriyası da onun 1 trilyon ABŞ dollarından çox ümumi daxil məhsula malik Türk dövlətlərini birləşdirən bir layihə olduğunu deməyə tam əsas verir.
Beləliklə, Çin–Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Asiyanı Avropa ilə birləşdirən marşrutdur. Regionda yaranmış münbit geosiyasi şəraitdə, Avropa və Asiya arasında ən qısa və rahat marşrut olan bu dəhlizə maraq getdikcə artır. Şimal dəhlizinə əsas alternativ olan Orta Dəhlizlə Çindən Avropaya 7 min kilometr məsafə qət etməklə daşınmalar mümkündür. Avropa ölkələri ilə Çin arasında illik ticarət dövriyyəsi 600 milyard dolların üzərindədir.
Azərbaycan Orta Dəhlizin potensial imkanlarını yüksək dəyərləndirərək infrastrukturun inkişafına mühüm töhfələr verməyi planlaşdırıb. Bu, “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”nda öz ifadəsini tapıb. Artıq Dövlət Gömrük Komitəsi bu dəhliz boyunca tranzit daşınmaların rəqəmsallaşdırılması və ümumi tranzit portalının yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsinə başlayıb. Bütün bunlar isə yaxın gələcəkdə dəhlizin potensialından daha səmərəli istifadəyə, daşınma həcminin artmasına, tranzit daşınmalarından daha çox gəlirin əldə olunmasına zəmin yaradıb.
Azərbaycanda beynəlxalq dəhlizlərin iş səmərəliliyini artırmaq məqsədilə indiyədək genişmiqyaslı layihələr reallaşdırılıb. Məsələn, infrastruktur təminatını yüksəltmək üçün son 20 ildə 19 min kilometr avtomobil, 1400 kilometr dəmir yolu tikilib və yaxud əsaslı təmir edilib. Bundan başqa 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük, 18 təyyarə ilə regionda ən böyük mülki hava yük donanması yaradılıb, 8 beynəlxalq hava limanı istifadəyə verilib. Azərbaycanın regionda ən böyük gəmiqayırma zavoduna malik olması və Bakı gəmiqayırma zavodunun bütün növ gəmiləri istehsal edə bilməsi ilə respublikamızın transit imkanları genişlənib. Ələtdə yaradılan terminalda isə böyük həcmdə yüklərin daşınması, qəbulu və yola salınması üçün davamlı işlər aparılıb və gələcəkdə bu infrastrukturun daha da güclənməsi məqsədilə yeni layihələrin reallaşdırılması nəzərdə tutulub.
Dünya Bankı ekspertlərinin hazırladıqları hesabatda Orta Dəhlizlə daşımaları daha da artırmaq üçün bu infrastrukturdan istifadə etməyə maraqlı olan ölkələrin üzərinə bir sıra vəzifələr düşdüyü bildirilir. Həmin hesabatda dəhlizin inkişafını zəruri edən koordinasiya və vahid idarəçiliyin yaradılması, müxtəlif ölkələrin dəmir yolu nəqliyyatı operatorlarının qarşılıqlı əlaqədə olduğu sərhəd-keçid məntəqələrində gecikmələrin aradan qaldırılması, tərəflərin istifadə etdiyi müasir informasiya texnologiyaları həllərinin vahidliyinin və inteqrasiyasının qurulması kimi məsələlərin həllinin zəruriliyi vurğulanır.